Məhkəmə qərarları › İş №3(071)-393/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-393/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-393/2021 29.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası BDYPİ YPXA-nın Vİİ Tağımın polis kiçik serjantı X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, Siyəzən şəhəri X7 küçəsi ev 7 ünvanda qeydiyyatda olmaqla Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Azərbaycan Respublikası BDYPİ YPXA-nın Vİİ Tağımından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati icraat aparılan şəxs Şəxs 27 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində sürücülük vəsiqəsi olmadan X2 məxsus olan “Ravon” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomaşını narkotik vasitə olan marixuanadan istifadə etməklə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası BDYPİ YPXA-nın Vİİ Tağımın polis kiçik serjantı X1 tərəfindən 27.11.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Hacıqabul rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 27.11.2021-ci il tarixli 930 nömrəli “Narkotik qəbulu faktı və vəziyyətini təyin edən tibbi müayinə aktı”ndan müəyyən edilir ki, Şəxs narkotik maddə qəbulunda şübhəli olduğuna görə testlə yoxlanılmış və onun narkotik maddə olan mariuanadan istifadə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, 26.11.2021-ci il tarixdə onun doğum günü olmuş və şənləndikdən sonra marixuanadan istifadə etmişdir. 27.11.2021-ci il tarixdə dostu X4 ilə birlikdə dostuna məxsus “Ravon” markalı ** XB *** dövlət qeydiyyat nişanlı avtomaşınla əsgər yanından qayıdaraq yaşadıqları Siyəzən rayonuna gedərkən, X4 yorğun olduğuna yuxusu gəldiyinə görə avtomobili idarə etməyi ona təklif etmişdir. O, avtomobili idarə etməyi bacarsa da, sürücülük vəsiqəsi yoxdur. Buna baxmayaraq dostunun avtomobilini idarə etməyə razılaşmış və birlikdə avtomobildə gedərkən DYPİnin Nəvahi postunda yol polisi əməkdaşı onu saxlamış və hərəkətləri şübhəli olduğundan onu həkim müayinəsindən keçirmişdir. Onun marixuana tərkibli narkotik vasitədən istifadə etməsi məlum olmuşdur. O, mariaxuanadan bir gün əvvəl istifadə etdiyini etiraf etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Himayəsində bir azyaşlı uşağı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Protokolu tərtib etmiş Azərbaycan Respublikası BDYPİ YPXA-nın Vİİ Tağımın polis kiçik serjantı X3 məhkəmə iclasında 27.11.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Şəxs əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və törətdiyi əməli səmimi etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar