Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-305/2024 17.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul rayonu Ələtli kəndində qeydiyyatda olmaqla yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İXM-nin 272.3-cü və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibatı xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 xx.xx.2024-cü ildə saat 10 radələrində Hacıqabul rayonu Ələtli kəndində ov qaydalarını kobud şəkildə pozaraq ov üçün nəzərdə tutulmayan yerdə, eyni zamanda ov üçün icazəsi olmadan qanunsuz ovla məşğul olmuş, həmçinin mülki silahın və ya onun üçün döyüş sursatının saxlanması, daşıması qaydalarını pozmaqla 1 ədəd dovşan ovlamışdır. Bununla da, X3 barəsində Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan X3 izahatında göstərmişdir ki, protokolla tanışdır və özünü İXM-nin 272.3-cü və 590.2-ci maddələri ilə tam təqsirli bilir. Belə ki, onun ovla məşğul olması üçün qanunla müəyyən edilmiş icazəsi yoxdur. Buna baxmayaraq o, xx.xx.2024-cü il tarixdə tanışı Pərvizlə birlikdə mərhum babasından qalmış 1 ədəd 1952-ci il istehsalı olan 16 kalibrli qoşa lüləli ov tüfəngini götürüb ov etmək məqsədilə Ələtli kəndinə getmişlər. Həmin vaxt o, yalnız 1 ədəd çöl dovşanı ovlaya bilmişdir. Pərviz isə 10 ədəd göyərçin və 2 ədəd turac ovlamışdır. Ovlarını yığıb evə getmək istəyən zaman polis əməkdaşları onlara yaxınlaşmış və şöbəyə dəvət etmişlər. Şöbədə izahatları alınıb baxış keçirildikdən sonra protokol tərtib edilmişdir. Verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, onun ovçuluq hüququ, eyni zamanda məhrum babasına məxsus olmuş ov tüfəngin qeydiyyat sənədi yoxdur, tüfəngi isə şöbəyə təhvil vermişdir. Hazırda törətdiyi əməldən peşmandır və barəsində yüngül həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Hacıqabul rayon X5 Bölməsinin təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü və 590.2-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2024cü il tarixli protokoldan müəyyən edilir ki, Hacıqabul rayonu Xilə kənd sakini X1 inzibati xətanın predmeti olan 1 ədəd 1952-ci il istehsalı olan, BUM markalı, qoşa lüləli, 16 kalibrli, üzərində Ю29412 nömrəsi olan ov silahı müvəqqəti saxlanılması üçün Hacıqabul RPŞ-nin müvəqqəti saxlanc yerinə təhvil verilmişdir. Silahın fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, 1 ədəd 1952-ci il istehsalı olan, BUM markalı, qoşa lüləli, 16 kalibrli, üzərində Ю29412 nömrəsi olan ov silahı Azərbaycan Respublikası DİN BƏSİİ-nin və RF DİN-nin Baş İnformasiya analitik mərkəzində talanmış və ya itirilmiş silahların uçotu üzrə müəyyən edilməmişdir. İş materiallarında olan aktdan müəyyən edilir ki, xətanın bilavasitə obyekti olmuş ovlanmış 10 ədəd göyərçin, 2 ədəd turac və 1 ədəd dovşan yararsız olduğu üçün akt tərtib edilərək məhv edilmiş, ovlanmış heyvan və quşların fotoşəkilləri işə əlavə edilmişdir. İş materiallarında olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş cədvəldən müəyyən edilir ki, 1 ədəd dovşanın ovlanması nəticəsində X3 tərəfindən təbiətə 11 manat məbləğində ziyan vurulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, X3 ondan götürülmüş 1 ədəd 1952-ci il istehsalı olan, BUM markalı, qoşa lüləli 16 kalibrli, üzərində Ю29412 nömrəli yazısı olan yivsiz qoşalüləli ov tüfəngini qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan saxlamış, eyni zamanda həmin ov tüfəngindən istifadə edərək müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan və qanunla qadağan edilmiş yerdə 1 ədəd çöl dovşanını ovlayaraq təbiətə 11 manat ziyan vurmuşdur. Xətanın predmeti olan ov tüfəngi hazırda Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən götürülərək müvəqqəti saxlanc yerində saxlanılır və xətanın obyekti olan çöl dovşanı isə insan istehlakına yararsız hesab edildiyindən məhv edilmişdir. Belə ki, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ovçuluq – dedikdə, quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü başa düşülür. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ovçular cəmiyyətləri ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada iştirak edirlər. 12-ci maddəyə əsasən Ovçuluq fəaliyyəti Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə görə xidməti və mülki silahın dövriyyəsi bu Qanuna müvafiq olaraq həyata keçirilir. Həmin maddənin 2-ci hissəsinə görə xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan digər sənədlərlə X2 lazımi icazə olmadan və qadağan edilmiş yerdə ov etməsi, həmçinin mülki silahın və ya onun üçün döyüş sursatının saxlanması, daşıması qaydalarını pozmasını, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə tərəfindən X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokoldan müəyyən edildiyi kimi X3 barəsində İXM-nin 272.3 və 590.2-ci maddələri ilə tərtib edilmişdir. Məhkəmə qeyd olunan xətaların eyni vaxtda törədilməsini nəzərə alaraq hesab edir ki, həmin xətalara görə başlanmış icraat bir icraatda baxılmalı və ona İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla tənbeh tədbiri təyin edilməldir. Göstərilənlərə əsasən məhkəmə, X2 təqsirinin dərəcəsini, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 272.3 və 590.2-ci maddələri ilə təqsirli bilinməli, ona İXM-nin 272.3-cü maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2016-cı il tarixli 283 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası”nın 1-ci bəndinə görə 1.1. Bu Qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının (bundan sonra - silah və ya döyüş sursatı) inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydasını müəyyən edir. 1.2. Silahın və ya döyüş sursatının götürülməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq həyata keçirilir. 1.3. İnzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs götürülmüş silahı və ya döyüş sursatını bu Qaydaya uyğun olaraq saxlanılmağa verənədək onun mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirlər görür. 1.4. Götürülmüş silahın və ya döyüş sursatının mənimsənil-məsi, özgəninkiləşdirilməsi, dəyişdirilməsi, xidməti və digər qanunsuz məqsədlərlə istifadə olunması qadağandır və qanun-vericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 1.5. İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah və ya döyüş sursatı inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə müvafiq qərarı qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən götürülmüş silah və ya döyüş sursatı barədə məsələlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda həll olunur. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında silahın və ya döyüş sursatının müsadirə edilməsi nəzərdə tutulduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada onların dövlət mülkiyyətinə verilməsi həyata keçirilir. Həmin Qaydanın 4.5-ci bəndinə əsasən götürülmüş silah və ya döyüş sursatı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatına aid olduqda, dövlət mülkiyyətinə keçirilməsi və ya məhv edilməsi üçün onlar üzərində sərəncamvermə səlahiyyəti olan aidiyyəti dövlət orqanlarına təhvil verilir. Azərbaycan Respublikası İXM-nin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, X3 oğlundan aşkar edilərək götürülmüş və hazırda Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd 1952-ci il istehsalı olan, BUM markalı, qoşa lüləli 16 kalibrli, üzərində Ю29412 nömrəsi olan ov silahı müsadirə edilərək dövlət mülkiyyətinə verilməlidir. İnzibati xətanın obyekti olmuş 11 manat dəyərində bir ədəd çöl dovşanının məhv edilməsi nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İş materiallarından olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məktubu və ona əlavə edilmiş cədvəldən müəyyən edilir ki, inzibati xətanın obyekti olmuş 1 ədəd çöl dovşanının qiyməti 11 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs X1 11 (on bir) AZN məbləğində dəymiş maddi zərər tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə təyin edilsin. İnzibati xəta törətmiş şəxs X1 11 (on bir) AZN məbləğində dəymiş maddi zərər tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (hesabına köçürülsün) xeyrinə ödənilsin. X3 tərəfindən inzibati xətanın törədilməsi zamanı istifadə olunan və hazırda Hacıqabul rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan - 1 ədəd 1952-ci il istehsalı olan, BUM markalı, qoşa lüləli 16 kalibrli, üzərində Ю29412 nömrəsi olan ov silahı müsadirə edilərək dövlət mülkiyyətinə verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-305/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-305/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver