Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-318/2025 10.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş 03 noyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən 20000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 10 oktyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 11 oktyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Şəxs xx.xx.2025 -ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 3(071)-318/2025 saylı iş üzrə "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol yanlışlıqla tərtib olunmuşdur. Belə ki, təqdim olunan gömrük bəyannaməsindəki mallar Azərbaycan Respublikasının ərazisinə qanunla müəyyən edilmiş müddətdə daxil olsa da, Dövlət Gömrük Komitəsinin yanlış sifariş nömrəsi təqdim etməsi nəticəsində malın ölkə sərhəddin keçməməsi ilə bağlı düzgün olmayan məlumat verilmişdir. Yaxın günlərdə bununla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən zəruri məlumatlar məhkəməyə təqdim ediləcəkdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, təqdim edilmiş **********7953 saylı yük gömrük bəyannaməsinə (YGB) münasibətdə təqdim edilən bəyannaməni müvafiq malların idxalını təsdiq edən sənəd kimi qəbul edilməsi uyğun hesab edilmişdir, Bu səbəbdən də iş üzrə icraata xitam verilməsinə etiraz edilməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 20000.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. Şəxs MMC ilə “Protas” şirkəti arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, tərəflər arasında ümumi dəyəri 57000,00 ABŞ dolları olan müqavilə bağlanılmışdır. Şəxs MMC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, sözügedən avans köçürəsi ilə bağlı köçürülmüş vəsait ölkə ərazisinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs MMC xaricə köçürülən 20000.00 ABŞ dolları vəsaitin əvəzində ölkəyə mal idxal etmişdir. Sadəcə olaraq **********7953 nömrəli YGB-də yanlışlıqla ödəmə şərti 120 olaraq göstərilmişdir. Şəxs MMC-nin Baş Gömrük İdarəsinə müraciətindən sonra sözügedən yanlışlıq aradan qaldırılmış və ödəmə şərti **********953 saylı yük gömrük bəyannaməsinə (YGB) 110 olaraq qeyd edilmişdir. Bundan sonra Mərkəzi Bank sözügedən düzəliş olunmuş bəyannaməni müvafiq malların idxalını təsdiq edən sənəd kimi qəbul edilməsi uyğun hesab etmiş və Şəxs MMC barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsinə etiraz etməmişdir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, valyuta tənzimi haqqında qanunvericiliyin əsas məqsədi olan ölkədən valyuta axınının qarşısının alınması və iqtisadi dövriyyənin təmin edilməsi prinsipi pozulmamışdır. Xaricə köçürülən vəsaitin əvəzində ya mal idxal edilməli, ya da vəsaitin özü geri qayıtmalıdır. Hazırkı işdə, birbaşa olaraq həmin mallar ölkəyə idxal edilmişdir və dövlətin valyuta maraqlarına heç bir zərər dəyməmişdir. Yuxarıda göstərilən faktiki və hüquqi əsasların məcmusunu qiymətləndirərək, məhkəmə bu qənaətə gəlir ki, Şəxs MMC tərəfindən həyata keçirilən əməliyyat ölkənin iqtisadi maraqlarına zərər vurmamış, ödəmə şərti bəyannamədə yanlış göstərilmişdir və bu əməldə şirkətin təqsiri olmamışdır. Buna görə də, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir. Məhz bu səbəbdən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 462-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib edilmiş 03 noyabr 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-318/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-318/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver