Məhkəmə qərarları › İş №3(071)-74/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-74/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-74/2025 14.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-cı il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında bağban vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib olunmuş 27 yanvar 2025-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 15-də yerləşən Hacıqabul rayon Mərkəzi Xəstəxanasının inzibati binasının daxilində otaq qapısına qəsdən başı ilə vurub 165 manat, arakəsmə qapının bulanıq (buz) şüşəsini sındırıb 40 manat maddi ziyan vurmuş, bundan başqa qışqırıb səs-küy salıb ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətarı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərdi ki, Hacıqabul şəhərində yaşayır. Təxminən 2 il 6 aydır ki, Hacıqabul RMX-də bağban işləyir. Atasına iş axtarmaq üçün Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının qəbuluna yazılmışdır və xx.xx.2024-cü il tarixdə qəbula getmişdir, 11-ci sıra onun olmuşdur. O, İcra Başçısının qəbuluna gedən zaman Hacıqabul RMX-nin direktoru Natiq Əliyevin müavini Cahangir Şıxəliyevdən icazə almışdır. Natiq Əliyev də İcra Başçısının qəbulunda olmuş, orada onu görəndə kimdən icazə aldığını və icazə ərizəsi soruşaraq sual vermişdir. O, Natiq Əliyevə bildirmişdir ki, şifahi olaraq Cahangirdən icazə almışdır. Çıxıb iş yerinə qayıtmış və iş yerində direktor Natiq Əliyev onu otağa çağırmış və Cahangir və bir neçə həkimin qarşısında əlini yumruqla stola vuraraq icazəsiz icra başçısının qəbuluna getməsini irad bildirdikdə o, şifahi icazə aldığını demişdir. Natiq Əliyev əlini 3 dəfə stola çırpıb onunla yüksək tonda danışan zaman o, başını onun otağında divara vurmuş və səsini kəsməsini xahiş etmişdir. Lakin, Natiq Əliyev öz hərəkətlərini davam etdirdiyi üçün o, onun otağının giriş qapısına başı ilə vurmuş, nəticədə qapı əzilmişdir. Sonra kalidora çıxaraq orada olan arakəsmə şüşənin sağ əli ilə yumruq vuraraq sındırmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasının yeri və vaxtı barəsində qabaqcadan məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib edən orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, habelə məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Hacıqabul RMX-nin direktoru Natiq Əliyevin ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 232-1 və 510-cu maddələrinin tərkib əlamətləri olduğundan qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. Eyni zamanda qərardan müəyyən edilir ki, hadisə nəticəsində zərər dəymiş otaq qapısının dəyəri 125 manat, qırılan buz çərçivənin qiyməti 40 manat olmaqla, dəymiş zərər ümumilikdə 165 manat məbləğində olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” qərardan müəyyən edilir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında icraat Azərbaycan Respublikası İXM-nin 104.1.1-ci maddəsinə (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə) əsasən dayandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə” qərardan müəyyən edilir ki, Şəxs olduğu yer müəyyən olunduğundan inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallrında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 15-də yerləşən Hacıqabul rayon Mərkəzi Xəstəxanasının inzibati binasının daxilində otaq qapısına qəsdən başı ilə vurmuş, həmçinin arakəsmə qapının bulanıq (buz) şüşəsini sındırmışdır. İş materiallarında olan, hadisə nəticəsində zərər dəymiş otaq qapısı və arakəsmə qapının bulanıq (buz) şüşəsinin dəyərini özündə əks etdirən mədaxil qəbzi, məktub və digər sənədlərdən müəyyən edilir ki, zərər dəymiş otaq qapısının yerinə yenisi alınmış və çəkilən xərc mədaxil qəbzində 125 manat olaraq göstərilmişdir. Bundan başqa, arakəsmə qapının bulanıq (buz) şüşəsinin 2024-cü ilin noyabr ayı üzrə orta bazar qiyməti 2 kv üçün 40 manat dəyər müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi İXM-in 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 232-1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarından cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında, yəni 165 (yüz altmış beş) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar