Məhkəmə qərarları › İş №3(071)-42/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-42/2025

18.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-42/2025 18.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəzərli Elgiz Sənan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolları tərtib etmiş Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhəri, Bakıxanov küçəsi, mənzil 21-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü ildə “Tik-Tok” sosial şəbəkəsində Hacıqabul rayonu, Qarasu kəndində yaşayan Zərərçəkmiş şəxs işə düzəldəcəyi adı ilə ümumilikdə sonuncunu 200 (iki yüz) manat pulunu öz bank hesabına göndərilməsini təmin edərək dələduzluq əməlini törətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdilər ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama əməlləri İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, “Tik-Tok” sosial şəbəkəsində xanımlar üçün iş elanları paylaşır. Həmin elana görə Zərərçəkmiş şəxs ümumilikdə 200 manat pul almışdır. Həmin pul vəsaitini özünə məxsus “ABB” bank kartına almışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2024-cü ilin noyabr ayında “Tik-Tok” sosial şəbəkəsində elana rast gəlmişdir. Həmin elan xanımlar üçün iş elanından ibarət olmuşdur. Səhifədə yerləşdirilmiş nömrə ilə əlaqə saxladıqdan sonra ona bildirilmişdir ki, onun işi ətir qablaşdırmaqdan ibarət olacaqdır. Lakin, rəsmi qeydiyyatda olmaq üçün ödəniş etməlidir. Həmin şəxs özünə məxsus “ABB” kartının nömrəsini ona göndərərək ümumilikdə hissə-hissə 200 manat pul göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 22:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən saat 22:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində 2 (iki) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 22:40-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar