Məhkəmə qərarları › İş №3(071)-69/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-69/2024

21.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-69/2024 21.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Rəhimli İbrahim Mübariz oğlunun katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsi ev 45-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:02-də istifadəsində olan özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə zəng edərək, orada xidmətdə olan operatoru nalayiq ifadələrlə söyüb təhqir etmiş, müraciət əsasında hadisə yerinə getmiş və söyüş söydüyünə görə onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:02-də istifadəsində olan özünə məxsus mobil telefonla DİN 102 xidmətinə zəng vuraraq, orada işləyən operatoru nalayiq ifadələrlə söyüb təhqir etmiş, daxil olmuş müraciət əsasında hadisə yerinə getmiş polis əməkdaşları onu sakitləşdirərək nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 19 mart 2024-cü il tarixdə günorta saatlarında dostu ilə birlikdə kafedə oturub yemək yeyib spirtli içki içmişdir. Sonra marketə gedərkən tanışı Alim adlı şəxs ondan siqaret istəmişdir. O, siqareti cibindən çıxaran zaman 20 manat pulu da cibindən çıxmışdır. Bu vaxt Alim cibindən çıxardığı 20 manat pulu onun əlindən alıb qaçmışdır. O, bu barədə DİN 102 xidmətinə zəng vurub məlumat vermişdir. Lakin, polis əməkdaşları gəlmədiyinə görə təkrar 102 xidmətinə zəng edərək Alimin ünvanına söyüşlər söymüşdür. Bir müddət sonra polis əməkdaşları ona yaxınlaşmışdır. Həmin vaxtı o, polis əməkdaşlarını söyməmişdir. Polis əməkdaşlarının təklifi ilə polis avtomobilinə minib polis şöbəsinə getmişdir. Spirtli içkinin təsiri altında olduğundan hadisə vaxtı baş verənləri dəqiq xatırlamır. Törətdiyi əməldən peşmandır. Himayəsində xəstə anası və bacısı vardır. Qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X4 izahatında göstərdi ki,xx.xx.2024-cü il tarixdə saat 17:02-də Hacıqabul şəhər sakini Şəxs Hacıqabul şəhəri, S.Almazov küçəsində istifadəsində olan özünə məxsus ***- ***-**-** nömrəli mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə zəng edərək, orada xidmətdə olan operatoru nalayiq ifadələrlə söyüb təhqir etməsi barədə Hacıqabul RPŞ-nin növbətçi hissəsinə məlumat daxil olmuş, daxil olmuş müraciət əsasında hadisə yerinə gedərkən onları da nəlayiq ifadələrlə söyüv təhqir etmiş, onu nizam intizama dəvət etsələrdə qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclası zamanı şahid X3 şahid X7 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən DİN-in 102 Xidmətinə zəng edərək, 8 manat pulunun oğurlanması barədə məlumat vermiş, həmçinin həmin tarixdə istifadəsində olan mobil nömrədən DİN-in 102 xidmətinə zəng edərək operatoru nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt RPŞ-nin Əməliyyat-İstintaq qrupunun əməkdaşları Hacıqabul şəhəri, H.Aslanov küçəsinə getmişlər. Həmin vaxt qeyd olunan küçədə Şəxs uca səslə ünvansız nalayiq ifadələr,, həmçinin söyüşlər söyərək qanunvericiliklə müəyyən edilmiş birgəyaşayış və davranış qaydalarını, yəni ictimai qaydanı pozduğunu görmüşlər. Şəxs sakit olmasını, səs-küy salmamasını və ictimai qaydanı pozmamasını bildirsələr də Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirməklə ictimai qaydanı pozmaqda davam etmişdir. Şəxs ictimai qaydanı pozması və tabesizlik göstərməsi ilə əlaqədar RPŞ-nə gətirilib növbətçi hissəyə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün qismən etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs ictimai yerdə eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməməsini, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.7) nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar