Məhkəmə qərarları › İş №3(071)-357/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-357/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-357/2025 17.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32076805 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32076805 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətimdə olan “Ford Fusion” markalı **- RQ-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2025-ci ildə saat 17:40 radələrində Şirvan şəhəri 1 May küçəsində hərəkətdə olarkən (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) qaydalarının pozulması əsası ilə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2025-ci il tarixli EQ32076805 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin vaxt mən heç bir YPX-nin əməkdaşı tərəfindən və ya YPX-nın təyin olunmuş stasionar postunda hər hansı bir yol-patrul xidmətinin əməkdaşı mənim idarə etdiyim **- RQ-*** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomobilini saxlayıb protokol yazmamışdır. O, idarə etdiyi avtomobilin şəkilini Şirvan şəhəri 1 May küçəsində quraşdırılan nəzarət kamerası (TŞK) vasitəsi ilə hərəkətdə olan zaman təhlükəsizlik kəmərin taxılmaması halları Yol-patrul xidmətinin əməkdaşı tərəfindən yollara nəzarət olunan kameraların monitoru vasitəsi ilə monitora pauza verib bort-kompüterlə foto şəkilini çəkərək BDYPİ-nin mərkəzi informasiya sisteminin bazasına yerləşdirərək sürücünün ünvana göndərilir. Belə olan tədqirdə barəsində hansı əsasla İXM-nin 329.1 maddəsi ilə inzibati tənbeh vermə haqqında tədbir görülüb. Barəsində Azərbaycan Respublikası İXMnin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2025-ci il tarixli EQ32076805 saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və həmin qərarla mən 40 manat inzibati qaydada cərimə olunmuşam. Digər tərəfdən, xx.xx.2025-ci il tarixli EQ32076805 saylı elektron qərar qəbul etmiş DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenant Elvin Abduləlizadənin həmin qərarı qəbul edərkən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatları qərarda öz əksini tapmamış və həmin DYPİ-nin Yol patrul xidməti əməkdaşının xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kmi hallar araşdırılmalıdır. Odur ki, göstərilənlərə əsasən şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Şikayətçi şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən səlahiyyətli orqana məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Azərbaycan Respublikasının DİN BDYPİ tərəfindən qəbul xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32076805 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32076805 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, sürücü R.M.Qəhrəmanlı xx.xx.2025-ci il tarixdə, saat 17.40-da idarə etdiyi “Ford Fusion” minik markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri, 1 May küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan (fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyul 2010-cu il tarixli, 131 nömrəli “Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə" Qərarının 1-ci bəndində əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin videonəzarət sistemlərinin quraşdırılmasının konkret təyinatı göstərilir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarından və Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsindən göründüyü kimi inzibati xəta hadisəsinin foto və video qeydiyyatı yalnız xüsusi texniki vasitələrin köməkliyi ilə aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır (maddə 122.5), barəsində bu Məcəllənin 122.1. 124.5 və ya 124.6ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər (maddə 122.6). Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarlarazılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə gostərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür (maddə 122.7). İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir (122.8). Həmçinin, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, X5 idarə etdiyi “Ford Fusion” minik markalı, ** RQ *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 17:40-da Şirvan şəhəri 1 May küçəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə qaydalarını pozaraq davam etdirməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, İXM-nin 122-ci maddəsində nəzərdə tutulmuş qaydalara zidd olaraq cərimə yazılmışdır. Odur ki, məhkəmə hesab edir ki, səlahiyyətli orqan X3 təqsirini Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi prosedurlar daxilində sübuta yetirə bilməmişdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32076805 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli; xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32076805 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 40 manat inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X5 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32076805 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və barəsində Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32076805 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 40 manat inzibati cərimə silinsin. Qərardan, qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar