Məhkəmə qərarları › İş №3(071)-569/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-569/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-569/2022 29.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Ruslan Cəfərovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər iki dəfə inzibati tənbeh edilmiş, Hacıqabul şəhəri B.İbrahimov küçəsi ev 51-də yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Hacıqabul rayon polis şöbəsinin qapı postunda müvəqqəti saxlama yerində saxlanılan inzibati həbdə olan Rauf adlı şəxsə yemək-sovqat gətirən zaman, polis əməkdaşları növbətçi hissəyə məlumat verəndən sonra, yeməyi içəri verə biləcəyini ona bildirdikdə, Şəxs bundan əsəbləşərək siz kimsiniz ki, dustağa qref gələn yeməklərin qarşısını alırsınız deyərək, ünvansız söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hacıqabul rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru mayoru Ruslan Cəfərov tərəfindən xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokol tərtib olunmuş və Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Şəxs barəsində Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru Ruslan Cəfərov tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və qanuni tədbir görülməsi üçün məhkəməyə gətirilmişdir. Material məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru Ruslan Cəfərov məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etmədi və bildirdi ki, xx.xx.2022-ci il tarixdə Hacıqabul RPŞ-də müvəqqəti saxlama yerində saxlanılan Rauf adlı şəxsə və digər şəxslərə “qref peredaça-yemək”, çörək, yemək, nar, heyva, şirniyyat aparmışdır. Polis əməkdaşları ona ona bildirmişlər ki, gözləsin, növbətçi hissəyə məlumat versinlər. Sonra içəri keçər. O, polis şöbəsinin həyətində dayanaraq əlindəki təsbehi çəkməyə başlamışdır. Təsbeh çəkməyini ona irad tutmuşlar. O, əsəbləşsə də söyüş söyməmişdir. Polis şöbəsindəki izahatında əlində təsbeh fırladaraq polis postunun qarşısında polis işçisinə sizin ixtiyarınız yoxdur dustağa qref gələn yeməklərin qarşısını alasınız deyərək, özündən asılı olmayan səbəblərdən ünvansız küçə söyüşləri söydüyünü qeyd etsə də, əslində söyüş söyməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin və özünün məhkəməyə verdiyi etirafedici izahatları ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, il ərzində təkrar inzibati xəta törətməsi nəzərə alınaraq, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, inzibati həbsin müddətini müəyyən edir. İnzibati həbsin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2022-ci il saat 12:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 66, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il saat 12:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs inzibati həbsin icrası yerinə çatdırılması Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar