Məhkəmə qərarları › İş №3(071)-431/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-431/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-431/2023 20.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X14, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X11, zərər çəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1970-ci il tarixdə Sabirabad rayonu 2-ci Meyniman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olan və yaşayan X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X18 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-78/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X8 və X9 xx.xx.2015-ci tarixli akt əsasında 3300 manat, xx.xx.2016-cı il tarixli akt əsasında X10 1750 manat pul, X8, X9 və X10 12330 manat torpaq sahəsinə çəkilmiş xərc, vəkil üçün ödənilmiş 300 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X2 ödənilməlidir. Bu günə kimi icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. X4 icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X18 inzibati xəta haqqında protokolu müdafiə edərək əlavə olaraq bildirdi ki, borclu çağırışlara gəlmədiyinə görə onun barəsində axtarış qərarı qəbul edilmişdir. X16 polis əməkdaşları tərəfindən saxlanılaraq Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə onun izahatı alınaraq, xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Borclunun əmlakına yerində baxış keçirmək üçün qeydiyyatda olduğu Hacıqabul rayonu Meyniman kəndində evə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bundan başqa “Elektron icra sistemindən” əldə olunmuş sorğu məlumatlarına əsasən X11 adına Hacıqabul rayon Meyniman kəndində torpaq sahələri vardır. Borclu axtarışda olduğu üçün həmin torpaq sahələri üzərinə həbs qoyulması barədə heç bir sənədləşmə aparılmamışdır. Hazırda icra sənədi üzrə heç bir ödəniş olmamışdır. Borclu tələbkara olan borcunun ödənilməsindən boyun qaçırır. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X11 izahatında bildirdi ki, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olsa da, o, Bakı şəhəri Pirallahi rayonunda yaşayır, arada bir Hacıqabul rayonuna gəlib-gedir. Onun məhkəmə qətnaməsi üzrə icra sənədindən şifahi qaydada məlumatı olmuş, lakin həmin icra sənədinə dair bugünədək ona rəsmi qaydada heç bir sənəd təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq, barəsində axtarış elan edildiyini bildirmiş və onu Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə gətirmişlər. İcra şöbəsində olarkən icra məmuru ona tələbin könüllü icrası barədə bildirişə və digər sənədlərə imza etdirmişdir. Tələbkara olan pul öhdəliyini maddi imkanı olmadığı üçün ödəyə bilmir. Heç bir yerdə işləmir. Borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş borc məbləği ona ödənilməmişdir. X5 ona olan borcunu ödəmir, icra sənədi üzrə bu günə kimi heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən qəsdən yayınır. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-78/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X8 və X9 xx.xx.2015-ci tarixli akt əsasında 3300 manat, xx.xx.2016-cı il tarixli akt əsasında X10 1750 manat pul, X8, X9 və X10 12330 manat torpaq sahəsinə çəkilmiş xərc, vəkil üçün ödənilmiş 300 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-78/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərini könüllü icra etməsi üçün X4na 10 gün müddətində vaxt verilmişdir. Lakin, həmin sənədin borclunun ünvanına göndərilməsinə və həmin vaxt ona rəsmi qaydada təqdim edilməsinə dair hər hansı sənəd materiala əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, X4 icra məmurunun çağırışlarına gəlmədiyindən onun barəsində icra məmuru Ramil Məmmədov tərəfindən axtarş elan edilməsi barədə qərar qəbul edilmişdir. “Elektron icra sistemindən” əldə olunmuş sorğu məlumatlarına əsasən X11 mülkiyyətində Hacıqabul rayon Meyniman kəndində kənd təsərrüfatlı təyinatlı ümumi sahəsi 5.0969 kv. m, 5.6016 kv.m, 3.7958 kv.m, 1.1403 kv.m (reyestr nömrələri **********77, **********76, **********25 və **********74 ) olan torpaq sahələri vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, hazırki halda borclu X12 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından görünür ki, borclunun mülkiyyətində Hacıqabul rayon Meyniman kəndində 4 ədəd kənd təsərrüfatlı təyinatlı torpaq sahələri vardır. Lakin, icra işinə əlavə edilmiş sənədlərdən, icra məmurunun tələbin icra olunması üçün borclunun mülkiyyətində olan torpaq sahələrinə tutmanın yönəldilməsi, bu istiqamətində hər hansı real addımlar atılması, tədbirlər görülməsi görünmür. Bundan başqa, icra sənədinin icraya yönəldildiyi vaxtdan bugünədək icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş borcluya rəsmi qaydada təqdim edilməmiş, borclu barəsində axtarış elan edildikdən sonra o, saxlanılıb xx.xx.2023-cü il tarixdə icra şöbəsinə təqdim edildikdən sonra həmin sənədlər borcluya rəsmi qaydada təqdim edilmiş və dərhal sonra onun inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Belə olan vəziyyətdə, borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, borclu tələbin könüllü icrası barədə bildirişi aldıqdan sonra bildirişdə göstərilən müddət ərzində tələb könüllü olaraq icra edilməzsə, bu zaman icra məmuru əvvəlcə tələbi borclunun əmlaklarına (torpaq sahəsinə, əmək haqqına) yönəltməli, yalnız bu tədbirlər görüldükdən sonra tələb tam olaraq icra edilməzsə və borclu tələbin qalan hissəsinin icrasından boyun qaçırarsa, onun inzibati məsuliyyətə cəlb edilməsi mümkün ola bilər. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda X11 əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X11 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar