Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-308/2021 29.09.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, məhkəmə iclas katib Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-də sürücü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Füzuli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 09.09.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs 08.09.2021-ci il tarixdə saat 22:10 radələrində "xxxx" MMC-yə məxsus olan MAN TGS 41400 8X4 BBWW yük markalı ** JT *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Xocavənd rayonuna gedərkən, Füzuli rayonu Dədəli kəndi ərazisində Füzuli rayon Polis şöbəsinin post-patrul əməkdaşları tərəfindən saxlanılan zaman nəfəsindən spirtli içki qoxusu gəldiyindən həkim müayinəsinə təqdim olunmuş, onun avtomobili sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Füzuli rayon X3 Patrul Xidmətinin baş inspektru polis kapitanı X1 tərəfindən 09.09.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və 13.09.2021-ci il tarixli məktubla protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Material 22.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmədi və izahatında bildirdi ki, o, 08.09.2021-ci il tarixdə saat 22:10 radələrində idarə etdiyi "xxxx" MMC-yə məxsus olan MAN TGS 41400 8X4 BBWW yük markalı ** JT *** dövlət nömrə nişanlı avtomobili ilə Xocavənd rayonuna yanacaq aparan zaman, Füzuli rayonu Dədəli kəndi ərazisində Füzuli rayon Polis şöbəsinin post-patrul əməkdaşları əməkdaşları tərəfindən saxlanılmış və ondan spirtli içki qəbul edib-etməməsini soruşdular. O, gecə olduğuna görə yatmamaq üçün yorğunluğu götürən GO adlı enerji içkisi içdiyini polis əməkdaşlarına bildirmişdir. O, avtomobili idarə edərkən sərxoş olmamışdır. Polis əməkdaşları alkotester vasitəsi ilə onun nəfəsini yoxlamışlar və yüngül sərxoş olduğunu bildirərək, barəsində protokol tərtib etmişlər. Hesab edir ki, protokol düzgün tərtib edilməmişdir. Odur ki, barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Füzuli rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, Füzuli rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq protokol tərtib etmiş Füzuli rayon Polis Şöbəsinin səlahiyyəli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına və inzibati xəta hadisəsi olmadığına görə onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Füzuli rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş 08.09.2021-ci il tarixli 475 nömrəli aktda göstərilmişdir ki, 1981-ci il təvəllüdlü Şəxs 08.09.2021-ci il tarixdə saat 22:30-a həkim Şəmsəddin Rüstəmov tərəfindən müayinə olunmuşdur. Onun ağzından spirt iyi gəldiyi qeyd edilmişdir. Sərxoşluq vəziyyəti vardır 0,17 promildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalırı”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Hazırkı iş üzrə barəsində inzibati icraat aparılan şəxsin alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilməli olduğu halda, Şəxs poliklinikanın həkim-narkoloqu tərəfindən deyil, həkim Şəmsəddin Rüstəmov tərəfindən müayinə olunduğu qeyd edilmişdir. Şəmsəddin Rüstəmovun hansı ixtisas üzrə həkim olması və sərxoşluq vəziyyətinin hansı texniki vasitə ilə yoxlanması göstərilməmişdir. Həmçinin aktda Şəxs qanda alkoqolun konsentrasiyasının 0,17 promili olması göstərilmişdir. Bu nəticəyə ağzından spirt iyi gəlməsi qeyd olunmaqla gəlinmişdir. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalırı”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs alkoqolun konsentrasiyasının 0,17 promili olması halında belə o, sərxoş hesab edilə bilməz. Çünki, şəxsin spirtli içkiləri qəbul etməsi zamanı sərxoş hesab edilməsi üçün xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli olması tələb olunur. Hazırkı halda bu göstərici mövcud deyildir. Bundan başqa, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olduğu halda, bu təmin edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Çünki, İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 69.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. 69.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. Heç bir mötəbər sübut olmadan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair gəlinmiş nəticə əsassız və qanunsuzdur. Çünki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur, həmçinin inzibati xəta hadisəsi yoxdur. Bu səbəbdən onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-308/2021
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-308/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver