Məhkəmə qərarları › İş №3(072)-122/2024

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-122/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-122/2024 15.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 17:30 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxx 1986-cı ildə Qubadlı şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “X5” Şirkətində “fəhlə” vəzifəsində işləyən (deməsinə görə), Qubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, 1-ci mkr., 13 saylı uşaq baxçasında yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-cc maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 14 avqust 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində sərxoş vəziyyətdə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman ucadan səs-küy salıb, ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 1-ci mkr., 13 saylı uşaq bağçasının inzibati binasında yaşayır və işğaldan azad edilmiş Laçın rayonunda fəaliyyət göstərən “X5” Şirkətində “fəhlə” vəzifəsində işləyir. Baş vermiş hadisə barədə bildirir ki, o, 14 avqust 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində Laçın rayonundan yaşadığı Sumqayıt şəhərinə gedən zaman Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda polis əməkdaşları müvafiq sənədlərinin olub-olmadığını yoxlamışlar. Lakin o, sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışmış və nizam-intizama, ictimai qaydaya əməl etməsini tələb etmişdir. Lakin o, polis əməkdaşları ilə mübahisə etməyə davam etmiş və polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda bildirir ki, o, hadisə zamanı sərxoş vəziyyətdə olduğu üçün hərəkətlərinin fərqinə varmayaraq, səs-küy salıb, ucadan ünvansız və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. O, Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etmişdir. Bundan başqa, o, ailəlidir və himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan uşağı vardır. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta törədir, eləcə də, belə xoşagəlməz hadisəyə görə xəcalət hissi keçirir və baş verməsini arzu etməz idi. Gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qaydaqanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis X4 Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış 3-13-70/1-5550/24 saylı, 14 avqust 2024-cü il tarixli raportdan görünür ki, Şəxs 14 avqust 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində sərxoş vəziyyətdə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postundan keçən zaman həmin postda xidməti vəzifələrini yerinə yetirən Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən yoxlanılmışdır. Bu zaman Şəxs sərxoş vəziyyətdə ucadan səs-küy salıb, ünvansız və eləcə də polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X2 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X3 36 saylı, 15 avqust 2024-cü il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs “ağır dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 14 avqust 2024-cü il tarix, saat 16:25-dir. İş materiallarında olan AZA 013501 №-li, 14 avqust 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədilə 14 avqust 2024-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuş və 15 avqust 2024-cü il tarixdə, saat 14:45-də azad edilmişdir. İş materiallarında olan MN ******* №-li, 15 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 14 avqust 2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində sərxoş vəziyyətdə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yerləşən 3 saylı komendant postunda Cəbrayıl Rayon Polis Şöbəsinin polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmi. AO ******* №-li, 05 oktyabr 2004cü il tarixli “hərbi bilet”in surətindən görünür ki, Şəxs Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, xüsusilə, Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar