Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-306/2024 11.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul rayonu Xilə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü ildə saat 10 radələrində Hacıqabul rayonu Ələtli kəndində ov qaydalarını kobud şəkildə pozaraq ov üçün nəzərdə tutulmayan yerdə ov üçün icazəsi olmadan qanunsuz ovla məşğul olmuş, həmçinin mülki silahın və ya onun üçün döyüş sursatının saxlanması, daşıması qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 272.3-cü və 590.2-ci maddələri ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, ov etməsinə icazə verən sənədi yoxdur. 10 ədəd göyərçin və 2 ədəd turac ovlamışdır. Ovçuluq hüququ və ov etdiyi silahın icazə sənədi yoxdur. Törətdiyi əməlindən peşmandır. Odur ki, bunları nəzərə alaraq, barəsində yüngül həddə cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Hacıqabul rayon X2 Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü və 590.2-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Eyni zamanda qərardan görünür ki, Tural Namazov tərəfindən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İdarəsinə verilmiş müvafiq sorğuya əsasən, 10 ədəd göyərçin və iki ədəd turacın ovlanması nəticəsində Şəxs tərəfindən təbiətə 715 manat məbləğində ziyan vurulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Şəxs götürülmüş 1 ədəd 1964-cü il istehsalı olan, BUM markalı, qoşa lüləli 16 kalibrli, üzərində 172355 nömrəli yazısı olan ov silahını qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Şəxs həmin silahı saxlamaq üçün müvafiq icra hakimiyyətindən müvafiq icazəsi olmamışdır. Həmin ov silahı ondan aşkar edilərək götürülmüş və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılır. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs lazımi icazə olmadan və qadağan edilmiş yerdə ov etməsi, həmçinin mülki silahın və ya onun üçün döyüş sursatının saxlanması, daşıması qaydalarını pozmasını, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Şəxs təqsirinin dərəcəsini, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, törədilən inzibati xətaların hər biri eyni vaxtda törədilmiş və bu səbəbdən Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Şəxs tərəfindən törədilmiş inzibati xəta nəticəsində təbiətə 715 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə hesab edir ki, vurulmuş zərərlə bağlı mübahisə olmadığı üçün təbiətə törədilmiş inzibati xəta nəticəsində təbiətə vurulmuş 715 manat ziyanın əvəzi ondan dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası İXM-in 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 115.4.1-ci maddəsinə əsasən dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə predmeti olan ov silahı müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilməklə, təbiətə vurmuş olduğu 715 manat pul dövlət nəfinə ondan tutulsun. Şəxs tərəfindən inzibati xətanın törədilməsi zamanı istifadə olunan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd 1964-cü il istehsalı olan, BUM markalı, qoşa lüləli, 16 kalibrli, üzərində 172355 nömrəli yazısı olan ov silahı müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-306/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-306/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver