Məhkəmə qərarları › İş №3(071)-326/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-326/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-326/2024 23.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, zərər çəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 327.6 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, xx.xx.2024cü il tarixdə saat 11:33 radələrində Hacıqabul rayon Meniman kəndi ərazisində “Mercedes Benz E320” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 idarə etdiyi "Qaz 31105" markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı “Mercedes Benz E320” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 327.6 və 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 izahatında bildirdi ki, məlumat yol-nəqliyyat hadisəsi kimi daxil olmuşdur. Şəxs avtomobil ustasıdır. Müştərinin avtomobilini məlumatsız götürərək idarə etmiş və hadisə törətmişir. Həmin hadisə Hacıqabul rayon Meyniman kəndi ərazisində olmuşdur. Tərəflər arasında barışıq əldə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, maşın müştərisinə məxsusdur. Özü avtomobil ustasıdır. Avtomobili düzəldib, sürüb saxlamaq istəyərkən yolda hadisə olmuşdur. Əməlindən peşmandır. Dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, avtomobil sürətlə gəlirdi. O, hadisədən yayına bilməmişdir. 1400 manat ona ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs X1 Hacıqabul RPŞ-nin DYPB-nə verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:33 radələrində idarə etdiyi "Qaz 31105" markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Talış kəndi ərazisində hərəkətdə olarkən “Mercedes Benz E320" markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxaraq onun hərəkətdə olduğu yolda avtomobili ilə toqquşdu. Hər iki avtomobilə maddi ziyan dəydi və onlar yol nəqliyyat hadisəsi yerini polisə məlumat vermədən tərk etmişdirlər. Hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuş və heç bir bədən xəsarəti almamıdır. Hadisə nəticəsində idarə etdiyi “Qaz 31105” markalı **-XP-*** avtomobilin ön hissəsi bütöv əzilmiş və ön işıqları sınmışdır. “Mercedes Benz E320markali, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsi əzilib, ön sağ işığı sınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Hacıqabul RPŞ-nin DYPB-nə verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:33 dəqiqədə nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi "Mercedes Benz E320” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Talış kəndi ərazisində hərəkətdə olarkən “Qaz 31105” marka **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yolda onunla toqquşdu. Hər iki avtomobilə maddi ziyan dəydi. Avtomobil Hacıqabul rayonu, Axtaçı-Şirvan kənd sakini X2 məxsusdur. Gülhəsən Həsənov avtomobili ona təmir etmək üçün vermişdi və hadisə başverən zaman yanında olmayıb. Avtomobili idarə etməyə sürücülük hüququ və etibarnaməsi olmadığından polisə məlumat vermədən yol nəqliyyat hadisəsi yerini tərk etmişdirlər. Hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuş heç bir bədən xəsarəti almamışdır. Hadisə nəticəsində idarə etdiyi Gülhəsən Həsənova məxsus "Mercedes Benz E320" markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsi əzilib, ön sağ işığı sınıb. "Qaz 31105" markalı **-XP-*** avtomobilin ön hissəsi bütöv əzildi və ön isiqları sınmışdır. “Avtomotoservis və ticarət Müəssisəsi” tərəfindən verilmiş qüsur aktından görünür ki, "Qaz 31105" markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1395 manat zərər dəymişdir. “X4” PHŞ TTTYŞ-nin tərəfindən xx.xx.2024-cü il tarixdə saat 17:20-də verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 321 saylı tibbi müayinə protokolunda göstərilir ki, xx.xx.2002-ci il təvəllüdlü Şəxs müayinə olunan zaman onun spirtli içki qəbul etmədiyi (ayıq olduğu) məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və 32.1.7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 327.2, 327.6 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2, 327.6 və 332.1-ci maddələrində ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar