Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-78/2022 28.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Zaur Səlimovun iştirakı ilə, xx.xx.1992-ci ildə Quba rayonu Xınalıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu Xınalıq kəndində daimi qeydiyyatda olmaqla, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 232-1-ci maddələri ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 06.03.2022-ci il tarixdə saat 13-14 radələrində özünə məxsus 300 baş xırdabuynuzlu heyvanı Hacıqabul rayon Qubalıbaloğlan kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs Hacıqabul rayon Qubalıbaloğlan kəndində 5,0 ha torpaq sahəsində əkdiyi arpa sahəsinə buraxmış və heyvanları taxıl sahəsində otararaq Zərərçəkmiş şəxs 1240 manat maddi zərər vurmuşdur. Bu zaman aralarında yaranan mübahisə zamanı Şəxs yumruqla Zərərçəkmiş şəxs ağzından vuraraq, ona qəsdən sağlamlığına zərər vurmayan xəsarət yetirməklə, döymüşdür. Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı polis mayoru X7 15.03.2022-ci il tarixdə toplanmış HK-1/242 nömrəli material üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələri ilə qiymətləndirilmiş və barəsində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Zaur Səlimov tərəfindən Hacıqabul RPŞ TB-nin baş təhqiqatçısı polis mayoru X5 HK-1/242 nömrəli material üzrə qəbul etdiyi 15.03.2022-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərara əsasən 26.03.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 26.03.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Zaur Səlimovtərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə etdi və Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, Quba rayonu Xanlıq kəndində daimi qeydiyyatda olmaqla Hacıqabul rayonu Qubalıbaloğlan kəndində yaşayır. Onun mərhum atası X1 rayonu Qubalıbaloğlan kəndi ərazisində 420 ha qış otlaq sahəsi icarəyə götürmüşdür. Həmin sahədə ferma yaradıb iribuynuzlu və xırda buynuzlu heyvanlar saxlayırlar. Hacıqabul rayon İHB-nın 30.12.2014-cü il tarixli sərəncamına əsasən Hacıqabu rayonu Qubalıbaloğlan kəndi ərazisində 420 ha qış otlaq sahəsi ona icarəyə verilmişdir. 2021-ci ilin noyabr ayında Quba rayonundan Hacıqabul rayonu Qubalıbaloğlan kəndində yerləşən fermaya getdikdə onun icarəsində olan 420 ha torpaq sahəsinin 5,0 ha hissəsinin şumlandığını və həmin əraziyə arpa əkildiyini görmüşdür. Həmin əraziyə Hacıqabul rayonu Qubalıbaloğlan kəndində yaşayan Şirəli Bağırovun arpa əkdiyi ona məlum olmuşdur. Şirəlinin oğlu Ülviyə ona məxsus sahəyə arpa əkdiyini irad bildirdikdə, Zərərçəkmiş şəxs ona 2-ci Qarabağ müharibəsində iştiriak etdiyi üçün Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazinin verildiyini demişdir. Üllvi Bağırovdan torpaq sahəsinə dair sənədlərini təqdim etməyi xahiş etdikdə, Zərərçəkmiş şəxs həmin yerin Hacıqabul rayon İcra hakimiyyəti tərəfindən ona verdiyini bildirmişdir. 06 mart 2022-ci il tarixdə saat 13 radələrində fermada 300 baş xırda buynuzlu heyvanları (quzuları) suvarmaq üçün Ülvünün əkdiyi arpa sahəsinin yaxınlığından su arxına apardıqda Ülvünün arpa sahəsində olduğunu görmüşdür. Ülvünün yataq istiqamətə getdiyini görüb Ülvidən hansı səbəbdən yatağa getdiyini soruşmuşdur. Ülvi ona arpa sahəsinə baxmaq üçün gəldiyini demişdir. Həmin vaxtı xırda buynuzlu heyvanlar (quzular) Ülvinin əkdiyi arpa sahəsinə girmişlər. Heyvanın qarşısını alıb suvarmağa aparmışdır. Onların arasında sözlə mübahisə olmuş, lakin o, Zərərçəkmiş şəxs yumruqla vurmamış və ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs özü özünə xəsarət yetirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində qeydiyyyatdadır. 29 sentyabr 2020-ci il tarixdən etibarən 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Ona “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. 2021-ci ilin may ayında əkin torpaq sahəsi ailmaq üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişdir. 2021-ci ilin avqust ayında Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ona Hacıqabul rayonu Qubalıbaloğlan kəndi ərazisində 5,0 ha torpaq sahəsi verilmiş, sənədlərin sonradan təqdim ediləcəyini demişlər. Həmin 5,0 ha torpaq sahəsində arpa əkmişdir. Quba rayon sakini Şəxs Hacıqabul rayonu Qubalıbaloğlan kəndi ərazisində ferması vardır. Əhməd hər dəfə qoyun sürüsünü onun arpa əkdiyi sahədə otarır. 06 mart 2022-ci il tarixdə saat 13-14 radələrində Hacıqabul rayonu Qubalıbaloğlan kəndində yerləşən 5,0 ha arpa sahəsinə gedib baxdıqda Əhmədin 300 baş xırda buynuzlu heyvanların (quzuları) arpa sahəsində otlatdığını görmüşdür. Əhməddən quzuları arpa sahəsindən çıxarmağı tələb etmişdir. Əhməd xırda buynuzlu heyvanları (quzuları) arpa sahəsindən çıxarmadığı üçün gedib özü çıxarmağa başlamışdır. Həmin vaxtı Əhmədlə onun arasında mübahisə yaranmış, Əhməd yumruqla onun ağız nahiyyəsinə bir zərbə vurmuşdur. Şəxs tərəfindən arpa sahəsinin otarılması nəticəsində ona 2.000 manat maddi ziyan dəymişdir. Hazırda barışmamışdır və ona dəyən maddi zərərin əvəzi ödənilməmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 10.03.2022-ci il tarixli 43 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarəti - üst dodağın iç səthinin qançırı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə, müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Nar İstehsalçıları və İxracat Asossasiyasmm region üzrə aqranomu X3 08 mart 2022-ci il tarixdə tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs 5,0 ha payızlıq arpa əkini sahəsinə dəymiş ümumi ziyan 1210 (bir min iki yüz on) AZN civarında olmuşdur. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları, ekspert rəyi, cinayət işinin başlanması rədd edilməsi haqqında qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 28.03.2022-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs inzibati həbsin icrası yerinə çatdırılması Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-78/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-78/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver