Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-4/2025 14.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi Nümayəndə, şikayətçi X2 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən İXM-nin 324.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin qərara əsasən təyin edilmiş 300 manat cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, hazırda Bakı şəhərində yerləşən "xxxx" MMC-də işləyir və etibarnamə əsasında **-MN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edir. Ay ərzində 2-3 dəfə Bakı şəhərindən yaşadığı Hacıqabul rayonuna gəlir, dolayısı ilə şəxsi işləri ilə bağlı özünə məxsus yük avtomobilini yük daşımadan da idarə edir. xx.xx.2024-cü il tarixdə avtomobili Şirvan şəhərində idarə etmiş və həmin vaxt avtomobildə yük olmamışdır. O, hərəkətdə olarkən səlahiyyətli orqanın, yəni AYNA Şirvan Regional İdarəsinin əməkdaşları tərəfindən ona dayanma işarəsi verildikdən sonra, sənədlərinə və avtomobilin yük yerinə baxış keçirilərək yük aşkar edilməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə yaşadığı ünvana Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən məktub daxil olmuş və həmin məktubla ona ÍXM-nin 324.3-cü maddəsi ilə 300 manat cərimə olunması barədə bildiriş və MN ******* nömrəli qərar təqdim edilmişdir. Daxil olmuş məlumat əsasında bilmişdir ki, İXM-nin 324.3-cü maddəsilə cərimə edilmişdir. Qərarla razı deyil, çünki İXM-nin müvafiq maddəsinə görə o, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə məsuliyyətə cəlb edilmişdir. Halbuki müvafiq normanın dispozitiv şərtlərinə əsasən sürücü yük və qeyri-müntəzəm sərnişin daşınması ilə məşğul olduqda qeyd olunan xətanı törətməyə görə məsuliyyətə cəlb edilə bilərdi. Baxmayaraq ki, onun idarə etdiyi nəqliyyat vasitəsi yük avtomobilidir, o, xx.xx.2024-cü il tarixdə saxlanılarkən avtomobildə yük daşımamışdır. Səlahiyyətli orqanın əməkdaşı isə onun idarə etdiyi avtomobili saxlayıb baxış keçirmiş, daha sonra onun iştirakı olmadan araşdırma aparıb qərar qəbul edərək ünvanına göndərmişlər. Halbuki səlahiyyətli orqan onun idarə etdiyi avtomobildə yük olmasını təsdiq edən sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 ərizəsində göstərilənləri müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, "xxxx" MMC-də əmək müqaviləsi ilə sentyabr ayından işləyir və **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, həmin qeyd olunan xidmətdə, həm də fərdi qaydada yük daşıma fəaliyyəti ilə məşğul olur. Yük daşınması ilə məşğul olmasına baxmayaraq qanunla müəyyən edilmiş qaydada bu fəaliyyət növü üçün səlahiyyətli orqanın xüsusi icazəsini almamışdır. Çünki "xxxx" MMC tərəfindən ona buraxılış vərəqəsi verilmiş, bu səbəbdən hesab etmişdir ki, iş yerindən bütün zəruri qanuni rəsmiləşdirmə işləri aparılır. Protokol tərtib edilən vaxt isə yük daşımamış və şəxsi işi üçün hərəkət etmişdir. O, törətdiyi əməlin inzibati xəta olduğunu bilməmişdir. Odur ki, hazırkı xətanın törədilməsində təqsiri olmadığından AYNA-nın Şirvan Regional İdarəsinin tərəfindən onun bərasində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarı əsassızdır və məhkəmədən qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, 18 noyabr 2024-cü il tarixdə saat 10:15 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində əməliyyat qrupu tərəfindən aparılan monitorinq zamanı **-MN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmışdır. Monitorinq qrupuna Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin 4 nəfər əməkdaşı daxil olmuşdur. Baxış zamanı sürücüyə yaxınlaşaraq buraxılış vəsiqəsinin və buraxılış kartının təqdim edilməsi tələb edilmişdir. Lakin sürücü Qədim Alcanov tərəfindən buraxılış vəsiqəsi təqdim edilməmişdir, bundan sonra elektron informasiya sisteminə nəzər yetirildikdə sürücünün ümumiyyətlə qanunla müəyyən edilmiş icazə olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması aşkar edildiyindən xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-in 324.3-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilərək, barəsində inzibati cərimə tətbiq edilmişdir. Verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, araşdırma zamanı elektron sistemdə müəyyən edilmişdir ki, Qədim Alcanov fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və fərdi qaydada yükdaşıma xidməti göstərir. Şikayətçi izahatında və ərizəsində "xxxx" MMC-də işləməsini qeyd etməsinə baxmayaraq, nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi şirkət qeydiyyatdan keçmədiyindən protokol onun özü barəsində tərtib edilmişdir. X1 həmin nəqliyyat vasitəsindən öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Əlavə olaraq bildirir ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər elektron qaydada aidiyyəti üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edib zəruri sənədləri təqdim etməklə buraxılış vəsiqəsi və buraxılış kartı almalıdır. Müvafiq buraxılış vəsiqələri isə 7 il müddətinə qüvvədə olur. Hazırkı işin hallarından da görünür ki, şikayətçi özü fərdi qaydada və "xxxx" MMC-nin sifarişi əsasında yük daşıma fəaliyyəti ilə məşğul olmasını etiraf etsə də, bügünədək xüsusi icazə və buraxılış vəsiqəsi almamışdır. Bundan başqa, sürücünün qeyd etdiyi kimi, nəqliyyat vasitəsinə AYNA əməkdaşı tərəfindən baxış keçirmək səlahiyyəti olmadığından onun izahatında qeyd olunan xüsusatlar həqiqəti əks etdirmir. Sürücü yalnız məşğul olduğu fəaliyyətlə bağlı xüsusi icazə almadığı üçün səlahiyyətli orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərar tam əsaslı və qanuni olduğundan dəyişdirilmədən saxlanılmasını və şikayətin rədd edilməsini məhkəmədən xahiş edir. O, sürücü tərəfindən sübut olaraq məhkəməyə təqdim edilmiş yol vərəqəsinə isə münasibətdə qeyd edir ki, həmin sənəd yük daşıma fəaliyyəti ilə bağlı səlahiyyətli orqan tərəfindən verilən buraxılış vəsiqəsini əvəz etmir və sübut olaraq qəbul edilə bilməz. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və X6 barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən İXM-nin 324.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AYNA Şirvan Regional İdarəsinin inspektoru Nümayəndə tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokoldan müəyyən edilir ki, sürücü X2 xx.xx.2024-cü il tarixdə saat 10:15-də Şirvan şəhəri Heydər Əliyev prospektində idarə etdiyi “Ford Tranzit” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə buraxılış vəsiqəsi olmadan yük daşıma fəaliyyətini həyata keçirməsi aşkar edilmişdir. Faktla bağlı sürücü barəsində İXM-nin 324.3-cü maddəsi ilə protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Protokoldan görünür ki, sürücü izahat verməkdən və imzalamaqdan imtina etmişdir. Həmçinin aşkar edilmiş faktla bağlı akt tərtib edilmiş sürücü aktda da imza etməkdən imtina etmişdir. Nəqliyyat vasitəsinin fotoşəkli akta əlavə edilmişdir. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən edilir ki, sürücü Qədim Alcanova barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraat barədə məlumat verilərək xx.xx.2024-cü il tarixdə səlahiyyətli orqan olan AYNA Şirvan Regional İdarəsinə dəvət edilərək araşdırma ilə bağlı sübutlarının təqdim edilməsi təklif edilmişdir. Göründüyü kimi səlahiyyəli orqan tərəfindən müvafiq araşdırma aparılmış və nəticədə AYNA Şirvan Regional İdarəsi tərəfindən sürücü X6 barəsində xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, İXM-nin 324.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş “Minik avtomobili üçün yol vərəqəsi”dən müəyyən edilir ki, “Ford Transit” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən idarə edilməsi üçün sürücü X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət üçün verilmişdir. Həmçinin iş materiallarında olan AD 107665 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməs”ndən müəyyən edilir ki, “Ford Transit” YÜK markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə Dəmirov Şahin valeh oğlunun adına qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin AYNA Şirvan Regional İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan, eyni zamanda “Elektron Məhkəmə” informasiya sistemi məlumatlarından müəyyən edilir ki, X6 xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanında uçota alınmışdır. Fəaliyyət istiqaməti isə yem bitkilərinin və onların toxumlarının becərilməsidir. “Elektron Məhkəmə” İnformasiya Sistemi məlumatlarından müəyyən edilir ki, X6 "xxxx" MMC-də yük avtomobili sürücüsü vəzifəsində işləyir. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 116/25 nömrəli cavab məktubunda qeyd edilir ki, xx.xx.2024-cü il tarixində tətbiq edilmiş inzibati cərimə "xxxx" MMC tərəfindən qanunvericiliyə edilən dəyişikliklər barədə məlumatın olmaması ilə bağlı olmuşdur. "xxxx" MMC bu məsələnin ilk dəfə baş verdiyini qeyd edərək və gələcəkdə belə halların qarşını almaq üçün qanunvericilik tələblərinə tam şəkildə əməl etmək üçün lazımi tədbirlərinin görüləcəyini bildirmişdir. Yaranmış vəziyyəti nəzərə alınaraq inzibati cərimənin ləğv edilməsini və ya cərimənin məbləğinin azaldılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Avtomobil nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.21-ci maddəsinə əsasən yük avtonəqliyyat vasitəsi - konstruksiyasına və təchiz edilmiş avadanlığına görə yük daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsidir. Həmin Qanunun 1.0.35-ci maddəsinə görə buraxılış vəsiqəsi –Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazədir, 1.0.36-cı maddəyə görə isə buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartdır. Həmin Qanunun 13.1-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. Qanunun 13.2-ci maddəsinə görə isə 13.1-ci maddədə nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır. 13.3-cü maddəyə görə Qanunun 13.1.1 – 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələr 7 (yeddi) il, bu Qanunun 13.1.5-ci maddəsində nəzərdə tutulan icazə isə bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulan müddətə verilir. Qanunun 15.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş icazələr və onların əlavələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada verilir. İcazəni almış şəxs həmin icazəni çap edə və kağız daşıyıcıda istifadə edə bilər. Qanunun 60-cı maddəsinə əsasən həmin Qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6-cı maddədə nəzərdə tutulmuş qanunçuluq prinsipinə görə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 9-cu maddədə nəzərdə tutulmuş ədalətlilik prinsipinə görə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 17-ci maddəyə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 3-cü fəsildə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar nəzərdə tutulmuşdur ki, həmin hallara zəruri müdafiə və son zərurət daxildir. 6-cı fəsildə inzibati məsuliyyətdən azad etmənin əsasları nəzərdə tutulmuşdur ki, həmin əsaslara müddətin keçməsi və zərərçəkmiş şəxslə barışıqla bağlıdır (38-39cu maddələr) 38.1-ci maddəyə görə isə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəyə görə 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır 31.2-ci maddəyə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 42.1-ci maddəyə görə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər. 48-ci maddəyə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53-cü maddədə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilmişdir. Belə ki, 53.1-ci maddəyə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Həmçinin 53.2-ci maddəyə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəyə görə Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.1-ci maddəyə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəyə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. 129.1.3-cü maddəyə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. 130.1-ci maddəyə görə Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 133.2.8-ci maddəyə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəyə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəyə görə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 76.1-ci maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəyə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar yuxarıda qeyd olunan Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almalıdırlar. Qeyd olunan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır və həmin qaydaların pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1842 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsindən müəyyən edilir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 31-ci, 32-ci (xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verildiyi hallar istisna olmaqla), 33-cü, 35-ci, 36-cı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla 34-cü və 37-ci maddələrində nəzərdə tutulmuş icazələri vermək, icazə şərtlərinə əməl olunmasına nəzarət etmək həmin orqanının səlahiyyətlərinə aid edilmişdir. Beləliklə hazırkı işin hallarından müəyyən edilmişdir ki, şikayətçi X6 "xxxx" MMC-də yük avtomobili sürücüsü vəzifəsində işləməklə, həmin Cəmiyyətin verdiyi yol vərəqəsi əsasında “Ford Transit” YÜK markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə səlahiyyətli orqanın qanunla müəyyən edilmiş icazəsi, yəni buraxılış vəsiqəsi olmadan Şirvan şəhəri Heydər Əliyev prospektində idarə edərkən AYNA Şirvan regional İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və onun tərəfindən İXM-nin 324.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar edilmişdir. İş materiallarında olan sübutlar əsasında onun qeyd olunan xətanı törətməsi tam sübuta yetirilir və məhkəmə tərəfindən inzibati xətanı istisna edən hallar aşkar edilməmişdir. Məhkəmə şikayətçinin xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsilə yük daşımaması və oan görə də əməlində xəta tərkibinin olammasına dair dəlilinə münasibətdə qeyd edir ki, şikayətçinin sürücü kimi işlədiyi "xxxx" MMC-nin məktubundan görünür ki, tərəflərindən xətanın törədilməsini qismən etiraf etmişdir. Bundan başqa, sürücünün özünün də izahatından müəyyən edilir ki, o, müntəzəm olaraq yük daşınması ilə məşğul olaraq gəlir əldə edir, belə olan halda yük daşıma konstruksiyalı avtomobilin digər məqsədlərlə idarə edilməsinin mümkünlüyünü məhkəmə inandırıcı hesab etmir və qeyd olunan məlumatı Q.Alcanovun özünümüdafiə xarakterli məlumatı kimi qiymətləndirir. Bundan başqa qeyd olunan xəta uzanan inzibati xətalar kateqoriyasına aid olmaqla, xətanın qaşısının xx.xx.2024-cü il tarixdə alınması xəta törətmiş şəxsin həmin vaxt faktiki olaraq yük daşımaması onu məsuliyyətdən azad etmir. Eyni zamanda, "xxxx" MMC xətanın törədilməsi səbəbi kimi qanunverciliyə dəyişiklik edilməsi barədə məlumatının olmaması ilə əlaqələndirilsə də, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİİ bəndinə əsasən qanunu bilməmək hər hansı şəxsi məsuliyyətdən azad etmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsinin tərkib əlamətinin olması tam sübuta yetirilir, onun barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar isə qanuni olmaqla ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Həmçinin qərardan müəyyən edilir ki, X5 İXM-nin müvafiq maddəsinin sanksiyasında müəyyən edilmiş həddə inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Eləcə də məhkəmə tərəfindən hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Ona görə də, X2 şikayəti əsassız olduğundan rədd edilməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-4/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-4/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver