Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-52/2025 04.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, Hacıqabul rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Zeyniyeva X2 Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli e-16(071)-57/2024 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. İş materiallarından görünür ki, hazırkı protokola məhkəmədə baxılmış və Hacıqabul Rayon Məhkəməsinin 3(071)-325/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim Orxan Bayramov) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, tələbkar məhkəmə qərarı əsasında övladı ilə ünsiyyətdə olması ilə əlaqədar borclunun yaşadığı ünvana getmiş nəticədə borclu uşağı yalnız evdə görə biləcəyini və uşağı sərbəst qaydada götürüb aparmasına icazə verməmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli halın əsaslandırılması üçün diqqət usağın mənafeyinə yönəldilməlidir. Belə ki, uşaq xx.xx.2020-ci il təvəllüdlü X5 4 yaşında olduğundan, yaşının azlığı və bu yaşda valideynlərindən birinə, xüsusilə də gündəlik qayğı və bağlılıq göstərən anaya daha çox ehtiyac hiss etməsi xüsusi nəzərə alınmalıdır. Həmçinin, uşağın atası - Zərərçəkmiş şəxs ilə bir ildən çoxdur ki, ünsiyyətdə olmaması, onun atanı tanımama ehtimalını artırır və bu vəziyyətdə uşağın emosional rifahının qorunması zəruridir. Ananın iştirakı olmadan, uşağın atasına tək buraxılması, uşağın narahatlıq keçirməsinə, etibarsızlıq hissinə və potensial psixoloji zərərlərə səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə borclunun icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icrasənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi hal müəyyən edilməmişdir. Bununla yanaşı, müddətin müəyyən edilməsi ilə bağlı bildirişin borcluya təqdim edilməsinə dair iş materiallarında sübut yoxdur. Qərardan narazı qalan zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-17/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, Hacıqabul Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialı qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların yenidən araşdırılması üçün Hacıqabul Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, azyaşlı 2020-ci il təvəllüdlü Ayazın sərbəst şəkildə icra sənədi üzrə tələbkar olan atası Zərərçəkmiş şəxsla ünsiyyətdə olmaq istəyib-istəməməsinə dair fikrinin öyrənilməsi üçün mütəxəssis-psixoloqun iştirakının təmin edilməsi və bu barədə rəyinin alınması zəruridir. Belə ki, hələ 5 yaşına qədəm qoymamış Ayaz öz düşüncələrini bildirməyə qadir olmadığı kimi yetərincə yetkin, maraqlarını anlamağa da qadir deyil. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, uşağın təlim, tərbiyə, təhsil alma haqqı o zaman tam və dərin gerçəkləşir ki, uşaq təkcə ananın deyil, həm də atanın nəvazişi və qayğısı ilə əhatə olunsun. Bu həm azyaşlı uşağın, həm də qohumluq duyğuları və qarşılıqlı bağlılıqlar səbəbindən uşaqla ünsiyyətə ehtiyac duyan atanın mənafelərinə uyğundur. Uşaqla görüşüb ünsiyyətdə olma yerinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, burada hər şeydən əvvəl təbii ki, azyaşlı uşağın mənafeyi əsas götürülməlidir. Lakin bununla yanaşı, məhkəmə həm də iddiaçı atanın menafeyini və valideynlik hisslərini (azyaşlı oğlu ilə qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz və fasiləsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq və sair) nəzərə alaraq onu da qeyd etməyi zəruri hesab edir ki, azyaşlının tərbiyəsinə, sağlamlığına və onun psixi və fiziki inkişafına xələl yetirəcək amillər istisna olmaqla, iddiaçı atanın uşağı ilə sərbəst şəkildə ünsiyyətdə olmasına icra sənədi üzrə borclu-ana və ya digər şəxslər tərəfindən hər hansı məhdudiyyət qoyula bilməz. Odur ki, qeyd olunan halların, eləcə də ata Zərərçəkmiş şəxsla azyaşlı Ayazın sərbəst şəkildə ünsiyyətdə olmasının sonuncunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğunun, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmamasının müəyyənləşdirilməsi üçün müvafiq mütəxəssis rəyi alınmalı, bundan sonra icra sənədi üzrə borclu-ana Şəxs azyaşlı uşağı ilə tələbkar atanın ünsiyyətdə olmasına qəsdən maneçilik törədib-törətməməsi və nəticəsindən asılı olaraq icra sənədini üzürsüz səbəbdən icra edib-etməməsi məsələsi araşdırılmalı və yalnız bundan sonra Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, icra sənədi üzrə borcluya tələbin könüllü icrasına dair bildiriş rəsmi qaydada təqdim edilmiş, eyni zamanda qanunla müəyyən edilmiş vəzifələri izah edilmişdir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli e-16(071)-57/2024 nömrəli qərardadına əsasən borclu üzərinə düşən öhdəliyə üzrsüz səbəbdən əməl etməmişdir. Belə ki, icra sənədi üzrə tələbkar uşaqla ananın iştirakı olmadan ünsiyyətdə olmaq istəmiş, lakin borclu Şəxs buna şərait yaratmamış, yəni atanın uşaqla sərbəst şəkildə ünsiyyətinə maneçilik yaratmışdır. Halbuki qərardadda ünsiyyətin sərbəst şəkildə aparılması müəyyən edilmişdir. Borcluya qanunun tələbi izah edilsə də, o, təkidlə uşağın tələbkarla ünsiyyətinin yalnız onun iştirakı ilə aparılmasını bildirib icra sənədinin icrasına maneçilik yaratmışdır. Həmçinin borclu bildirmişdir ki, tələbkar uşaqla ancaq onun yaşadığı evdə görüşə bilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, uşağın 4 yaşı var və özünü idarə edə bilmir. Tələbkar hər həftənin bazar günü uşaqla görüşür. Onun uşağı atasından ayırmaq niyyəti yoxdur. Sadəcə olaraq görüşün onun iştirakı ilə keçirilməsini istəyir. 3 ildir ki, uşaq atasını görməyib. Uşağı atası ilə tək buraxmağa qorxur. Onlar görüşən zaman kənardan onları izləyir. Tələbkar uşağı öz evinə aparmaq istəsə də, borclu uşaq üçün narahat olduğundan buna icazə vermir. Uşaqla ünsiyyətin yalnız onun iştirakı ilə keçirilməsini xahiş edir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, 26 avqust 2024-cü il tarixli e- 16(071)-57/2024 nömrəli qərardadını mübahisələndirməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, uzun müddətdir borclu ilə nikah münasibətləri pozulmuş, qazanc əldə etmək üçün hər ilin mart-aprel ayları Rusiya Federasiyasına gedir və noyabr-dekabr aylarında yaşadığı Hacıqabul rayonuna qayıdır. Azərbaycan Respublikasında, yəni Hacıqabul rayonun olduğu müddətdə övladı ilə ünsiyyətdə olmağa cəhd etsə də borclu ona maneçilik yaratmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmiş, məhkəmənin müvafiq qərardadına baxmayaraq borclu hazırda da onun övladı ilə sərbəst ünsiyyətinə mane olur. Ona görə də borclunun barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi üzrə materialları araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, icra işi materiallarından görünür ki: - Hacıqabul Rayon Məhkəməsinin e-16(071)-57/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il təvəllüdlü X5 ilə mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilib icra edilənə kimi, hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək sərbəst qaydada ünsiyyətinə hər hansı formada maneçilik törədilməsi Şəxs və digər şəxslərə qadağan edilmişdir. - İcraata başlamaq haqqında qərar borclu Şəxs tələbin könüllü icrasına dair bildirişlə birlikdə 05 sentyabr 2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmiş və borcluya icra sənədinin qanunla müəyyən edilmiş vaxtda icra edilməməsinə, o cümlədən icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə, Şirvan Apellyasiya Məhkəməsinin azyaşlı, 2020-ci il təvəllüdlü Ayazın icra sənədi üzrə tələbkar olan atası Zərərçəkmiş şəxsla ünsiyyətdə olmaq istəyibistəməməsinə dair fikrinin öyrənilməsi məqsədilə mütəxəssis-psixoloqun iştirakı və bu barədə rəyin alınmasının zəruri hesab edilməsi barədə qeydlərini nəzərə alaraq bildirir ki, inzibati xətalar haqqında qanunvericiliyə əsasən, sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulan inzibati xətalar üzrə işlərə, dərhal həmin gün baxılır. Belə ki, azyaşlı Ayazın atası R. Ramazanovla ünsiyyət qurmaq istəyib-istəməməsinə dair fikrinin müəyyən edilməsi üçün mütəxəssis-psixoloqun iştirakı və rəyin alınması uzun müddət tələb edə biləcəyi nəzərə alınmaqla, inzibati xəta işi üzrə icraatın başladığı gün müvafiq rəyin təqdim edilməsi mümkün olmadığından, məhkəmə hesab edir ki, bu məsələ ilə bağlı mütəxəssisin cəlb edilməsi və müvafiq rəyin alınması barədə təklifin təmin edilməsi qeyrimümkündür. Həmçinin Hacıqabul Rayon Məhkəməsinin icraatında müvafiq mübahisə ilə bağlı iddia icraatı qaydasında mülki mübahisənin olması nəzərə alınsa, həmin icraat zamanı müvafiq ekspertiza keçirilməsi təmin ediləcəkdir. Odur ki, məhkəmə hazırda ekspertizanın keçirilməsini zəruri hesab etmir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Eyni zamanda məhkəmə, iş üzrə toplanmış materialları və tətbiq olunan hüquqi normaları nəzərə alaraq müəyyən etmişdir ki, xx.xx.2020-ci il təvəllüdlü X5 hələ beş yaşına çatmadığı üçün müstəqil şəkildə öz düşüncələrini ifadə etməyə və maraqlarını dərk etməyə qadir deyildir. Belə olan halda, uşağın hərtərəfli inkişafının təmin olunması üçün o, yalnız ananın deyil, eyni zamanda atanın qayğısı və nəvazişi ilə də əhatə olunmalıdır. Bu, həm azyaşlının mənafeyinə, həm də onunla ünsiyyətdə olmaq istəyən və qohumluq əlaqələri çərçivəsində ata kimi hüquqlarını həyata keçirmək arzusunda olan tələbkar Zərərçəkmiş şəxs maraqlarına uyğundur. Məhkəmə, uşağın atası ilə görüş yeri və ünsiyyət rejimi məsələsində ilk növbədə azyaşlının mənafeyini əsas götürməklə yanaşı, iddiaçı atanın valideynlik hisslərini, uşağı ilə birbaşa və fasiləsiz ünsiyyət qurmaq istəyini, qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək və müntəzəm münasibət qurmaq arzusunu da nəzərə almağı zəruri hesab edir. Bu baxımdan, azyaşlının tərbiyəsinə, sağlamlığına, psixi və fiziki inkişafına mənfi təsir göstərən hallar istisna olmaqla, icra sənədi üzrə borclu olan ana və ya digər şəxslər tərəfindən atanın övladı ilə sərbəst şəkildə ünsiyyətdə olmasına heç bir məhdudiyyət qoyulmamalıdır. Bu kontekstdə, məhkəmə qeyd edir ki, icra sənədi üzrə borclu - ana Şəxs, azyaşlının fiziki və psixi sağlamlığına, eləcə də əxlaqi inkişafına ciddi zərər yetirə biləcək hallar olmadan, tələbkar ata Zərərçəkmiş şəxs övladı ilə ünsiyyətdə olmasına qəsdən maneçilik törədərək və bunun nəticəsində icra sənədini üzürsüz səbəbdən yerinə yetirmədiyində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati icraat aparılması və müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni əsaslara malikdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin e-16(071)-57/2024 nömrəli, 26 avqust 2024-cü il tarixli qərardadı borclu Şəxs rəsmi qaydada təqdim edilmiş, lakin o, qanunla müəyyən edilmiş müddətdə həmin qərardadı mübahisələndirməmiş və etirazını bildirməmişdir. Dolayısı ilə, o, həmin qərardadla razılaşmışdır. Məhkəmənin qərardadının icrası isə məcburidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30-cu maddəsinin 2-ci hissəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, yaşını, himayəsində azyaşlı övladının olmasını, yəni, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinin 2-ci hissəsinin tələbini və Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-52/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-52/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver