Məhkəmə qərarları › İş №3(071)-404/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-404/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-404/2021 24.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Ruslan Cəfərovun iştirakı ilə, xx.xx.1983-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1-ci maddələri ilə Azərbaycan Respublikası DİN Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X2 08.09.2021-ci il tarixdə saat 14:00 radələrində yaşadıqları ünvan 1 ünvanda atası Zərərçəkmiş şəxs2 döyərək, ona qəsdən sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Həmçinin qardaşı Zərərçəkmiş şəxs1 məxsus olan “Samsung A41” markalı telefonu sındırmış və ona 599 manat zərər vurmuşdur. Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı polis mayoru X5 04.11.2021-ci il tarixdə toplanmış HK- 1/938, HK-1/939, HK-1/941 nömrəli materiallar üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Zərərçəkmiş şəxs1 əməli Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi və X1 əməli Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələri ilə qiymətləndirilmiş və barələrində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Bununla da, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Ruslan Cəfərov tərəfindən Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı polis mayoru X3 HK-1/938, HK-1/939, HK-1/941 nömrəli materiallar üzrə qəbul etdiyi 04.11.2021-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərara əsasən 24.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 24.12.2021-ci il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Ruslan Cəfərov tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə etdi və X1 barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında izahatında bildirdi ki, 08.09.2021-ci il tarixdə saat 14:00 radələrində yaşadıqları ünvan 1 ünvanda atası Zərərçəkmiş şəxs2 döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Həmçinin qardaşı Zərərçəkmiş şəxs1 məxsus olan “Samsung A41” markalı telefonunu sındırmamış və ona 599 manat zərər vurmamışdır. Əksinə qardaşı Rahil ona məxsus olan 549-599 manat dəyəri olan “Redmi Note 9S” markalı mobil telefonu sındırmışdır. O, həmin telefonu ustaya verib təmir etdirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahatında bildirdi ki, qardaşı X2 08.09.2021-ci il tarixdə saat 14:00 radələrində yaşadıqları ünvan 1 ünvanda aralarında yaranmış mübahisə zəminində ona məxsus olan 608 manata aldığı “Samsung A41” markalı telefonu sındırmış və ona maddi zərər vurmuşdur. Hazırda Kamranla barışmamışdır. Ona dəymiş zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahatında bildirdi ki, oğlu X2 08.09.2021-ci il tarixdə saat 14:00 radələrində yaşadıqları ünvan 1 ünvanda onu döyərək, xəsarət yetirmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 09.09.2021-ci il tarixli 298 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarəti - sol əlin arxa səthinin sıyrıqları. Sağ əlin birinci baş barmağının arxa səthinin sıyrığı. Sağ əlin arxa səthinin sıyrığı. Sağ baldırın iç səthinin qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə, müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. "xxxx" MMC-nin verdiyi 28.10.2021-ci il tarixli 4189 nömrəli arayışdan müəyyən edilir ki, “Redmi Note 9S” markalı mobil telefonunun 2021-ci ilin sentyabr ayında satış qiyməti 549-599 manat, “Samsung A41” markalı mobil telefonun qiyməti 599 manat təşkil edir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. X1 Azərbaycan Respublikası İXM-in 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxslərin izahatları, ekspert rəyi, cinayət işinin başlanması rədd edilməsi haqqında qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq, inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 24.12.2021-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərar dərhal icra edilsin. X1 inzibati həbsin icrası yerinə çatdırılması Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar