Məhkəmə qərarları › İş №3(071)-47/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-47/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-47/2025 12.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay rayonunun Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Göyçay rayonunun Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 1 ədəd “TOZ” markalı” 16 kalibrli, üzərində 5727 nömrəsi olan tək lüləli ov silahını müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan əldə edib saxlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati xətanı törətməsini etiraf edərək izahatında bildirdi ki, törətdiyi əməldən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Hacıqabul rayon X1 Bölməsinin baş təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarında olan Hacıqabul rayon X1 Bölməsinin baş təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan müəyyən edilir ki, 18 dekabr 2024-cü il tarixli HR-1/1460 materialın icrası ilə əlaqədar Göyçay rayonu, Çaxırlı kənd sakini Şəxs aşkar edilmiş 1 ədəd “TOZ” markalı” 16 kalibrli, üzərində 5727 nömrəsi olan tək lüləli ov silahı və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar götürülmüşdür. Baxış keçirilməsi barədə protokola fotoşəkillər əlavə edilmişdir. İş materiallarında olan “təqdim edilmiş maddi sübut barədə” xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən edilir ki, Göyçay rayonu, Çaxırlı kənd sakini Şəxs inzibati xətanın predmeti olan 1 ədəd “TOZ” markalı” 16 kalibrli, üzərində 5727 nömrəsi olan tək lüləli ov silahı müvəqqəti saxlanılması üçün Hacıqabul RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, 1 ədəd “TOZ” markalı” 16 kalibrli, üzərində 5727 nömrəsi olan tək lüləli ov silahı Azərbaycan Respublikası DİN BƏSİİ-nin və RF DİN-nin Baş İnformasiya analitik mərkəzində talanmış və ya itirilmiş silahların uçotu üzrə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Şəxs 1 ədəd “TOZ” markalı” 16 kalibrli, üzərində 5727 nömrəsi olan tək lüləli ov silahını qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Şəxs həmin silahı saxlamaq üçün müvafiq icra hakimiyyətindən müvafiq icazəsi olmamışdır. Həmin ov silahı ondan aşkar edilərək götürülmüş və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmir. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs götürülmüş 1 ədəd “TOZ” markalı” 16 kalibrli, üzərində 5727 nömrəsi olan tək lüləli ov silahı müsadirə edilməklə Şəxs inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Hacıqabul rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd “TOZ” markalı” 16 kalibrli, üzərində 5727 nömrəsi olan tək lüləli ov silahı müsadirə edilməklə, ona 80 (səksən) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar