Məhkəmə qərarları › İş №3(071)-44/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-44/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-44/2025 04.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, X2 onun barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ YPX inspektoru X5 tərəfindən qəbul edilmiş 04 yanvar 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ YPX inspektoru X5 tərəfindən tərtib edilmiş 04 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* protokolun ləğv edilməsini və həmin qərara əsasən onun adına hesablanmış 100 manat məbləğindəki cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 taksi fəaliyyəti ilə məşğul deyil və o, xx.xx.2025-ci il tarixdə ona məxsus olan **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə şəxsi işi ilə əlaqədar gedərkən avtomobildə onunla birlikdə ümumilikdə 7 nəfər sərnişin olmuşdur. Belə ki, avtomobil zavod konstruksiyasına görə yeddi nəfər sərnişinin daşınması üçün nəzərdə tutulmuşdur. O, idarə etdiyi avtomobillə hərəkətdə olarkən Bakı şəhər DYPİ-nin YPX inspektoru ona dayanma işarəsi vermişdir. Sənədlərə baxış keçirildikdən sonra inspektor avtomobildəki sərnişinlərin sayını soruşmuş, həmin vaxt inspektor ona heç bir etiraz etmədiyindən öz hərəkətinə davam etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə yaşadığı rayonda YPX-nin polis nəfəri ona saxla işarəsi vermiş və onun ödənilməmiş cəriməsinin olması barədə məlumat vermişdir. Bundan sonra, sərnişin daşımaya görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat cərimə təyin edilməsini öyrənmişdir. X1 xx.xx.2025-ci il tarixinə teleqram vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir. Buna görə də, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nə lazımi qaydada məlumat verilsə də, qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXMnin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər DYPİ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ YPX inspektoru X5 tərəfindən tərtib edilmiş 04 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, X3 xx.xx.2025-ci il tarixində, saat 20:43-də “Kia Sorento” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda protokoldan görünür ki, protokolun surətinin alınması ilə bağlı olan hissədə X2 adı əks olunsa da, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxsin imzası yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ YPX inspektoru X5 tərəfindən qəbul edilmiş eyni tarixli, yəni 04 yanvar 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X3 xx.xx.2025-ci il tarixində, saat 20:43-də Bakı şəhəri, Neftçilər prospekti 115-də “Kia Sorento” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərnişin daşıma qaydalarını pozması ilə bağlı Azərbaycan Respublikasının İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan 04 yanvar 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xətanın aşkar edilməsindən dərhal sonra qəbul edilmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, qərar qəbul edilməmişdən öncə barəsində inzibati iş üzrə icraat aparılan şəxs X3 ona istinad edilən inzibati xəta hadisəsi ilə yerində razılaşmamışdır. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ YPX inspektoru X5 tərəfindən tərtib edilmiş 04 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda imzanın olmaması, eləcə də buna dair qeydiyyatın aparılmaması halı özü-özlüyündə həmin protokolun tərtib olunmasında barəsində inzibati xəta haqqında icraat başlanılmış X2 iştirakının təmin olunması məhkəmədə kifayət qədər şübhə yaradır. Belə olan halda məhkəmə tərəfindən müəyyən edilir ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ YPX inspektoru X5 İXM-nin 124.4-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq tərtib etdiyi protokolu baxılması üçün səlahiyyətli yuxarı inzibati orqana göndərmədən dərhal özü həmin protokol əsasənda qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə həmçini qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar onun etirazı nəzərə alınmaqla yuxarı səlahiyyətli orqana baxılması üçün göndərilmədən dərhal sonra qəbul edildiyindən, yəni İXM-nin 124.4-cü maddəsinin tələbi kobud şəkildə pozulduğundan şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ YPX inspektoru X5 tərəfindən qəbul edilmiş 04 yanvar 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 100 manat məbləğində inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ YPX inspektoru X5 tərəfindən qəbul edilmiş 04 yanvar 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nə göndərilsin. Qəbul edilmiş 04 yanvar 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar