Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-308/2025 05.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonunun Aşqallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə vəzifəsində çalışan, Beyləqan rayonu Aşıqalılar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul Rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 protokolun məzmununa uyğun çıxış edərək izahatında bildirdi ki, Şəxs 4 noyabr 2025-ci il tarixdə yol-patrul xidmətinin əməkdaşlarının avtomobili saxla əmrinə tabe olmamış, səs-küy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, qanuni tələblərə tabe olmamışdır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı şəhərində daş ustası işləyir. Hadisə baş verdiyi gün işdən çıxıb Beyləqan rayonuna getdiyini bildirmişdir. Nəvahı qəsəbəsində yerləşən yol-patrul xidmətinin stasionar postunun ərazisində yol-patrul xidmətinin əməkdaşlarının avtomobili saxla əmrinə tabe olmamış, qapını bağlayaraq avtomobilin açarlarını verməkdən imtina etmişdir. Bundan sonra göstərişlərə tabe olmayaraq stasionar postun ərazisini tərk etməyə cəhd göstərərkən yol-patrul xidmətinin əməkdaşları onun kəmərindən tutaraq, xidməti avtomobilə mindirərək Hacıqabul RPŞ-nə aparmış və orada yazılı izahatını almışdırlar. Hazırda törətdiyi əməli etiraf etmişdir və peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ YPX-nin inspektoru polis serjantı X4 izahatında bildirmişdir ki, X5 ilə birlikdə Navahi qəsəbəsində yerləşən 720 saylı stasionar postda xidmətdə olmuşdur. Onlara Şəxs idarə etdiyi avtomobillə əməkdaşlara qarşı tabesizlik göstərməsi barədə məlumat daxil olmuşdur. Həmin sürücü onlar tərəfindən saxlanılaraq tabesizlik göstərməsinin səbəbləri soruşulmuşdur. Şəxs yol-patrul xidmətinin əməkdaşları tərəfindən edilmiş saxla işarəsini görmədiyini bildirmişdir. Şəxs avtomobili saxladıqdan sonra avtomobilin konstruksiyasında dəyişiklik və qanunsuz əlavələr aşkar olunmuşdur. Sürücüyə avtomobilin duracağa təmin ediləcəyi bildirilmişdir. Sürücü bununla razılaşmayaraq avtomobilin açarını verməkdən imtina etmiş və postun ərazisini özbaşına tərk etməyə çalışmışdır. Həmin vaxt onlar Şəxs qanunsuz əməllərinin qarşısını almaq məqsədilə onun əynindəki şalvarın kəmərindən tutaraq xidməti avtomobilə əyləşdirmiş və Hacıqabul RPŞ-nin inzibati binasına gətirmişlər. Orada Şəxs yazılı izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində şahid YPX-nin polis serjantı X2 ifadəsində göstərdiyi xüsusatları təsdiqləmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 01:15-də tutulmuşdur. “İnzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən etiraz etmişdir. İş materiallarında olan 01 ədəd “CD” diskdən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yol-patrul xidmətinin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Təhqir və söyüşdən istifadə etmədən səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs polis əməkdaşları tərəfindən tutularkən eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 01:15-dən hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-308/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-308/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver