Məhkəmə qərarları › İş №3(071)-362/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-362/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-362/2023 02.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 206-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Hacıqabul şəhəri H.Əliyev prospektində “Toyota Prius” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Hacıqabul rayon X2 yol polisi bölməsinin yol patrul xidməti inspektoru, polis baş leytenantı X1 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyət şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli şəxsin iştirakı olmadan işə baxmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMnin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, Bakı-Hacıqabul marşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olur.xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Qaradağ rayonu Lökbatan dairəsi adlanan ərazidə Hacıqabul rayonuna sərnişin yığan zaman yerdən 1 ədəd kibrit qutusu tapmış, həmin kibrit qutusunu açıb baxdıqda içərisində əvvəllər tanıdığı bir siqaretlik qurudulmuş marixuana olduğunu görmüşdür. Bir az kənara çəkilib həmin narkotik vasitəni siqaretə dolduraraq çəkmişdir. Sərnişin olmadığı üçün Hacıqabul şəhərinə qayıtmış, idarə etdiyi “Toyota Prius” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Sənədlərinin yoxlanması zamanı YPX əməkdaşı onun hərəkətlərindən şübhələndiyi üçün onu həkim müayinəsinə aparmışdır. Həkim müayinəsi zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olmuşdur. İlk dəfədir narkotik vasitə qəbul edir və törətdiyi əmələ görə də çox peşmandır və xəcalət çəkir. Odur ki, onun barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş etdi. “Sabirabad rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsinin həkim-narkoloqu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 316 nömrəli aktda göstərilir ki, müayinə zamanı Şəxs narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti “ THC pozitiv” aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 333-1.1-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞnin DYPB-nə göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, müayinə aktı və digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən hallar yoxdur. Odur ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi nəzərə alınmaqla, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 7 (yeddi) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar