Məhkəmə qərarları › İş №3(071)-359/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-359/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-359/2025 16.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, X1, qərarından şikayət verilən orqanın nümayəndəsi - X4 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) X11 Bölməsinin (DYPB) Yol Patrul Xidməti (YPX) inspektoru X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Hacıqabul RPŞ-nin DYPB tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025 tarixli İXP ******* nömrəli protokolun və həmin ptokol əsasında qəbul edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsini, iş üzrə videogörüntülərin məhkəməyə təqdim edilməsini və onlarla tanış olma hüququnun təmin olunmasını, maddi və prosessual pozuntuların araşdırılmaqla qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Hacıqabul RPŞ-nin DYPB tərəfindən barəsində xx.xx.2025 tarixli, İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Lakin həmin protokolun tərtib edilməsi və qəbul edilmiş qərarın ona təqdim olunması zamanı qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Belə ki, qərar hadisədən bir ay sonra qəbul edilərək gecikmiş formada ona göndərilmişdir. Onun barəsində tərtib olunmuş qərar hadisədən təxminən bir ay sonra qəbul edilərək ünvanına göndərilmişdir ki, bu da müddət pozuntusu hesab edilir və qərarın ləğvi üçün əsas yaradır. O, qanuni qaydada hadisənin video görüntüləri ilə tanış olmaq istəmiş, lakin DYPB əməkdaşları tərəfindən bu əsassız şəkildə rədd edilmişdir. Bu isə işin obyektiv araşdırılması prinsiplərinə ziddir və qərarın etibarlılığını şübhə altına alır. Həmçinin qeyd etmişdir ki, protokolun tərtibi zamanı onun iştirakı təmin edilməmişdir. Odur ki, Hacıqabul RPŞ-nin DYPB tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025 tarixli İXP ******* nömrəli protokolun və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsini, iş üzrə videogörüntülərin məhkəməyə təqdim edilməsini və onlarla tanış olma hüququnun təmin olunmasını, maddi və prosessual pozuntuların araşdırılmasını və işə ədalətli baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 izahatında şikayətin məzmununa uyğun çıxış edib verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə təxminən 1 ay əvvəl baş verdiyi üçün o, svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdiribetdirməməsini, həmçinin konkret olaraq hansı şəraitdə baş verməsini xatırlamır. YPX əməkdaşlarının onunla heç bir şəxsi qərəzliyi və ya düşmənçiliyi yoxdur. İnzibati tənbeh vermə haqqında qərarla bağlı o, əvvəlcə Hacıqabul RPŞ-yə gedərək müraciət etsə də, polis əməkdaşları tərəfindən qeyd edilən qərarla bağlı hər hansı pozuntunun aşkar edilmədiyi ona bildirildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Şəhər təhlükəsizlik kameraları vasitəsilə əldə edilmiş videogörüntüdə olan nəqliyyat vasitəsi ona məxsus olsa da, həmin pozuntunu nə vaxt və hansı şəraitdə törətdiyini xatırlamır. Qeyd etmişdir ki, o, svetoforun qadağanedici işarəsi verilərkən yoldan keçsə də, YPX əməkdaşları tərəfindən qərarın qəbul edilməsi zamanı prosessual pozuntuya yol verilmiş, həmin qərar barəsində 1 ay sonra məlumatlandırılmış, poçt vasitəsilə göndərilən bildiriş onun tərəfindən təhvil alınmamış, həmin məktubun xəbərnaməsində qeyd olunan imza onun özünə məxsus olmamışdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar onun tərəfindən qəbul edilmişdir. Belə ki, o, Azərbaycan Respublikası DİN Hacıqabul RPŞ-nin DYPB-də Yol Patrul Xidməti inspektoru vəzifəsində çalışır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, X2 törətdiyi xəta xx.xx.2025-ci il tarixdə “Təhlükəsiz şəhər” xidmətində operator vəzifəsində çalışan Şahid tərəfindən təhlükəsizlik kameralarına nəzarət edilən zaman müəyyən edilmiş, həmin pozuntu barədə eyni gün raport tərtib edilərək şöbə rəhbərliyinə müraciət edilmiş, bundan sonra xx.xx.2025-ci il tarixdə həmin nəqliyyat vasitəsinin sürücüsü X3 bildiriş göndərilmişdir. Bildirişdə Hacıqabul RPŞ-nin DYPB-yə dəvət edilmiş, gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdarlıq edilmişdir. Bildiriş şəxsə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada poçt vasitəsilə verilmiş, həmin xəbərnamə xx.xx.2025-ci il tarixdə şöbəyə daxil olmuşdur. Ancaq bundan sonra X2 barəsində xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir. İnzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın eyni gündə qəbul edilməsinin səbəbi kimi şəxsə kifayət qədər vaxt verildiyi, bildiriş əsasında onun qabaqcadan məlumatlandırıldığını əsas göstərmişdir. Məhkəmə iclasında iştirak edən Şahid izahatında bildirmişdir ki, o, Hacıqabul RPŞnin “Təhlükəsiz şəhər” xidmətində operator vəzifəsində çalışır. Belə ki, o, Hacıqabul şəhərində yerləşən şəhər təhlükəsizlik kameralarına nəzarət edir. Həmin kameralarda sürücülər tərəfindən Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş pozuntulara yol verildiyi halda raport vasitəsilə şöbə rəhbərinə müraciət edərək həmin sürücülər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq barələrində tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raport onun tərəfindən tərtb edilmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə şəhər təhlükəsizlik kameralarına nəzarət edən zaman saat 12:24-cü dəqiqədə “Mercedes Benz E280” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Hacıqabul şəhəri, M.Hüseynzadə küçəsində Hacıqabul şəhər 9 saylı tam orta məktəbin qarşısında yerləşən işıqforun qadağanedici qırmızı işığına məhəl qoymayaraq Muğan qəsəbəsi istiqamətində hərəkətini davam etdirdiyini aşkar etmiş və bu barədə şöbə rəisinə raportla məruzə etmişdir. Şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu, raport və 01 ədəd DVD diskə əlavə edilmiş videogörüntünü məhkəmə iclasında tədqiq edərək məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı və Hacıqabul RPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hacıqabul RPŞ-nin “Təhlükəsiz şəhər” xidmətinin operatoru Şahid tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 12:24-cü dəqiqədə “Mercedes Benz E280” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıqabul şəhəri, M.Hüseynzadə küçəsində Hacıqabul şəhər 9 saylı tam orta məktəbin qarşısında yerləşən işıqforun qadağanedici qırmızı işığına məhəl qoymayaraq Muğan qəsəbəsi istiqamətində hərəkətini davam etdirdiyi Şahid tərəfindən aşkar edilmiş və bu barədə şöbə rəisinə raportla məruzə etmişdir. İş materiallarında olan 01 ədəd DVD diskdəki videogörüntü tərəflərin iştirakı ilə məhkəmə iclasında nümayiş etdirilən zaman müəyyən edilmişdir ki, “Mercedes Benz E280” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Eyni zamanda, videogörüntüdən müəyyən edilir ki, həmin svetofor bilavasitə Hacıqabul şəhər 9 saylı tam orta məktəbin önündə yerləşən piyada keçidindən məktəblilərin rahat istifadə üçün nizamlayıcı funksiyası daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, sürücü X5 xx.xx.2025-ci il tarixdə, saat 12:24-də idarə etdiyi “Mercedes Benz E280” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hacıqabul şəhəri, M.Hüseynzadə küçəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, sürücü B.İmanov xx.xx.2025-ci il tarixdə, saat 12:24-də idarə etdiyi “Mercedes Benz E280” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hacıqabul şəhəri, M.Hüseynzadə küçəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinin tələblərinin pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin məzmununa görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 135-ci maddəsinə əsasən - 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Beləliklə, məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞnin DYPB-nin Yol Patrul Xidməti inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərdən müəyyən edilmişdir ki, X5 idarə etdiyi **-CJ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E280” markalı minik avtomobili ilə aşkar surətdə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinin tələblərini pozmuşdur. Belə ki, o, idarə etdiyi nəqliyyat vasitəsini Hacıqabul şəhəri, M.Hüseynzadə küçəsində Hacıqabul şəhər 9 saylı tam orta məktəbin qarşısında yerləşən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinin tələbini pozmaqla svetoforun qırmızı işığı yanılı olarkən hərəkətini davam etdirmişdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olaraq tərtib edilmişdir. Məhkəmə şikayətçinin şikayət ərizəsində və məhkəmə iclasındakı izahatında göstərdiyi arqumentləri ayrıca qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, həmin arqumentlər inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarın qanunsuzluğunu təsdiq edən əsaslı və sübuta yetirilmiş hallar kimi qəbul edilə bilməz. Şikayətçinin qərarın hadisədən təxminən bir ay sonra qəbul edilməsi ilə bağlı iradı iş materialları ilə təkzib olunur. Belə ki, inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə xüsusi texniki vasitələr – şəhər təhlükəsizlik kameraları vasitəsilə aşkar edilmiş, həmin gün bu barədə səlahiyyətli şəxs tərəfindən raport tərtib edilmiş, bundan dərhal sonra sürücünün DYP orqanına dəvət edilməsi məqsədilə rəsmi bildiriş göndərilmişdir. Şikayətçinin bildiriş əsasında əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, onun müəyyən olunmuş müddətdə müraciət etməməsi səbəbindən inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın eyni gündə qəbul edilməsi prosessual pozuntu hesab edilə bilməz və bu hal işin obyektiv araşdırılmasına mane olmamışdır. Məhkəmə, həmçinin şikayətçinin videogörüntülərlə tanış edilməməsi barədə iddiasını da əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş DVD daşıyıcıda olan videogörüntü məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, həmin görüntülərdən nəqliyyat vasitəsinin svetoforun qadağanedici qırmızı işığı yanılı vəziyyətdə hərəkətini davam etdirməsi açıq və birmənalı şəkildə müəyyən edilmişdir. Şikayətçi də məhkəmə iclasında təqdim olunmuş videogörüntüdə əks olunan nəqliyyat vasitəsinin ona məxsus olduğunu inkar etməmiş, yalnız hadisənin konkret vaxtını və şəraitini xatırlamadığını bildirmişdir ki, bu hal inzibati xətanın mövcudluğunu və onun obyektiv tərəfini aradan qaldırmır. Eyni zamanda, videogörüntünün piyada keçidinin və məktəb ərazisinin qarşısında yerləşən svetoforu əhatə etməsi yol hərəkəti təhlükəsizliyinə real təhlükənin mövcud olduğunu təsdiq edir. Bundan başqa, şikayətçinin protokolun onun iştirakı olmadan tərtib edilməsi və poçt bildirişindəki imzanın ona məxsus olmaması barədə iddiaları da məhkəmə tərəfindən araşdırılmış və bu iddiaların işin nəticəsinə təsir göstərə biləcək səviyyədə olmadığı qənaətinə gəlinmişdir. Belə ki, şikayətçinin inzibati xəta törətməsi faktı yalnız poçt bildirişi və ya şəxsi iştirakı ilə deyil, sübut kimi qəbul edilən texniki vasitələrin göstəriciləri, raport, şahid ifadəsi və inzibati xəta haqqında protokolun məzmunu ilə təsdiq edilmişdir. Bu sübutların məcmusu inzibati xətanın baş verdiyini, şikayətçinin həmin xətanı törətdiyini və tətbiq edilmiş inzibati tənbehin qanunvericiliyin tələblərinə uyğun olduğunu göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olmaqla xəta törətmiş şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də şikayət əsassız olduğundan təmin edilməməli və barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin X11 X9 Xidməti inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar