Məhkəmə qərarları › İş №3(071)-381/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-381/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-381/2023 14.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Hacıqabul rayon X1 19 avqust 2023-cü il tarixli, MN ******* nömrəli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 212.1-ci maddəsi ilə təqsirli bilinib, ondan 30 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, inzibati cəriməni ödəməkdən yayınır. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə inzibati cəriməni ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak gəlirlər aşkar edilməmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 212.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 30 manat cərimə edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün müddət verilmişdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən İXM-in 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmiş, qanunvericilikdə edilmiş həmin dəyişiklik xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, 19 avqust 2023-cü il tarixdə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair MN ******* nömrəli qərar qəbul edilmişdir. Qərardan şikayət verilmədiyinə görə, həmin qərar 10 gün keçdikdən sonra, yəni 29 avqust 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məcəllənin qeyd edilən maddəsində 3 aylıq müddətin axımı qərar qanuni qüvvəyə mindiyi gündən, yəni 29 avqust 2023-cü il tarixdən başlamış və İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin dispozisiyasında qeyd edilmiş inzibai xəta tərkibinin əlamətləri yalnız qərarın 29 noyabr 2023-cü il tarixdən sonrakı müddət ərzində icra edilmədiyi halda yarandığı məlum olur. Məhkəmə hesab edir ki, Ə.Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 aylıq icra müddəti başa çatmadığından onun əməlində İXM-in 529.1-ci maddəsinin tərkibi yaranmamışdır. Səlahiyyətli orqan Ə.Şəxs barəsində əsassız olaraq İXM-in 529.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar