Məhkəmə qərarları › İş №3(071)-325/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-325/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-325/2021 27.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Salyan rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Hacıqabul rayonu Nəvahi kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Şirvan Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayonu Nəvahi kənd bələdiyyəsinin sədri Əsgərova X1 rayonu Nəvahi kənd bələdiyyəsinin 18.01.2021-ci il tarixli 01 nömrəli; 16.02.2021-ci il tarixli 02 nömrəli; 18.03.2021-ci il tarixli 03 nömrəli; 20.04.2021-ci il tarixli 04 nömrəli; 21.05.2021-ci il tarixli 05 nömrəli; 03.06.2021-ci il tarixli 06 nömrəli; 23.07.2021-cil tarixli 07 nömrəli və 25.08.2021-ci il tarixli 08 nömrəli iclas protokolları üzrə qəbul edilmiş aktları qanunvericilikdə nəzərdə tutulmuş 5 iş günü müddətdə inzibati nəzarəti həyata keçirən orqana təqdim etməmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şirvan Regional Ədliyyə İdarəsinin böyük məsləhətçisi X2 tərəfindən 23.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və 23.09.2021-ci il tarixli məktubla protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Material 12.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-in 549.2-ci-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmədi və izahatında bildirdi ki, həmin müddət ərzində xəstə olduğundan üzürlü səbəblərdən bələdiyyənin 2021-ci il üçün 01, 02, 03, 04, 05, 06, 07 və 08 saylı iclas protokollarını Şirvan Regional Ədliyyə İdarəsinə vaxtında təqdim etməmişdir. O, bir daha bələdiyyə rəhbərliyi tərəfindən belə nöqsanlara yol verilməyəcəyi və eyni zamanda bələdiyyənin mütləq təqdim olunmalı aktları qanunla müəyyən edilmiş müddət ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim olunacağını göstərərək, barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Şirvan Regional Ədliyyə İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, Şirvan Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq protokol tərtib etmiş Şirvan Regional Ədliyyə İdarəsinin səlahiyyəli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Şəxs inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün Şirvan Regional Ədliyyə İdarəsinə verdiyi 26.08.2021-ci il tarixli izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati cərimənin məbləğini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar