Məhkəmə qərarları › İş №3(071)-405/2021

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-405/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-405/2021 24.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Ruslan Cəfərovun iştirakı ilə, xx.xx.1986-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 08.09.2021-ci il tarixdə saat 14:00 radələrində yaşadıqları Hacıqabul şəhəri Əliağa Vahid küçəsi ev 101 ünvanda mübahisə zəminində qardaşı X2 məxsus olan “Redmi Note 9S” markalı mobil telefonu sındırmış və ona 549 manat zərər vurmuşdur. Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı polis mayoru X6 04.11.2021-ci il tarixdə toplanmış HK-1/938, HK-1/939, HK-1/941 nömrəli materiallar üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi və X1 əməli Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələri ilə qiymətləndirilmiş və barələrində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Ruslan Cəfərov tərəfindən Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı polis mayoru X4 HK-1/938, HK-1/939, HK-1/941 nömrəli materiallar üzrə qəbul etdiyi 04.11.2021-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərara əsasən 24.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 24.12.2021-ci il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Ruslan Cəfərov tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə etdi və Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 08.09.2021-ci il tarixdə saat 14:00 radələrində yaşadıqları Hacıqabul şəhəri Əliağa Vahid küçəsi ev 101 ünvanda qardaşı X3 ona məxsus olan “Samsung A41” markalı telefonu sındırmışdır. O, qardaşı Kamrana məxsus olan “Redmi Note 9S” markalı mobil telefonu sındırmış və ona hər hansı bir zərər vurmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, qardaşı Şəxs 08.09.2021-ci il tarixdə saat 14:00 radələrində yaşadıqları Hacıqabul şəhəri Əliağa Vahid küçəsi ev 101 ünvanda aralarında yaranmış mübahisə zəminində ona məxsus olan “Redmi Note 9S” markalı mobil telefonu sındırmış və ona maddi zərər vurmuşdur. O, telefonu ustaya verib təmir etdirmişdir. Hazırda Rahillə barışmamışdır. Ona dəymiş zərər ödənilməmişdir. "xxxx" MMC-nin verdiyi 28.10.2021-ci il tarixli 4189 nömrəli arayışdan müəyyən edilir ki, “Redmi Note 9S” markalı mobil telefonunun 2021-ci ilin sentyabr ayında satış qiyməti 549-599 manat, “Samsung A41” markalı mobil telefonun qiyməti 599 manat təşkil edir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanması rədd edilməsi haqqında qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 549 (beş yüz qırx doqquz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar