Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-332/2025 21.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2001-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Hacıqabul rayonu Talış kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 20 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs “İnstagram” sosial şəbəkəsində müxtəlif səhifələrdə təhqir xarakterli şərhlər yazmışdır. Nəticədə, o, Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi X3 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs “İnstagram” sosial şəbəkəsində müxtəlif səhifələrdə vətəndaşların, polis əməkdaşlarının və digər dövlət nümayəndələrinin ünvanına təhqir xarakterli şərhlər yazmışdır. Sübut olaraq zəruri səhifələrdən çıxarışlar iş materiallarına əlavə edilmişdir. Göstərilənlərə əsasən, o, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi əməli etiraf edərək verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun polis əməkdaşları və ya digər dövlət nümayəndələri ilə heç bir problemi və düşmənçiliyi yoxdur. Materiala əlavə edilmiş və “İnstagram” sosial şəbəkəsində öz səhifəsi vasitəsilə digər səhifələrin rəy bölməsində qeyd olunan təhqiramiz məzmunlu rəyləri şəxsən özü yazmışdır. Polis şöbəsində ona qarşı hər hansı qanunsuz hərəkət törədilmədiyini, fiziki və ya psixoloji zor tətbiq edilmədiyini, hazırda əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 20 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs “İnstagram” sosial şəbəkəsində müxtəlif səhifələrdə polis əməkdaşlarının ünvanına təhqir xarakterli şərh yazması səbəbindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3.9-cu maddəsinə əsasən, təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Həmin Qanununun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Həmin Qanununun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Həmin Qanununun 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi ixtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; “Uşaqların zərərli informasiyadan qorunmasıhaqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyanın yerləşdirilməsinə yol verməməlidir. İşə əlavə edilmiş sübutların tədqiqinə əsaslanaraq, məhkəmə tərəfindən işin müəyyən edilmiş faktiki hallarına əsasən, Şəxs “İnstagram” sosial şəbəkəsində müxtəlif səhifələrdə (“xeberizle”, “imoxlee”, “bakupress.ws”, “sancaq.production” və s.) digər vətəndaşların, xüsusən polis əməkdaşlarının ünvanına istifadəsində olan “rehimov024” profilində təhqir xarakteri daşıyan məlumatlar şərh kimi paylaşılmışdır. Bu hal inzibati xəta haqqında protokola əlavə edilmiş materiallar, “İnstagram” sosial şəbəkəsindəki paylaşımların şərh bölmələrinin ekran görüntüləri və Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatda öz əksini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, onun əməli düzgün olaraq İXM-nin 388-1.1.1-ci maddəsi ilə tövsif olunmuşdur və ona görə o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, “inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, “fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş qərarlardan müəyyən edilir ki, Elçin Rəhimovun barəsində əvvəllər xırda talama və xuliqanlıq əməllərinə görə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq məsuliyyətə cəlb edilmişdir. Məhkəmə bu halları onun şəxsiyyətini mənfi xarakterizə edən hal olaraq qiymətləndirir. Odur ki, göstərilənlərə əsasən məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi əməlin təhlükəlilik dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 20 noyabr 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-332/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-332/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver