Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-293/2024 29.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ24660114 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ24660114 nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X2 izahatında bildirmişdir ki, fotoşəkillərdə qeyd edilmiş avtomobilin ona məxsus olub-olmamasını müəyyən etmək mümkün deyil. Belə ki, fotoşəkil uzaq məsafədən çəkilmiş və yolda ayırıcı xəttin üzərinə çıxaraq ötmə əməliyyatı edən avtomobilin dövlət qeydiyyat nömrəsini müəyyən etmək mümkün deyil. Qərarından şikayət verilən DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştrakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, X2 barəsində xx.xx.2024-cü il tarixdə EQ 24660114 elektron qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.6. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Məhkəmə araşdırması zamanı xx.xx.2024-cü il tarixli EQ24660114 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş fotoşəkillərə baxış keçirilmişdir. Baxış zamanı yol-hərəkət qaydasının pozuntusuna yol vermiş avtomobilin markası və dövlət qeydiyyat nişanını müəyyən etmək mümkün deyil. Halbuki, ayırıcı xəttin üzərinə çıxmış avtomobilin həmin nöqtədə yaxınlaşdırılmış şəkli protokola əlavə edilməli idi. Bununla da, məhkəmə inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ24660114 nömrəli elektron qərarda aradan qaldırılması mümkün olmayan ziddiyyətli halları müəyyən etmişdir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXMnin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bu səbəbdən də iş üzrə inzibati xəta hadisəsinin olub-olmamsını araşdırılmalı, bununla da iş üzrə əhəmiyyət kəsb edən sübutun səlahiyyətli orqan tərəfindən toplanılması üçün qərar ləğv edilməli və həmin inzibati xəta haqqında işə qeyd edilən sübutlar toplanılmaqla səlahiyyətli orqanda yenidən baxılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24660114 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə DİN Baş Dövlət Yol Polisi İdarəsində yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-293/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-293/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver