Məhkəmə qərarları › İş №3(071)-5/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-5/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-5/2025 08.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar X3 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs X5 yaranmış 7232,40 manat aliment borcunu ödəməmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəməkdən imtina etmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında böyük icra məmuru X2 bildirdi ki, 8(071)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli borclu Şəxs əmlakının üzərinə həbsin qoyulmasına dair məhkəmə qərarı ona göndərilməmişdir. İnzibati xəta haqqında protokola xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu inkar etmir. Torpaq üzərinə həbs qoyulmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahatında bildirdi ki, pul məbləğinin yerinə borcluya məxsus torpaq sahəsinin satışa çıxarılaraq borcun ödənməsinə heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-730/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs nisyə aldığı taxıl və yem məmulatlarının dəyərindən ödənilməmiş qalan 7140 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 92,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-730/2022 saylı xx.xx.2022ci il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Lakin, həmin sənədin borclunun ünvanına göndərilməsinə və həmin vaxt ona rəsmi qaydada təqdim edilməsinə dair hər hansı sənəd materiala əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs icra məmurunun çağırışlarına gəlmədiyindən onun barəsində böyük icra məmuru Münasib Muradov tərəfindən axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu dərhal icranı könüllü olaraq təmin etməli və barəsində məcburi icra tədbirləri görülməlidir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-730/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Şəxs mülkiyyətində olan daşınmaz əmlak üzərinə həbs qoyulması barədə Hacıqabul rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş təqdimat təmin edilərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-730/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs məxsus Hacıqabul rayonu Rəncbər kəndində yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********26 olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən borcun ödənilməsini təmin etmək məqsədi ilə borcluya məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədlərində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru məhkəmənin 8(071)-34/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını üzürlü səbəbdən əldə edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar