Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-344/2023 10.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş 09 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Hacıqabul rayonu Nəvahi kəndində yaşadığı evin qarşısında ictimai qaydanı pozaraq ünvansız söyüş söydüyünə görə onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Hacıqabul rayonu Nəvahi kəndində yaşadığı evin qarşısında nalayiq ifadələr işlətmiş, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları onu sakitləşdirərək nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Nəvahi kəndində yaşadıqları evin həyətində toy şənliyi etmək üçün qurduğu mağarda dostları Əkrəm, Salman, Yusif və Əlizamin ilə kart oynayan zaman polis əməkdaşları onlara yaxınlaşaraq kart oynamağı irad bildirdikdə o, əsəbi halda masadan durub polis əməkdaşına kartla “duraki” oynadığını, pul ilə qumar oynamadığını bildirərək ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsə də onların tələbinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Onun barəsində cərimə tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə polis nəfəri X3 ilə Hacıqabul rayonu Nəvahi kəndi ərazisində xidmətdə olarkən Şəxs həyətlərində səs-küy eşidib ora yaxınlaşanda toy üçün qurulan mağarda 3-4 nəfərin kart oynamasını görmüşlər. Bu zaman Şəxs əsəbi halda masadan durub ünvansız nalayiq ifadələr işlətməyə başlamış, onu intizama dəvət etsələr də, Şəxs heç kimə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclası zamanı şahid X3 şahid X9 ilə eyni məzmunlu izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs ictimai yerdə eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 10:20-dən hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(071)-344/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-344/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver