Məhkəmə qərarları › İş №3(072)-120/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-120/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-120/2025 10.06.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Saatlı rayonu, Musalı kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Musalı kəndində qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 09 iyun 2025-ci il tarixdə, təxminən saat 20:45 radələrində Biləsuvar rayonu, 3 saylı qəsəbədə yerləşən Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasının nəzarət buraxılış məntəqəsinin qarşısında, uca səslə səs-küy salıb, ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Saatlı rayonu, Musalı kəndində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 09 iyun 2025-ci il tarixdə, qonşusu X1 idarə etdiyi “VAZ-2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıq sistemində nasazlıq olduğu üçün Cəbrayıl Rayon Polis X5 Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq avtomobil duracağına yerləşdirilmişdir. O, sərxoş olduğu üçün Biləsuvar rayonu, 3 saylı qəsəbədə yerləşən Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasının nəzarət buraxılış məntəqəsinin qarşısında uca səslə səs-küy salıb, ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişlər, lakin o, polis əməkdaşları ilə mübahisə etməyə başlamış və polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. O, 44 günlük “Vətən müharibəsi”ndə (İkinci Qarabağ müharibəsi) iştirak etmiş, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş Nazirinin müvafiq Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta törədir, eləcə də belə xoşagəlməz hadisəyə görə xəcalət hissi keçirir və baş verməsini arzu etməz idi. Gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qayda-qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis kiçik leytenantı İlahi İsayev tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış 3-13-70/1-4234/25 saylı, 09 iyun 2025-ci il tarixli raportdan görünür ki, Şəxs 09 iyun 2025-ci il tarixdə, saat 20:45 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasının nəzarət buraxılış məntəqəsinin qarşısında uca səslə səs-küy salıb, ünvansız və eləcə də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan AZA 013522 №-li, 09 iyun 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 09 iyun 2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X4 29 saylı, 09 iyun 2025-ci il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan MN ******* №-li, 10 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 09 iyun 2025-ci il tarixdə, təxminən saat 20:45 radələrində Biləsuvar rayonu, 3 saylı qəsəbədə yerləşən Cəbrayıl Rayon Polis Şöbəsinin inzibati binasının nəzarət buraxılış məntəqəsinin qarşısında, uca səslə səs-küy salıb, ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İ-24348 №-li “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 2711 saylı, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İ-18763 №-li “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 2712 saylı, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İ-21828 №-li “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 2714 saylı, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İ-69860 №-li “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Azərbaycan Respublikasının Baş Nazirinin 250s saylı, 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə Şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, xüsusilə 44 günlük “Vətən müharibəsi”ndə (İkinci Qarabağ müharibəsi) iştirak etməsini, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş Nazirinin müvafiq Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs oğlunun inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməli və dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar