Məhkəmə qərarları › İş №3(071)-52/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-52/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-52/2024 22.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkar X2 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Hacıqabul rayonu Rəncbər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-730/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs nisyə aldığı taxıl və yem məmulatlarının dəyərindən ödənilməmiş qalan 7140 manat borc və ödənilmiş 92,40 manat dövlət rüsumu olmaqla, cəmi 7232,40 manat pul tutularaq iddiaçı X4 ödənilsin. Bu günə kimi icra sənədi üzrə heç bir ödəniş olunmamışdır. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək əlavə olaraq bildirdi ki, Şəxs 7200 manat tutularaq tələbkara verilməlidir. O, dəfələrlə probasiya şöbəsinə dəvət olunmuş, ona borcun ödənilməsinin zəruriliyi barədə məlumat verilmişdir. Lakin Şəxs heç bir ödəniş etməmişdir. Odur ki təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, tələbkar X4 7230 manat borcu var. Əvvəllər birlikdə ticarətlə məşğul olmuşlar, 2022-ci ildə isə onun tələbkara borcu yaranmışdır. İndiyə qədər tələbkara heç bir ödəniş etməmişdir. Hazırda heç yerdə işləmir, yaşadığı kənddə arpa və buğda satışı ilə məşqul olur. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Bu gündən başlayaraq ödənişlərini edəcəyinə söz verdi. Odur ki, barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X5 izahatında bildirdi ki, 5 il bundan əvvəl borclu ilə birlikdə ticarətlə məşğul olmuşlar. Sonradan Şəxs ona borcu yaranmışdır. Dəfələrlə Şəxslə telefon əlaqəsi saxlamış, o, müəyyən müddət möhlət istəmiş, vədinə əməl etməyərək heç bir ödəniş etməmişdir. Özü ankoloji xəstədir, böyrəyindən əməliyyat olunduğunu və pulunun ödənilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Məhkəməsinin 2(071)-730/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs nisyə aldığı taxıl və yem məmulatlarının dəyərindən ödənilməmiş qalan 7140 manat borc və ödənilmiş 92,40 manat dövlət rüsumu olmaqla, cəmi 7232,40 manat pul tutularaq iddiaçı X4 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-730/2022 saylı xx.xx.2022ci il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Lakin, həmin sənədin borclunun ünvanına göndərilməsinə və həmin vaxt ona rəsmi qaydada təqdim edilməsinə dair hər hansı sənəd materiala əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs icra məmurunun çağırışlarına gəlmədiyindən onun barəsində icra məmuru Ramil Məmmədov tərəfindən axtarş elan edilməsi barədə qərar qəbul edilmişdir. “Elektron icra sistemindən” əldə olunmuş sorğu məlumatlarına əsasən məlum olmuşdur ki, Şəxs “X1 and Engineering Group” MMC-də polad və dəmir-beton konstruksiyalar qzrə quraşdırıcı vəzifəsində işləyir, aylıq əmək haqqısı 450 AZN təşkil edir. Eyni zamanda sorğu məlumatlarına əsasən məlum olmuşdur ki, Şəxs mülkiyyətində **********26 və **********61 reyestr nömrəli torpaq sahələri mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, hazırki halda borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından görünür ki, borclu əmək müqaviləsi ilə işləyərək əmək haqqı alır, habelə mülkiyyətində müxtəlif reyestr nömrələri ilə qeydiyyata alınmış 2 torpaq sahəsi mövcuddur. Lakin, icra işinə əlavə edilmiş sənədlərdən, icra məmurunun tələbin icra olunması üçün borclunun mülkiyyətində olan torpaq sahəsinə tutmanın yönəldilməsi, bu istiqamətində hər hansı real addımlar atılması, tədbirlər görülməsi görünmür. Belə olan vəziyyətdə, borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, borclu tələbin könüllü icrası barədə bildirişi aldıqdan sonra bildirişdə göstərilən müddət ərzində tələb könüllü olaraq icra edilməzsə, bu zaman icra məmuru əvvəlcə tələbi borclunun əmlaklarına (torpaq sahəsinə, əmək haqqına) yönəltməli, yalnız bu tədbirlər görüldükdən sonra tələb tam olaraq icra edilməzsə və borclu tələbin qalan hissəsinin icrasından boyun qaçırarsa, onun inzibati məsuliyyətə cəlb edilməsi mümkün ola bilər. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar