Məhkəmə qərarları › İş №3(071)-60/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-60/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-60/2024 29.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxslər Şəxs1 və Şəxs2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 77də qeydiyyatda olmaqla yaşayan Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə, xx.xx.1990-cı il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 94-də qeydiyyatda olmaqla yaşayan Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmələrinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyənetdi: Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmələri barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin İXM-də iki və ya daha çox şəxsin inzibati xətanı birlikdə törətmələri haqqında işlərin bir icraatda birləşdirilməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «……inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….» Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq cinayət təqibi üzrə icraatın birləşdirilməsindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, CPM-in 49.1-ci maddəsinə görə, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Odur ki, məhkəmə, işin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmaq məqsədi ilə hər iki şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işlərin bir icraatda birləşdirilərək baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Materiala əlavə edilmiş Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib olunmuş 29 fevral 2024-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs1 və Şəxs2 xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Hacıqabul şəhəri, H.Əliyev prospektində sərxoş halda ictimai yerdə ucadan qışqıraraq, nalayiq ifadələr işlədərək, prospektdə hərəkətdə olan nəqliyyat vasitələrinin təkərlərinə təpiklə zərbələr endirmiş, bu zaman hadisə yerinə gələn və onları nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar. Beləliklə, Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Hacıqabul şəhəri, H.Əliyev prospektində Şəxs1 və Şəxs2 sərxoş halda ictimai yerdə ucadan qışqıraraq, nalayiq ifadələr işlədərək, yolda hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkətlərinə maneə yaradaraq, həmin avtomibillərin təkərlərinə təpiklə zərbələr vurmuşlar. Bu zaman hadisə yerinə gələn və ərazidə xidmət aparan polis əməkdaşları onları sakitləşdirərək nizam intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymaraq öz hərəkətlərini davam etdirmişlər. Buna görə də, onlar barəsində ayrı-ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs1 və Şəxs2 barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs1 özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində qonşusu və tanışı Şəxs2 ilə birlikdə sərxoş halda şəhərin H.Əliyev prospektində yüksək səslə qışqıraraq səs-küy salmış, sərxoş olduqlarından küçədə olan avtomobillərin təkərlərinə təpiklər vurmuşlar. Hadisə yerinə gələn polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də, özlərində olmadıqlarından onların tələbinə tabe olmamışlar. Törətdiyi əməldən peşmandır. Onun barəsində yüngül tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs2 özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində qonşusu və tanışı Şəxs1 ilə birlikdə spirtli içki qəbul etikdən sonra sərxoş halda şəhərin H.Əliyev prospektinə çıxmış və yüksək səslə qışqırmağa başlamışlar. Hadisə yerinə gələn polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də onların tələbinə tabe olmamışlar. Törətdiyi əməldən peşmandır. Onun barəsində yüngül tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Hacıqabul şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman Şəxs1 və Şəxs2 ucadan söyüş söymələri, avtomaşınların təkərlərini təpikləmələrini müşahidə etmişlər. Dərhal hadisə yerinə CAB-nın əməliyyat müvəkkilləri Emil Cəfərov və Eldar Soltanov ilə getmiş, orada həmin şəxsləri nizam intizama dəvət etmişdir. Bu zaman Şəxs1 və Şəxs2 sərxoş olduqlarından öz etirazlarını bildirərək onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs1 inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 21:45-də tutulmuşdur. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs2 inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 21:35-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmələri özlərinin etirafedici izahatları ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onların inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs1 və Şəxs2 həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs1 və Şəxs2 ictimai yerdə eyni vaxtda törətdikləri İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxslərin məsuliyyətini yüngülləşdirən müəyyən edilməməsini, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.5) nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onların tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 21:45-dən hesablansın. Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 21:35-dən hesablansın Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar