Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-35/2023 13.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Muğan regional X4 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMCnin direktoru X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Muğan regional X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Hacıqabul rayon Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Muğan regional X4 İdarəsindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 24 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Atbulaq kəndində yerləşən Şəxs MMC tərəfindən yeni tikilən inzibati binada və onun ərazisində yanğın texniki müayinə keçirilən zaman YTQ 01-2001 b-3.11, b-8.3, b-10.4 tələblərinin pozulduğu, bununla da hüquqi şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 izahatında bildirdi ki, Muğan Regional X4 İdarəsinin əməkdaşları tərəfindən Şəxsndə plan üzrə yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı bir neçə qanun pozuntuları aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X6 izahatında bildirdi ki, Muğan regional X4 İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonu Atbulaq kəndinə yerləşən Şəxs MMC-yə məxsus yeni tikilən inzibati binada və ərazidə xx.xx.2023-cü il tarixdə yanğın-texniki müayinəsi aparılmışdır. Müayinə zamanı obyektdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən nöqsanlar aşkarlanmışdır. Obyekt yeni tikildiyi və divarına suvaq vurulduğu üçün yanğınsöndürmə vasitələrini, yanğın su hövuzuna yaxınlaşmaq üçün hərəkət istiqamətini bildirən nişanı, su mənbəyinə qədər olan məsafəni göstərən lövhəni quraşdıra bilməmişdir. Hazırda isə həmin nöqsanları aradan qaldırıb və bu barədə fotoşəkilləri məhkəməyə təqdim edir. Odur ki, MMC barəsində şərti olaraq yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, Şəxs MMC-nin fəaliyyət göstərdiyi Hacıqabul rayonu Atbulaq kəndində yerləşən təsərrüfat obyektində aparılmış yoxlama zamanı “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 01-2001, 3.11, 8.3 və 10.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Belə ki, kənd ərazisində yerləşən Şəxs MMC-yə məxsus damazlıq yumurta sexi yanğınndan mühafizə normalarına uyğun olaraq yanğın texnikası və ilkin yanğın söndürmə vasitələri ilə təmin edilməmiş (YTQ 01-2001, bənd 3.11), yanğın su hovuzu ona yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq göstəricilərlə (işıqlandırıcı və ya işıq əks etdirən xüsusi təbəqə ilə örtülmüş göstəricilər) təmin edilməmiş, göstəricidə su mənbəyinə qədər olan məsafə rəqəmlərlə dəqiq olaraq qeyd edilməmiş (YTQ 01-2001, bənd 8.3) və tikinti ərazisi normaya uyğun oolaraq ilkin yanğın söndürmə vasitələri ilə təmin olunmamışdır (YTQ 01-2001, bənd 10.4) Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmadırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X4nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin izahatları, yanğın-texniki müayinə aktı və digər sənədlərlə müəyyən edildi ki, Şəxs MMC-yə məxsus inzibati binada və onun ərazisində yanğın texniki müayinə keçirilən zaman YTQ 01-2001 b-3.11, b-8.3, b-10.4 tələblərinin pozulması aşkar edilmişdir. Lakin, məhkəmə hesab edir ki, səlahiyyətli orqan hüquqi şəxsin əməlini İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə düzgün tövsif etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxsin, vəzifəli şəxsin və hüquqi şəxsin inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, şəxsin əməli daha ağır inzibati tənbeh nəzərdə tutan İXM-in 518.3-cü maddəsi ilə o halda tövsif edilə bilər ki, yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin pozulması məhz torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı baş vermiş olsun. Çünki, binanın, qurğunun tikintisi, yenidən qurulması və normada göstərilən digər bu kimi vəziyyətlərdə yanğına qarşı qaydaların tələblərinin pozulması gələcəkdə daha ciddi fəsadlara (zərərə) səbəb ola biləcəyindən, qanunvericilik bu kimi vəziyyətlərdə yanğına qarşı tələblərin pozulması hallarında şəxslərin daha ciddi inzibati məsuliyyətə cəlb olunacağını qeyd etmişdir. Lakin, hazırki işin faktiki hallarından görünür ki, Şəxs MMC-yə məxsus inzibati binada və onun ərazisində yol verilmiş yanğına qarşı tələblərin pozulması halları (ilkin yanğın söndürmə vasitələrinin olmaması, hərəkət istiqamətini göstərən göstəricinin olmaması və s.) xarakter etibarı ilə məhz binanın tikintisi, yenidən qurulması zamanı yol verilən kobud qayda pozuntularına deyil, tikinti başa çatdıqdan sonra cari fəaliyyət zamanı əməl edilməli olan yanğın təhlükəsizliyi qaydalarına aid pozuntulardır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin qaydalara əməl etmədiyinə görə hüquqi şəxsin əməlində İXM-in 518.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırkı vəziyyətdə İnzibatı Xətalar Məcəlləsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin daha ağır inzibati xətadan daha yüngül inzibati xətaya tövsif etmək məsələsini tənzim edən prosessual norma olmadığı üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müvafiq məsələ cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməli İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsindən həmin Məcəllənin 518.1-ci maddəsinə tövsif edilməlidir. Hüquqi şəxsin inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Ona görə də, hüquqi şəxs İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquq pozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquq pozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(071)-35/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-35/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver