Məhkəmə qərarları › İş №3(071)-53/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-53/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-53/2024 04.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Qazı-Məmməd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Hacıqabul rayon Mərkəzi Xəstəxanasında həkim işləyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində icazə sənədi olmadan ov qaydalarını kobud şəkildə pozaraq 2 ədəd ördək ovlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 272.3-cü maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Hacıqabul rayon Mərkəzi Xəstəxanasında diş həkimi işləyir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu, Xilə kəndinə getmiş və orada tanışları ilə görüşmüşdür. Birlikdə gedib Hacıqabul rayon Muğan qəsəbəsinin yaxınlığında yerləşən gölün kənarından ov etməyə qərar vermişlər. Onlar birlikdə həmin əraziyə getmiş və o, dostu Əvəzə məxsus qoşa lüləli silahla gölün kənarından iki ədəd ördək vurmuşdur. Həmin vaxt oraya polis əməkdaşları gəlib özlərini təqdim etmiş və onları Hacıqabul rayon Polis Şöbəsinə aparmışlar. Onun ov etmək üçün hər hansı icazəsi yoxdur. Ovçuluq etmək üçün də hər hansı rəsmi sənədi yoxdur. Buna görə törətdiyi əməldən peşmandır. Odur ki, barəsində yüngül həddə cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Hacıqabul rayon Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında işə Hacıqabul rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Hacıqabul rayon X1 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin Qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə qanunsuz ovlanmış 2 ədəd ördəklər yararsız olduqları üçün məhv edilmiş və bu barədə akt tərtib edilmişdir. İş materiallarında olan Təbiətə dəymiş ziyana dair hesabatdan görünür ki, iki baş ördək quşunun qanunsuz ovlanması nəticəsində təbiətə 11 manat ziyan vurulmuşdur. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs lazımi icazə olmadan və qadağan edilmiş yerdə ov etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, ov etmək hüququnun xüsusi hüquq kimi yaranması ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazə kimi sənədlərin (hüquqi faktların) mövcud olması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Göründüyü kimi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ov etmək hüququ olmadığı halda, onun barəsində ov hüququnun məhdudlaşdırılması tənbehi tətbiq edilə bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Səbuhi Ağayevin ov etmək hüququ olmamışdır. Bu səbəbdən onun barəsində ov etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilə bilməz. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Şəxs təqsirinin dərəcəsini, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-in 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar