Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-63/2025 25.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, Hacıqabul rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon prokuroru tərəfindən qəbul edilmiş qərara əsasən başlanmış icraat üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon prokuroru tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və başlanmış icraat üzrə toplanmış 01 inx-25 nömrəli material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qərardan və toplanmış materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz 2106” markalı, **-VO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Hacıqabul rayonu Qubalıbalaoğlan kəndi ərazisində sərnişin Zərərçəkmiş şəxs ilə birlikdə saatda 60-65 km/surətlə hərəkətdə olan zaman qarşısına it çıxdığından idarəetməni itirərək avtomobili yol kənarındakı arxa aşırmış, nəticədə sərnişin Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon prokurorunun köməkçisi X3 izahatında bildirdi ki, Hacıqabul rayon mühafizə bölməsinin polis nəfəri vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, faktla bağlı onun barəsində araşdırma rayon prokurorluğunda aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsindən sərnişin olmuş iş yoldaşı Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Lakin onun əməlində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan məhkəmədən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tədbiri təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 09:30-da iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə ona məxsus “Vaz 2106” markalı **-VO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Hacıqabul rayonu Qubalıbaloğlan kəndində xidmətə getmiş, bir sutka xidmətdə olduqdan sonra səhəri gün, yəni, xx.xx.2024-cü il tarixdə səhər saat 09:30 radələrində özünə məxsus “Vaz 2106” markalı **-VO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs xidmət etdiyi “Pir Hüseyn xanagahı” dan götürərək Hacıqabul şəhəri istiqamətində hərəkət edən zaman avtomobilin qarşısına it çıxmış, iti vurmamaq üçün avtomobili yolun sol hissəsinə çəkmiş, bu zaman yuxusuz olduğundan idarəetməni itirib avtomobili yol kənarındakı su arxına aşırmışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs burun və üz nahiyyəsindən xəsarət almışdır. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, 2013-cü ildən X4 şöbəsində polis nəfəri kimi xidmətə başlamışdır. O, xx.xx.2024-cü il tarixdə saat 09:30-da iş yoldaşı Şəxs ilə birlikdə ona məxsus “Vaz 2106” markalı **-VO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Hacıqabul rayonu Qubalıbaloğlan kəndində xidmətə getmişdir. Şəxs Qubalıbaloğlan kəndində yerləşən “Pirsaat su anbarına”, o isə həmin kənddə yerləşən “Pir Hüseyn xanagahına” xidmətə başlamışdır. Bir sutka xidmətdə olduqdan sonra səhəri gün yəni, xx.xx.2024-cü il tarixdə səhər saat 09:30 radələrində yenidən Şəxs ilə birlikdə ona məxsus “Vaz 2106” markalı **-VO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Hacıqabul şəhərinə düzülüşə gəlmək məqsədi ilə yola çıxmışdır. O, Şəxs idarə etdiyi avtomobildə ön oturacaqda oturmuşdur. Qubalıbaloğlan kəndi ərazisində hərəkətdə olduğu zaman o, şəxsi telefonunda yazışdığı zaman Elnur qəflətən tomozlanma etmişdir. Bu zaman avtomobil yolun asfalt örtüklü hissəsi ilə bir qədər sürüşərək yolun sol hissəsinə su kanalının içərisinə aşmışdır. Həmin vaxt baş nahiyyəsindən xəsarət almışdır. Avtomobil damı üzərində aşdığından o, avtomobilin sərnişin tərəfində pəncərədən çölə çıxmışdır. O, baş nahiyyəsindən xəsarət aldığına görə yoldan keçən kənd sakininin avtomobili ilə Hacıqabul rayon mərkəzi xəstəxanasına gəlmişdir. Ona Hacıqabul RMX-da ilkin yardım olunduqdan sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına getmişdir. Hazırda səhhətində hər hansı problemi yoxdur. Hadisə nəticəsində yüngül xəsarət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, Hacıqabul rayon prokurorluğundan daxil olmuş 01 inx-25 nömrəli inzibati xəta haqqında materiala və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 06 fevral 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Hacıqabul Rayon Prokurorluğunda Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına səbəb xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Şəxs etibarnamə əsasında idarə etdiyi “Vaz 2106” markalı, **-VO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Hacıqabul rayonu Qubalıbalaoğlan kəndi ərazisində idarəetməni itirərək avtomobili yol kənarındakı arxa aşırması və nəticədə sərnişin Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti alması faktı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xidməti vəsiqədən müəyyən edilir ki, Şəxs Baş Mühafizə İdarəsinin Hacıqabul rayon mühafizə bölməsində polis nəfəri işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/2581 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, “Vaz-2106” markalı **-VO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəydə həmçinin qeyd edilmişdir ki, hadisə yerində qalmış tormoz izinə görə “VAZ-2106” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozlamadan əvvəlki hərəkət sürəti 70 km/saatdır. Lakin toqquşma zamanı kinetik enerjinin bir hissəsinin avtomobillərin hissələrinin deformasiyasına sərf olunması nəzərə alınmaqla qeyd edilir ki, “VAZ-2106” markalı avtomobilin hadisədən əvvəlki real hərəkət sürəti hesabatla müəyyən edilmiş 70 km/saatdan artıq olmuşdur. Nəqliyyat vasitələrinin toqquşması zamanı deformasiyaya sərf olunan kinetik enerjinin itkisini nəzərə alan və ekspertizada istifadə edilməsi üçün təsdiq edilmiş metodika olmadığından, “VAZ- 2106” markalı avtomobilin hadisədən əvvəlki real hərəkət sürətini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli 310 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində sol gözaltı nahiyyənin sıyrığı, burun yəhərinin sol yan hissəsinin sıyrığı, sağ saidin arxa səthinin sıyrığı, alının burunun əzilməsi, sıyrılmış yaralar, burun sümüyünün sınığının olduğu müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddət müayinə gününə xx.xx.2024-cü il tarixə uyğundur. Qeyd olunan xəsrətlər sağlamlığın qısa müddət itirilməsinə səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən isə nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat, həmin Məcəllənin 328.2-ci maddəsində əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat, həmin Məcəllənin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat, həmin Məcəllənin 328.4-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinin 5-ci bəndinə əsasən Məcəllənin 327.8, 333.1, 333- 1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki halları ondan ibarətdir ki, Hacıqabul rayonunun Qubalıbaloğlan kəndi ərazisində Baş Mühafizə İdarəsinin Hacıqabul rayon mühafizə bölməsində polis nəfəri işləyən Şəxs 25 avqust 2024-cü il tarixdə, saat 09:30-da radələrində etibarnamə əsasında idarə etdiyi “Vaz 2106” markalı, **-VO-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan maneə (it) səbəbindən idarəetməni itirmiş və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili yol kənarındakı arxa aşırmış, nəticədə həmin vaxt avtomobildə sərnişin qismində olan iş yoldaşı, polis nəfəri Zərərçəkmiş şəxs Asif oğlu yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ədalətli olmaqla yanaşı onun məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündən inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-63/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-63/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver