Məhkəmə qərarları › İş №3(071)-71/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-71/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-71/2025 19.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş 19 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci ildə saat 14 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində küçədə səs-küy salaraq ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmiş ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi X7 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayonu ərazisində həyata keçirilən dövlət tədbiri zamanı istifadəsində olan “Opel” markalı **-SD- *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks istiqaməti ilə hərəkət etmiş, həmin vaxt ərazidə xidmətdə olan Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Cavid Misirxanov tərəfindən ona əməlinin qeyri-qanuniliyi izah edilmişdir. Şəxs ona tutulan iraddan aqressivləşərək ucadan əvvəlcə ünvansız, sonra isə polis əmkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs qanunazidd əməllərini davam etdirdiyinə görə hadisə yerinə digər polis əməkdaşları gəlmişlər. Təxminən 10-15 dəqiqədən sonra polis əməkdaşları Şəxs sakitləşdirib Hacıqabul RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsinin inzibati binasında olarkən Şəxs qanunazidd əməllərini davam etdirərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə davam edərək şöbənin normal iş fəaliyyətinə mane olmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci ildə saat 14 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində özünə məxsus avtomobili idarə edərkən yolun əks istiqaməti ilə hərəkət etmişdir. Həmin vaxt orada xidmətdə olan polis əməkdaşları onun avtomobilini saxlayaraq ona iradlarını bildirmişlər. O, övladının məktəbə gecikdiyini bildirmiş və polis əməkdaşlarının onun hərəkət etməsinə maneçilik törətməsindən əsəbləşərək polis əməkdaşları ilə uca səslə danışmış, onların xidmət aparmalarına mane olmuşdur. Sonradan polis əməkdaşları onu Hacıqabul RPŞ-nə gətirmişlər. Törətdiyi əməldən peşmandır. Özünü tam təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, xx.xx.2025-ci ildə saat 14 radələrində Hacıqabul rayonu ərazisində dövlət əhəmiyyətli tədbir olmuşdur. Şəxs yolun əks istiqamətində hərəkət edən zaman polis əməkdaşı Cavid Misirxanov tərəfindən saxlanılmışdır. Saxlanılan zaman avtomobildən düşüb səs-küy salmağa başlamışdır. Polis əməkdaşı onu sakitləşdirməyə çalışsa da, o, öz hərəkətlərinə davam etmişdir. Polis Şöbəsinə gətirilən zaman Şəxs yenidən səs-küy salmağa davam etmiş, Polis Şöbəsində fəaliyyət göstərən polis əməkdaşlarının işinə qəsdən maneəçilik törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X3 ilə eyni məzmunlu izahat vermişdir. “İnzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X2 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:10-da inzibati qaydada tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs polis əməkdaşları tərəfindən tutularkən ictimai yerdə eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar