Məhkəmə qərarları › İş №3(071)-74/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-74/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-74/2024 18.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Hacıqabul rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Nahid Məmmədovun iştirakı ilə, xx.xx.1985-ci ildə Türkiyə Respublikasında doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, ali təhsilli, evli, “X8 Zavodu” MMC-nin logistika və inzibati təsərrüfat şöbəsinin müdiri işləyən, Türkiyə Respublikasında qeydiyyatda olmaqla, Hacıqabul rayonu Padarçöl kəndində yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Prokuroru, baş ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2024-cü il tarixli qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardan görünür ki, vəzifəli şəxs X5 “X8 zavodu” MMC-nin logistika və inzibati təsərrüfat şöbəsinin müdiri vəzifəsini icra edərkən SƏTƏM qaydalarını bilməli, tabeçiliyində olan işçilərin alacağı qərarlardan və gördüyü işlərdən cavabdeh olmalı, iş təhlükəsizliyi və işçi sağlamlığının mühafizəsi tədbirlərinin alınması, yəni tabeçiliyində olan işçilərin texniki təhlükəsizlik və ya əmək mühavizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaların tələblərini pozması nəticəsində xx.xx.2023cü il tarixdə saat 14:40 radələrində traktorun bortsuz qoşqusunun üstünə yüklənən 20-25 ədəd döşəyin kəndirlə bağlanmaqla bərkidilmədiyinə və döşəklər yüklənmiş qoşquda fəhlələrin daşınmasına yol verdiyinə görə fəhlə X1 müəssisəsinin anbarından döşəkləri traktor qoşqusuna yükləyib yeni tikilən yataqxanaya aparan zaman yolda döşəklərin sürüşüb yerə düşməsi nəticəsində həmin döşəklərlə birlikdə qoşqudan yerə yıxılaraq sağ körpücük sümüyünün akromial ucunun yerini dəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X4 lazımı qaydada məlumat verilsə də, o məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş. Bu səbəbdən məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında Hacıqabul rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Nahid Məmmədov inzibati xəta haqqında icraatın başlanması haqqında qərarın məzmununa uyğun çıxış edərək, bildirdi ki, X7 Tugal göstərişinə əsasən traktora yük yığılmış, lakin onun tərəfindən əməyin mühafizəsi qaydalarına riayət edilməmiş və nəticədə orada fəhlə işləyən Seyran Hasilov traktordan yıxılaraq xəsarət almışdır. X7 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdən “X8 Zavodu” MMC-nin logistika və inzibati təsərrüfat şöbəsinin müdiri işləyir. İş materiallarında olan məhkmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 563 nömrəli rəyindən görünür ki, X1 bədən səthində aşkar olunan xəsarətlər-sağ körpücük sümüyünün akromial ucunun yerini dəyişmiş qəlpəli sınığı-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Xəsarətin hansı şəraitdə əmələ gəlməsinin müəyyənləşdirilməsində hadisə yerinə baxış və təhqiqat araşdırması əhəmiyyət kəsb edə bilər. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə təhlükəsizliyi texnikası ekspertizasının xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/1174 nömrəli rəyindən görünür ki, traktorun bortsuz qoşqusunun üstünə yüklənən 20-25 ədəd döşək kəndirlə bağlanmaqla bərkidilmədiyinə və döşəklər yüklənmiş qoşquda fəhlələrin daşınmasına yol verildiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Traktorlarda, kənd təsərrüfatı və xüsusi təyinatlı maşınlarda iş zamanı təhlükəsizlik texnikası qaydaları”-nın 225 və 276-cı bəndlərinin tələbləri pozulmuşdur. İşlərinin təhlükəsizlik qaydalarına uyğun aparılması təşkil olunmadığına görə, “Traktorlarda, kənd təsərrüfatı və xüsusi təyinatlı maşınlarda iş zamanı təhlükəsizlik texnikası qaydaları”-nın 226 və 275-ci bəndlərinin tələbləri “X8 Zavodu” MMC-nin logistika və inzibati təsərrüfat şöbəsinin müdiri X5 tərəfindən pozulmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “X8 Zavodu” MMC-nin lojistika və inzibati təsərrüfat şöbəsinin müdiri işləyən X3 əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 198.2-ci maddəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsində isə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə tədqiq edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “X8 Zavodu” MMC-nin logistika və inzibati təsərrüfat şöbəsinin müdiri işləyən vəzifəli şəxs X5 tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən X2 xx.xx.2023-cü il tarixdə müəssisəsinin anbarından döşəkləri traktor qoşqusuna yükləyib yeni tikilən yataqxanaya aparan zaman yolda döşəklərin sürüşüb yerə düşməsi nəticəsində həmin döşəklərlə birlikdə qoşqudan yerə yıxılaraq sağ körpücük sümüyünün akromial ucunun yerini dəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır xəsarət almışdır. Bununla da X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, X5 həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırladıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar