Məhkəmə qərarları › İş №3(071)-330/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-330/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-330/2025 21.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 və DİN-nin Baş X11 İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımının polis serjantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Qobustan rayonu Nabur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510, 535.1, 511.1.3, 327.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası DİN-nin Hacıqabul Rayon Polis Şöbəsi və Baş X11 İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 21 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli, həmçinin Azərbaycan Respublikasının İXM-nin 511.1.3, 327.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Baş X11 İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımı tərəfindən tərtib edilmiş 20 noyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə daxil olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)-331/2025 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3, 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(071)-331/2025 nömrəli iş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(071)- 330/2025 nömrəli işə birləşdirilməsi və həmin işlərə 3(071)-330/2025 nömrə ilə bir icraatda baxılması qərara alınmışdır. Hacıqabul Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 21 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə gecə saatlarında Hacıqabul rayonu Nəvahi qəsəbəsində nəzarət postunda qanuni göstərişlərə qəsdən tabe olmayaraq, həmçinin səs-küy salaraq ictimai qaydaları pozmuşdur. Nəticədə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımının polis serjantı X5 tərəfindən tərtib edilmiş 20 noyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində “Hyundai Elantra” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına (327.1), müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə (327.3), həmçinin mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə (511.1.3) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə gecə saatlarında Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən nəzarət postunda qanuni göstərişlərə qəsdən tabe olmayaraq, həmçinin səs-küy salaraq ictimai qaydaları pozmuşdur. Belə ki, Şəxs əvvəlcə Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən YPX postunda dəfələrlə “saxla” əmri verilmiş, lakin sonuncu bu əmrə tabe olmamış, bundan sonra Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən YPX postu tərəfindən Bakı şəhəri Qaradağ rayonunda yerləşən YPX postuna bu barədə məlumat verilmişdir. Daha sonra Şəxs həmin posta Yol Patrul Xidməti Alayının “saxla” əmrinə bir daha tabe olmamış, öz hərəkətinə davam etmişdir. Buna baxmayaraq, süni tıxac yaradılaraq şəxsin saxlanılması təmin edilmişdir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşan yol polisi inspektorları sonuncuya dəfələrlə idarə etdiyi nəqliyyat vasitəsində düşməsini tələb etsə də, şəxs avtomobilin qapılarını kilidli saxlamışdır. Bundan sonra, yol polisi inspektorları məcburiyyət qarşısında qalıb şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq və qapıları açaraq Şəxs avtomobili tərk etməsinə fiziki qüvvə tətbiq etməklə nail olmuş, yalnız bundan sonra şəxs Hacıqabul Rayon Polis Şöbəsinin İTB-yə təhvil verilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 510, 535.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü barəsində tərtib edilmiş protokollar üzrə təqsirli bilərək izahatında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda fərdi əməklə məşğul olur. O, xx.xx.2025-ci il tarixdə saat 21 radələlərində Hacıqabul rayonu Nəvai qəsəbəsində stasionar posta “rent a car” məxsus “Hyundai Elantra” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaxınlaşarkən polis əməkdaşları nəzarət yoxlama məqsədilə saxladıqlarında maşını saxlamışdır. Daha sonra avtomobili hərəkət etdirərək Qaradağ postuna kimi idarə etmişdir. Qaradağ postunda polis əməkdaşları avtomobilə saxla əmri verərək maşını saxladıb, özlərini təqdim etdikdən sonra onun özünü təqdim etməsini tələb etsələr də, o, avtomobili yenidən hərəkət etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hərəkətinə davam etmişdir. Qaradağ rayonu ərazisində avtomobili saxlatdıqları zaman aralarında sözlü mübahisə baş vermiş və polis əməkdaşları onu avtomobildən düşürmək üçün fiziki qüvvə tətbiq edərək avtomobilin sağ yan tərəfdə yerləşən şüşəsini sındıraraq onu maşından endirmişlər. Daha sonra onu Hacıqabul rayonu ərazisində yerləşən Nəvahi postuna gətirib avtomobili dayanacağa yerləşdirdikdən sonra Hacıqabul RPŞ-yə gətirmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsini saxlamamasının əsas səbəbi həmin vaxt avtomobildə olan anasının xəstə olması, özünü yaxşı hiss etməməsi olmuş, anasını dərhal tibb məntəqəsinə çatdırmaq üçün Yol Patrul Xidməti inspektorlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsinin sonunda törətdiyi əməldən səmimi peşmaçılıq çəkməsini, həmin hadisəni anasının xəstə olması və tibb məntəqəsinə daha tez çatdırmaq istəməsi ilə əlaqədar törətməsini, eyni zamanda “Vətən Müharibəsi” iştirakçısı olmasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində tənbeh tədbiri seçilən zaman cəzasını yüngülləşdirən hal kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımının polis serjantı X5 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə 720 saylı stasional postun qarşısında BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın 7-ci tağımının YPXİ-nin inspektoru baş serjantı Nəhmədov Bilal ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul ilə xidməti ərazidə xidmətdə olarkən “Hyundai Elantra” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəzarət yoxlama məqsədilə verilmiş saxla əmrinə tabe olmayaraq maşını saxlamadan oradan uzaqlaşmışdır. Avtomobilin sürücüsü özünü şübhəli apardığı üçün həmin avtomobili təqib edərək, Qaradağ rayonu ərazisində yerləşən YPX-nin stasionar postuna məlumat verdikdən sonra şəxsə dəfələrlə saxla əmri versələr də, şəxs qanuni tələblərə əməl etməyərək avtomobili yüksək sürətlə idarə etməyə davam etmişdir. Qaradağ rayonu ərazisində yerləşən YPX-nin stasionar postunda yenidən avtomobilin sürücüsünə “saxla” əmri verildikdə sürücü avtomobili saxlamayaraq hərəkətini davam etdirmişdir. Qaradağ rayonu ərazisində yenidən verilmiş “saxla” əmrindən sonra sürücü avtomobili saxlamış, sürücüyə yaxınlaşarkən avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmışdır. Qaradağ rayonu ərazisində maşını süni tıxac yaradaraq saxladıb, sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra şəxsin özünü təqdim etməsini bildirsələr də, şəxs maşının kilidini bağlı saxlayaraq özünü təqdim etməkdən imtina etmişdir. Bu zaman şəxs maşının qapısını açaraq üzərilərinə gəlmək istədikdə YPX-nin inspektoru Nəhmədov Bilalın əli maşının qapı aralığında qalmış və maşının sol tərəfdə yerləşən yan şüşəsini sındırmış, əməkdaş sağ əlinin “baş və sağ 2-ci barmağın kəsilmiş yarası xəsarəti” almışdır. Avtomobilin sürücüsünü digər polis əməkdaşlarının köməkliyi ilə saxladıqdan sonra barəsində qanuni tədbir görülməsi üçün avtomobili Nəvahi qəsəbəsində yerləşən stasionar posta yerləşdirərək şəxsin özünü Hacıqabul RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Növbətçi Hissədə olarkən şəxsin Qobustan rayonu Nabur kəndində yaşayan Şəxs olması müəyyən edilmişdir. Verilmiş suallara əsasən bildirmişdir ki, Bilal öz ehtiyatsızlığı ilə bağlı xəsarət almış və Şəxs zor tətbiqi ilə bağlı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımının polis serjantı X6 ifadəsində digər şahid X3 ifadəsinə oxşar məzmunda çıxış edərək qeyd olunan xüsusatları təsdiq etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs idarə etdiyi nəqliyyat vasitəsində düşməsini təmin etmək üçün fiziki güc tətbiq edən zaman əl barmağı qapının arasında qalmış, bu zaman xəsarət alsa da, həmin xəsarət Şəxs hərəkətləri nəticəsində deyil, bilavəsitə özünün diqqətsizliyi ucbatında baş vermişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımının polis serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə 720 saylı stasionar postun qarşısında BDYPİ-yə bilavasitə tabe olan YPXA-nın 7-ci tağımının YPXİ-nin inspektoru baş serjantı Natiq Məmmədov ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul ilə xidməti ərazidə xidmətdə olarkən “Hyundai Elantra” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəzarət yoxlama məqsədilə verilmiş saxla əmrinə tabe olmayaraq maşını saxlamadan oradan uzaqlaşmışdır. Avtomobilin sürücüsü özünü şübhəli apardığı üçün həmin avtomobili təqib edərək, Qaradağ rayonu ərazisində yerləşən YPX-nin stasionar postuna məlumat verdikdən sonra şəxsə dəfələrlə saxla əmri versələr də, şəxs qanuni tələblərə əməl etməyərək avtomobili yüksək sürətlə idarə etməyə davam etmişdir. Qaradağ rayonu ərazisində yerləşən YPX-nin stasionar postunda yenidən avtomobilin sürücüsünə “saxla” əmri verildikdə sürücü avtomobili saxlamayaraq hərəkətini davam etdirmişdir. Qaradağ rayonu ərazisində yenidən verilmiş “saxla” əmrindən sonra sürücü avtomobili saxlamış, sürücüyə yaxınlaşarkən avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmışdır. Qaradağ rayonu ərazisində maşını süni tıxac yaradaraq saxladıb, sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra şəxsin özünü təqdim etməsini bildirsələr də, şəxs maşının kilidini bağlı saxlayaraq özünü təqdim etməkdən imtina etmişdir. Bundan sonra, məcburiyyət qarşısında qalıb şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq və qapıları açaraq Şəxs avtomobili tərk etməsinə fiziki qüvvə tətbiq etməklə nail olmuş, yalnız bundan sonra şəxs Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsi üçün göstəriş verilməsi şöbə rəisindən xahiş edilmişdir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 20 noyabr 2025-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımı tərəfindən təqdim edilmiş 01 ədəd DVD diskdəki videogörüntü tədqiq edilən zaman müəyyən edilmişdir ki, “Hyundai Elantra” markalı **-FH- *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Şəxs xidmət vəzifələrini yerinə yetirən Yol Patrul Xidməti Alayının Vİİ Tağımının inspektorlarının “saxla” əmrinə tabe olmamış, uzun müddət çəkən təqibdən sonra 3 YPX avtomobilinin süni tıxac yaratması yolu ilə Şəxs saxlanılmasının təmin edilməsi, buna baxmayaraq sonuncunu nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təhlükəli manevrlar etməklə qaçmağa çalışması, sonda polis əməkdaşları tərəfindən fiziki qüvvə tətbiq edilməklə saxlanılması görünür. Hətta ilkin saxlanıldıqdan sonra onun təhlükəli manevr edərək dar məsafədən maşını keçirirək polis əməkdaşlarından qəsdən yayınıb sürət həddini aşmaqla idarə etməsi, yenidən təqib olunması, yalnız təkrar süni tixac yaradıldıqdan sonra onun hərəkətlərinin qarşısının alınmasının mümkün olduğu müşahidə edilmişdir. Məhkəmə tərəfindən iş materiallarının, həmçinin tərəflərin ifadələrinin hərtərəfli araşdırılması göstərir ki, 20 noyabr 2025-ci il tarixdə Şəxs davranışları həm ictimai qaydanın ciddi şəkildə pozulması, həm də yol hərəkəti təhlükəsizliyi ilə bağlı tələblərin ardıcıl və qəsdən pozulması ilə xarakterizə olunmuşdur. Məlum olmuşdur ki, həmin tarixdə Hacıqabul rayonu ərazisində yerləşən stasionar postda xidmət aparan polis əməkdaşları nəzarət yoxlaması məqsədilə Şəxs “saxla” əmri vermiş, lakin o, bu qanuni tələbi yerinə yetirməkdən imtina etmiş və nəqliyyat vasitəsini hərəkətdə saxlayaraq postu tərk etmişdir. Bu barədə dərhal yaxınlıqdakı digər YPX postlarına məlumat verilsə də, şəxsin davranışı dəyişməmiş, o, müxtəlif postlarda qanuni “saxla” əmrinə dəfələrlə tabe olmayaraq təqibdən yayınmağa çalışmışdır. Videogörüntülərlə də təsdiqləndiyi kimi, Şəxs nəqliyyat vasitəsini qəfil sürətləndirməklə, təhlükəli manevrlər etməklə və təkərlərin sürtünməsi nəticəsində səs-küy yaradaraq təkər izləri buraxmaqla yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Təqib bir neçə YPX avtomobilinin süni tıxac yaratmasına qədər davam etmiş, yalnız bundan sonra şəxsin saxlanılması mümkün olmuşdur. Saxlanılma zamanı polis əməkdaşlarının həmin şəxsdən avtomobili tərk etməsi barədə qanuni tələbləri də icra olunmamış, nəqliyyat vasitəsinin qapıları kilidli vəziyyətdə saxlanmışdır. Polis əməkdaşlarının məcburiyyət qarşısında qalaraq yan şüşəni sındırmaları və fiziki qüvvə tətbiqi nəticəsində Şəxs avtomobildən çıxarılması təmin edilmişdir. Həmçinin şahid ifadələrindən məlum olur ki, inspektorlardan biri bu proses zamanı əl barmağından yüngül xəsarət almışdır. Bundan sonra Şəxs Hacıqabul RPŞ-yə təhvil verilmiş, onun barəsində inzibati qaydada tutma protokolu tərtib edilmişdir. Məhkəmə iclasında şəxs özünü təqsirli bildiyini, əməli anasının səhhətində yaranmış vəziyyətlə əlaqədar həyəcan içində törətdiyini, peşman olduğunu bildirsə də, sonradan şahid ifadələri ilə müəyyən edilmişdir ki, ilkin olaraq nəqliyyat vasitəsini sürücülük hüququ olmayan qardaşı idarə etmiş, o, məsuliyyətdən yayınmaq üçün özü sükan arağxasına keçərək hazırkı qanunazidd davranışını davam etdirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmənin qənaətinə görə, Şəxs gecə saatlarında nəqliyyat vasitəsini qəfil sürətləndirməklə ardıcıl şəkildə təkər səsi yaratması, ətrafda narahatlıq törətməsi, eləcə də polis əməkdaşlarının qanuni tələblərini kobud şəkildə icra etməkdən yayınması ictimai qaydanı pozan davranış kimi qiymətləndirilməlidir. Bu hərəkətlər ictimai asayişi və sabitliyi pozduğundan, xırda xuliqanlıq tərkibini tam şəkildə ehtiva edir. Həmçinin iş materiallarından göründüyü kimi, Şəxs bir neçə stasionar postda polis əməkdaşlarının “saxla” əmrinə qəsdən tabe olmamışdır. Şahid ifadələri, videogörüntülər və protokollar sübut edir ki, qanuni tələbin dəfələrlə verilməsinə baxmayaraq, şəxs həmin tələbləri yerinə yetirməmiş, bu isə 535.1-ci maddənin tərkib əlamətlərinə tam uyğun gəlir. Təbii ki, qanunvericilik polis əməkdaşının tələbinə tabe olmamağı inzibati məsuliyyətə səbəb olan ciddi pozuntu kimi qiymətləndirir. Eyni zamanda, videogörüntülər və polis əməkdaşlarının ifadələri təsdiqləyir ki, Şəxs nəqliyyat vasitəsini qəfil sürətləndirərək təkərlərin sürüşməsi və sürtünməsi nəticəsində yüksək səs yaratmış, yol örtüyündə təkər izləri buraxmışdır. Bu davranış nümayişkaranə, təhlükəli və ictimai qaydaları pozan hərəkət kimi qəbul edilir və qeyd olunan maddəyə tam uyğundur. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və deməsinə görə “Vətən Müharibəsi” iştirakçısı olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən törədilmiş daha ağır inzibati xətaya görə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 511.1.3-cü maddələri ilə yanaşı, həmçinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.3-cü maddələrində ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 511.1.3-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 noyabr 2025-ci il tarixdən saat 23:30-dan hesablansın. Qərarın inzibati həbs tənbehinin tətbiq edilməsi hissəsi dərhal icra edilsin və icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə hissəsində icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımına göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar