Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-95/2025 04.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(009)-552/2025 saylı qərardadı ilə X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərazi aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixli ona verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair elektron etibarnaməyə əsasən “Ford Fusion” markalı **-KM-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərində xx.xx.2025-ci ildə saat 09:45 radələrində Üzeyir Hacıbəyli 69 a prospekti istiqamətində hərəkətdə olarkən Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 tərəfindən 1.8 yol nişanı (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) qaydalarının pozulması əsası ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Belə ki, Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 ona saxla əmri verib idarə etdiyi nəqliyyat vasitəsini saxladaraq bildirmişdir ki, o, 1.8 svetoforla nizamlama yol nişanının tələblərini pozub qırmızı işıqda keçmişdir. O, öz növbəsində YPX-nin inspektoru polis baş serjantı X3 qırmızı işıqda keçmədiyini və həmin video görüntüləri ona təqdim etməsini tələb etmişdir. Daha sonra YPX-nin inspektoru heç bir video görüntü təqdim etməyərək onun barəsində protokol tərtib etmişdir. O, protokolu imzalamaqdan imtina etmişdir. YPX inspektoru polis baş serjantı X4 protokoldan məhkəməyə şikayət etmək hüququ olduğunu bildirmişdir. Hazırda şikayətçi barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib olunsa da, həmin protokol üzrə xx.xx.2025-ci il tarixdə TP ******* saylı qərar çıxarılmış və həmin qərarla o, 100 manat 3 bal inzibati qaydada cərimə olunmuşdur. Belə ki, protokolla razılaşmadığı üçün həmin protokol müvafiq qanunverciliyə uyğun olaraq yaşadığı yer üzrə rayon məhkəməsinə göndərilməli idi. Lakin, Bakı Şəhəri DYPİ polis kapitanı X5 onun iştirakı olmadan qərar qəbul etmişdir. Şikayətçi hesab edir ki, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə xx.xx.2025-ci il tarixdə TP ******* saylı qərar qanunsuz olaraq çıxarılmışdır. Buna görə də, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixdə TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətini müdafiə etdi və izahatında bildirdi ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş elektron qərar əsasında qanunsuz olaraq cərimə yazılmışdır. Bu səbəbdən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixdə TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən səlahiyyətli orqana məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.2-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.6. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Azərbaycan Respublikası DİN BDYPİ-nin səlahiyyətli şəxsi tərəfindən elektron qaydada qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilir ki, X2 idarə etdiyi “Ford Fusion” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 09:49-da Bakı şəhəri, Ü.Hacıbəyli prospekti 69a ərazisində svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində X1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə qərar qəbul edilməklə 100 manat cərimə tətbiq edilmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi qanunla müəyyən edilmiş sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin kollegiyasinın xx.xx.2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.8-ci bəndinə əsasən YPXA inspektoru xidməti vəzifəsinin icrası ilə bağlı ona təhkim olunmuş bort-kompüterlərin DİN-in Baş X10 İdarəsinin mərkəzi informasiya sisteminə giriş şifrəsinin məxfiliyini təmin etməlidir. Ona məxsus şifrə vasitəsi ilə mərkəzi informasiya sisteminə daxil olmaqla digər əməkdaşlar tərəfindən hər hansı bir əməliyyatın aparılmasına görə həmin əməkdaşla yanaşı bort-kompüterin təhkim olunduğu YPXA inspektoru da məsuliyyət daşıyır. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXMnin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 122, 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-95/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-95/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver