Məhkəmə qərarları › İş №3(071)-596/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-596/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-596/2022 12.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Şakir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Rasim Hüseynovun iştirakı ilə, xx.xx.1991-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, Ağstafa şəhəri A.Ələsgər küçəsi ev 59-da qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr. 31/26 məhəllə ev 177-də yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitələrin istehlakında şübhəli bilindiyi üçün BDYPİ-nin YPXA-nın 720 nömrəli stasionar postunda YPX əməkdaşları tərəfindən saxlanılmış və videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman sərnişini olduğu “Hyundai elantra” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman avtomobilin ön sərnişin oturacaqlarının ortasında yerləşən saxlanc yerindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,23 qram çəkidə kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şəxs sərnişini olduğu “Hyundai elantra” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomaşına videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman avtomobilin ön sərnişin oturacaqlarının ortasında yerləşən saxlanc yerindən 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 18/1154 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,23 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şəxs xx.xx.2022-ci il tarixdə 20:35-də cinayət törətməkdə şübhəli şəxs qismində Hacıqabul rayon Polis şöbəsində tutulmuşdur. İlkin təhqiqat zamanı Şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana şəxsi istehlak miqdarında olduğundan xx.xx.2022-ci il tarixdə saat 14:00-da şübhəli şəxs Şəxs MSY-dən azad olunması haqqında qərar qəbul edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6689 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Hacıqabul rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibi rədd edilmiş və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Hacıqabul rayon Polis şöbəsinin İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Rasim Hüseynov tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Hacıqabul rayon Polis şöbəsinin rəisi müavini Rüfət Quliyev xx.xx.2022-ci il tarixdə qərardad qəbul etməklə qanuni tədbir görülməsi üçün material məhkəməyə göndərmişdir. Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru Rasim Hüseynov məhkəmə iclasında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, Ağstafa şəhəri A.Ələsgər küçəsi ev 59-da qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr. 31/26 məhəllə ev 177-də yaşayır. xx.xx.2022-ci il tarixdə Qazax rayonuna işlə əlaqədar getmiş, orada tikinti işləri aparılan binanın yanından yerdən kibrit qutusu tapmışdır. Həmin qutunun içərisinə baxan zaman orada marixuana olduğunu görmüş və əvvəllərdə bir neçə dəfə marixuana istifadə etdiyim üçün həmin marixuananı cibinə qoyaraq istifadə etmək üçün avtomobilin saxlanc yerinə qoymuşdur . Sonra Tovuz rayonuna getmiş, gecəni orada qaldıqdan sonra xx.xx.2022-cı il tarixdə Tovuz rayonundan çıxıb Bakı şəhəri gedərkən Hacıqabul rayon ərazisində yerləşən YPX postunda sərnişini olduğu avtomobil saxlanılmış, onun sərnişin qismində əyləşdiyi avtomobildə narkotik maddə saxladığından şübhələndiklərini bildirib, videoçəkilişdən istifadə edilməklə həmin narkotik vasitə avtomobilin ön sərnişin oturacaqlarının ortasında yerləşən saxlanc yerindən aşkar edilərək götürülmüşdür. Sorğu zamanı həmin narkotik maddəni Qazax rayonu ərazisindən tapdığını və öz istifadəsi üçün üstündə saxladıığını bildirmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyləri, cinayət təqibi rədd edilməsi barədə qərar, protokol tərtib etmiş şəxsin, onun özünün etirafedici izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq inzibati cərimənin məbləğini müəyyən edir. Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalmış 1,21 qram olan kütlə çətənə (kannabis) qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalmış 1,21 qram olan kütlə çətənə (kannabis) qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata götürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar