Məhkəmə qərarları › İş №3(071)-361/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-361/2021

27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-361/2021 27.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası DİN BDYPİ YPXA Vİİ tağımın yol patrul xidməti inspektoru polis kiçik serjantı X1 iştirakı ilə, xx.xx.1999-cu ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2-ci və 511.1.3-cü maddələri ilə Azərbaycan Respublikası DİN BDYPİ YPXA-dan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati icraat aparılan şəxs Şəxs 18.10.2021-ci il tarixdə tanışı X2 məxsus “VAZ 21074” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etməklə avtoxuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPXA Vİİ tağım yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 27.10.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, 18.10.2021-ci il tarixdə tanışı X2 məxsus “VAZ 21074” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiklə, avtoxuliqanlıq hərəkətləri etmişdir. O, avtomobli idarə edərkən dostları onu telefonla video çəkməklə qeydə almış və sonradan internetə yükləmişlər. O, törətdiyi əməlindən peşmandır. 44 Günlük Vətən mühiribəsində iştirak etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etdi. Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ YPXA Vİİ tağım yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 məhkəmə iclasında 27.10.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 27.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəmədə verdiyi etirafedici izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati işlərə baxılması məhkəməyə aid olmadığına görə, Şəxs yalnız İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməli və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati işlərə baxılması məhkəməyə aid olmadığına görə, hazırkı işdə olan sənədlərin surəti baxılması və Şəxs barəsində həmin hissədə qanuni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar