Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-7/2022 06.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X1 iştirakı ilə, xx.xx.1978-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru Asif Həsənov tərəfindən tərtib edilmiş 27.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 06.12.2021-ci il tarixdə saat 02:00 radələrində Hacıqabul rayonu Meyniman kəndi ərazisində xüsusi icazəsi olan tək lüləli, “4062” nömrəli bir ədəd 12 kalibrli “MU 21-12” markalı mülki ov silahının daşınması qaydasını pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi A.Həsənov məhkəmə iclasında protokolu müdafiə etdi və Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilmədi və izahatında bildirdi ki, o, həvəskar balıqçıdır və ovçu kimi onun tək lüləli, “4062” nömrəli 12 kalibrli “MU 21-12” markalı mülki ov silahını saxlamağa və təyinatı üzrə istifadə etməyə hüququ vardır. Bu barədə ona Hacıqabul rayon Polis Şöbəsi tərəfindən 15.04.2020-ci il tarixdə H-41 nömrəli şəhadətnamə verilmişdir. O, 06.12.2021-ci il tarixdə Hacıqabul rayonu Meyniman kəndi ərazisində yerləşən “Şirvan” kanalına balıq tutmağa gedərkən, özünə məxsus və xüsusi icazəsi olan tək lüləli, “4062” nömrəli bir ədəd 12 kalibrli “MU 21-12” markalı mülki ov silahını da özü ilə götürmüşdür. 06.12.2021-ci il tarixdə saat 02:00 radələrində Hacıqabul rayonu Meyniman kəndi ərazisindən keçən “Şirvan” kanalının qırağı ilə evinə qayıdarkən Hacıqabul rayon Polis Şöbəsinin polis nəfəri polis serjantı Rabil İsmayılov ona yaxınlaşaraq silahın sənədlərini istəmişdir. O, silahın sənədini təqdim etmək istəyərkən, sənədi evdə unutduğunu aşkar etmişdir. O, silahın özünə məxsus olduğunu və Hacıqabul rayon Polis Şöbəsi tərəfindən ona ov silahını saxlamağa və təyinatı üzrə istifadə etməyə dair şəhadətnamə verildiyini bildirmişdir. Evdən silahın sənədini gətirib təqdim edə biləcəyini demişdir. X2 polis şöbəsinə gətirmişdir. O, silahın sənədini gətirib təqdim etməsinə baxmayaraq, onun barəsində inzibati xata törətməsinə dair protokol tərtib etmişlər. Hesab edir ki, protokol düzgün tərtib edilməmişdir. Çünki, onun ov silahını saxlamağa və ondan təyinatı üzrə istifadə etməsinə dair müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi var və o, ov silahının saxlanılması, daşınması qaydalarını pozmamışdır. Bu səbəbdən barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına və inzibati xəta hadisəsi olmadığına görə onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Tək lüləli, lülənin üzərində “4062” nömrə yazısı olan bir ədəd 12 kalibrli “MU 21-12” markalı ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Hacıqabul rayon Polis Şöbəsi tərəfindən H-41 nömrəli şəhadətnamə əsasında 15.04.2020-ci il tarixdə Şəxs verilmişdir. Şəxs ov silahını saxlamağa və ondan təyinatı üzrə istifadə etməsinə dair müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi var və onun həmin ov silahının saxlanılması və daşınması qaydalarını pozmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, heç bir mötəbər sübut olmadan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsinin gəldiyi nəticə əsassız və qanunsuzdur. Çünki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur, həmçinin inzibati xəta hadisəsi yoxdur. Bu səbəbdən onun barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-7/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-7/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver