Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-38/2023 30.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Salyan rayonu Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımının yol patrul xidməti inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:35-də VAZ 2106 markalı **-HM-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan (sürücülük vəsiqəsinin vaxtı bitib) idarə edərkən Hacıqabul rayonu Atbulaq kəndi ərazisində YPX əməkdaşları tərəfindən saxlanılan zaman nəfəsindən spirtli içki qoxusu gəldiyindən həkim müayinəsinə təqdim olunmuş, onun avtomobili sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Şəxs Vaz 2106 markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Şəxs saxlanılarkən onun səfəsindən spirtli içkinin qoxusu gəldiyindən o, həkim müayinəsi təqdim edilmiş, spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Şəxs özü də saxlanılarkən az miqdarda pivə içdiyini etiraf etmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Sürücülük huququ olsa da sürücülük vəsiqəsinin vaxtı bitmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında işdən evə gedərkən Atbulaq kəndində marketdən kiçik həcmli şüşədə bir ədəd pivə alıb içmiş, təqribən 40 dəqiqədən sonra özünə məxsus olan VAZ 2106 markalı **-HM-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış və sənədləri yoxlama zamanı ondan spirtli içki qəbul edib-etməməsini soruşmuşlar. O, evə gedərkən bir ədəd pivə içdiyini polis əməkdaşlarına bildirmişdir. O, avtomobili idarə edərkən sərxoş olmamışdır. Polis əməkdaşları alkotester vasitəsi ilə onun nəfəsini yoxlamışlar və ona yüngül sərxoş olduğunu bildirmişlər. Daha sonra onu həkim müayinəsindən keçirərək barəsində protokol tərtib etmişlər. Hesab edir ki, protokol düzgün tərtib edilməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:51-də Alkovizor-AZ817 nömrəli xüsusi texniki vasitə ilə müayinədən keçirilmişdir, qanda alkoqolun konsentrasiyası (alkoqolun miqdarı) 037.8 mg/100ml olması göstərilmişdir. “X1” PHŞ TTTYŞ-nin tərəfindən xx.xx.2023-cü il tarixdə saat 21:20-də verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 11 saylı tibbi müayinə protokolunda göstərilir ki, xx.xx.1969-cü il təvəllüdlü Şəxs həkim Ş.Cəbrayılova tərəfindən müayinə olunmuşdur. Onun ağzından spirt iyi gəldiyi qeyd edilmişdir. Yüngül sərxoşluq vəziyyəti vardır, qanda alkoqolun konsentrasiyası 0,04 promildir. Şəxs həkim müayinəsinə Baş X7 İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci Tağımının inspektoru polis setjantı X3 aparmışdır. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, şəxsin alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmaması, qanında alkoqolun konsentrasiyasının promillə ölçülən miqdarından asılıdır və qanda alkoqolun konsentrasiyası 0,3 promil və daha artıq olduqda o, sərxoş hesab edilir və bu vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyətə cəlb edilə bilər. (İXM 333 və 334-cü maddələri ilə) Şəxs saxlanılarkən xüsusi texniki vasitənin köməyi ilə onun sərxoş olub-olmaması müəyyən edilmiş, lakin alkotesterdə onun qanında alkoqolun miqdarı promillə deyil, 037,8 mg/100 ml kimi göstərilmişdir. Həkim tərəfindən aparılan tibbi müayinə zamanı isə onun yüngül dərəcəli sərxoşluq vəziyyətində olması və qanında alkoqolun konsentrasiyasının 0,04 promil olması qeyd edilmişdir. Göründüyü kimi, tibbi müayinə zamanı Şəxs qanında aşkar olunan alkoqolun miqdarı (0,04 promil) onun inzibati məsuliyyətə cəlb edilməsi üçün tələb olunan miqdardan (0,3 promil) dəfələrlə az olmuşdur. Belə olan vəziyyətdə qanunvericiliyin tələbləri baxımından Şəxs sərxoş vəziyyətdə olan şəxs hesab edilmir və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta iş üzrə icraata xitam verilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə yanaşı, həmçinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(071)-38/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-38/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver