Məhkəmə qərarları › İş №3(071)-570/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-570/2022

23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-570/2022 23.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, məhkəmə iclas katib Səlimova Günel Rauf qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şamaxı rayonu 1-ci Udulu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Hacıqabul rayonu 1-ci Udulu kəndində qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Polis Şöbəsi DYPB-nin YPX inspektoru Amid İsgəndərov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2022ci il tarixdə saat 22:35-də “VAZ 2107” markalı X277XA43 dövlət nömrə nişanlı avtomobili Hacıqabul rayonu Udulu kəndi ərazisində idarə gedərkən, Hacıqabul RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılan zaman nəfəsindən spirtli içki qoxusu gəldiyindən həkim müayinəsinə təqdim olunmuş, onun avtomobili sərxoş halda idarə etdiyi məlum olunmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon X6 Patrul Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2022-ci il tarixli məktubla protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Material xx.xx.2022ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmədi və izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində “VAZ 2107” markalı X277XA43 dövlət nömrə nişanlı avtomobili Hacıqabul rayonu Udulu kəndi ərazisində idarə gedərkən, Hacıqabul RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və ondan spirtli içki qəbul edibetməməsini soruşmuşlar. O, həmin polis əməkdaşlarını rayon sakini kimi əvvəllərdə tanıdığı və münasibətləri yaxşı olduğuna görə, zarafat etmək üçün “içmişəm” demişdir. Lakin o, avtomobili idarə edərkən sərxoş olmamışdır. Polis əməkdaşları alkotester vasitəsi ilə onun nəfəsini yoxlamışlar və alkoqolun miqdarının 0,337 promilli olduğunu göstərərək, ona sərxoş olduğunu bildirərərək, onun barəsində protokol tərtib etmişlər. O, alkotesterin göstəricisi ilə razılaşmamış və həkim müayinəsindən keçməsini təkidlə xahiş etmişdir. “X1” PHŞ TTTYŞ-nin həkimi D.Əhmədov tərəfindən xx.xx.2022-ci il tarixdə saat 22:30-da tibbi müayindən keçmiş və onda alkoqolun miqdarının 0,4 promilli olduğu bildirilmiş, xx.xx.2022-ci il tarixli alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 1270 saylı tibbi müayinə aktı tərtib edilmişdir. Bununla razılaşmayaraq onu yenidən təkrarən tibbi müayinədən keçirilməsini xahiş etmişdir. Təkrar müayindən keçərkən “X1” PHŞ TTTYŞ-nin həkimi D.Əhmədov tərəfindən xx.xx.2022-ci il tarixli saat 22:50-də təkrar tibbi müayindən keçərkən onun spirtli içki qəbul etmədiyi müəyyən olunmuş və alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən xx.xx.2022-ci il tarixli 1270 saylı tibbi müayinə aktı tərtib edilmişdir. Hesab edir ki, onun barəsində inzibati xəta protokolu düzgün tərtib edilməmişdir. Çünki, o, həmin vaxt içkili olmamışdır. Odur ki, barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, Hacıqabul rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin səlahiyyəli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına və inzibati xəta hadisəsi olmadığına görə onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “X1” PHŞ TTTYŞ-nin tərəfindən xx.xx.2022-ci il tarixdə saat 22:30-da verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 1270 saylı tibbi müayinə göstərilir ki, 1981-ci il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30-a həkim D.Əhmədov tərəfindən müayinə olunmuşdur. Onun ağzından spirt iyi gəldiyi qeyd edilmişdir. Sərxoşluq vəziyyəti vardır, 0,4 promildir. Şəxs həkim müayinəsinə Hacıqabul RPŞ DYPB-nin insspektoru İ.İbrahimov aparmışdır. “X1” PHŞ TTTYŞ-nin tərəfindən xx.xx.2022-ci il tarixdə saat 22:50-də verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 1270 saylı tibbi müayinə göstərilir ki, 1981-ci il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:50-də həkim D.Əhmədov tərəfindən müayinə olunmuşdur. Onun ağzından spirt iyi gəlmir. Spirtli içki qəbul etməyib. Ayıqdır. Nitq qabiliyyəti aydındır, hərəkətləri normaldır. Şəxs həkim müayinəsinə Hacıqabul RPŞ DYPB-nin insspektoru İ.İbrahimov aparmışdır. xx.xx.2022-ci il tarixli Alkovizor-AZ817 nömrəli xüsusi texniki vasitə ilə Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:35-də müayinədən keçirilmişdir, alkoqolun miqdarı 0,337 promilli olması göstərilmişdir. Yoxlamanı Hacıqabul rayon Polis Şöbəsi DYPB-nin YPX inspektoru B.Səmədov aparmışdır. xx.xx.2022-ci il tarixdə saat 22:30-da avtomobil duracağa qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə avtomobil X2 təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalırı”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Hazırkı iş üzrə barəsində inzibati icraat aparılan şəxsin alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilməli olduğu halda, Şəxs poliklinikanın həkim-narkoloqu tərəfindən deyil, “X1” PHŞ TTTYŞ-nin feldşer həkimi D.Əhmədov tərəfindən müayinə olunduğu qeyd edilmişdir. D.Əhmədovun hansı ixtisas üzrə həkim olması və sərxoşluq vəziyyətinin hansı texniki vasitə ilə yoxlanması göstərilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə aralarında 20 dəqiqə fərqlə “X1” PHŞ TTTYŞ-nin feldşer həkimi D.Əhmədov tərəfindən eyni nömrəli və eyni tarixli biri-digərinə zidd olan 2 müayinə aktı tərtib edilmiş, xx.xx.2022-ci il tarixdə saat 22:30-da tərtib edilmiş müayinə aktında Şəxs sərxoş olduğu, xx.xx.2022-ci il tarixdə saat 22:50-də tərtib edilmiş müayinə aktında Şəxs ayıq olduğu göstərilmişdir. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalırı”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs spirtli içkiləri qəbul etməsinin müəyyən edilməsi üçün ondan qan analizləri götürülməmiş və yoxlanılmamışdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olduğu halda, bu təmin edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Çünki, İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 69.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. 69.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. Heç bir mötəbər sübut olmadan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair gəlinmiş nəticə əsassız və qanunsuzdur. Çünki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur, həmçinin inzibati xəta hadisəsi yoxdur. Bu səbəbdən onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar