Məhkəmə qərarları › İş №3(072)-180/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-180/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-180/2023 12.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 17:35 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şirinov Ceyhun Nəbi oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Cəbrayıl rayonu, Şıxalıağalı kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci və 590.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci və 590.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 20 iyun 2023-cü il tarixdə Şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, baxış zamanı 2 (iki) ədəd yivsiz odlu silahı (tüfəng) və 51 (əlli bir) ədəd patron aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşamışdır. Baş vermiş hadisə barədə bildirir ki, 20 iyun 2023-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən yaşadığı evin yataq otağından 1 (bir) ədəd 12 kalibirli, “YABAN HÜKÜMDAR” modelli, daxili çaxmaqlı, “519- H22YT-104” №-li, tək lüləli, yivsiz ov silahı, 1 (bir) ədəd 16 kalibirli, “B” modelli, xarici çaxmaqlı, “109110-66” №-li, qoşa lüləli, yivsiz ov silahı və 51 (əlli bir) ədəd müxtəlif kalibrli patron aşkar edilərək, götürülmüşdür. Onu da qeyd edir ki, 12 kalibirli, “YABAN HÜKÜMDAR” modelli, daxili çaxmaqlı, “519-H22YT-104” №-li, tək lüləli ov silahının saxlanması və təyinatı üzrə istifadə olunması üçün ona xüsusi icazə verilmiş, lakin 16 kalibirli, “B” modelli, xarici çaxmaqlı, “109110-66” №-li, qoşa lüləli ov silahının saxlanması üçün xüsusi icazə verilməmişdir. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh növü təyin olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 20 iyun 2023-cü il tarixli “Baxış” və “Götürmə haqqında” protokolların surətindən görünür ki, 20 iyun 2023-cü il tarixdə Şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, baxış zamanı 1 (bir) ədəd 12 kalibirli, “YABAN HÜKÜMDAR” modelli, daxili çaxmaqlı, “519-H22YT-104” №-li, tək lüləli, yivsiz ov silahı, 1 (bir) ədəd 16 kalibirli, “B” modelli, xarici çaxmaqlı, “109110-66” №-li, qoşa lüləli, yivsiz ov silahı və 51 (əlli bir) ədəd müxtəlif kalibrli patron aşkar edilərək, götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1095:1096:1097 saylı, 08 avqust 2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd “519- H22YT-104” yazıları həkk olunmuş silah-zavod üsulu ilə keçmiş Türkiyə Respublikasında istehsal olunmuş, patronluğunun uzunluğu 76 mm, 12 kalibirli, “YABAN HÜKÜMDAR” modelli “519-H22YT-104” №-li, daxili çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran) tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və atəş üçün yararlıdlır. 2. Tədqiqata təqdim edilmiş üzərində “109110-66” rəqəmləri həkk olunmuş silah-zavod üsulu ilə 1966-cı ildə keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, patronluğunun uzunluğu 70 mm, 16 kalibrli, “B” modelli, “109110-66” №-li, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. 3. Tədqiqata təqdim edilmiş 51 (əlli bir) ədəd müxtəlif kalibrli patronlar-21 ədədindən: 18 ədədinə digər atəş komponetləri ilə birlikdə diametrləri 4.50 mm olan 2 №li, 3 ədədinə diametrləri 4.25 mm olan 1 №-li qırmalar doldurulmaqla, zavod üsulu ilə hazırlanmışdır. 12 kalibrli olmaqla, 22 ədədindən: 11 ədədinə digər atəş komponetləri ilə birlikdə diametrləri 3.3 mm olan 3 №-li, 3 ədədinə dametrləri 4.0 mm olan 1 №-li, 2 ədədinə diametrləri 4.25 mm olan 0 №-li qırmalar, 6 ədədinə digər atəş komponetləri ilə birlikdə “Brenneke” tipli güllələr doldurulmaqla, zavod üsulu ilə hazırlanmışdır. 16 kalibrli olmaqla, 6 ədədindən: 4 ədədinə diametrləri 3 mm olan, 2 ədədinə diametrləri 3.03 mm olan, 5 №-li qırmalar doldurulmaqla, zavod üsulu ilə hazırlanmışdır. 20 kalibrli olmaqla, zavod üsulu ilə hazırlanmış gilizlərə malik olan metal gövdəli 2 ədədinə isə diametrləri 3 mm olan 5 №-li qırmalar kustar üsulla doldurulmaqla hazırlanmış, 16 kalibrli olmaqla, müvafiq olaraq həmin kalibirlərə malik olan, patronluqlarının uzunluğuı 76 mm-dək olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır. Həmin patronların plastmas gövdəli olan 49 ədədindən: 24 ədəd 1 müəssisədə (Sterling), 11 ədədi 1 müəssiədə (Bornaghi), 3 ədəd 1 müəssisədə (Yavaşçalar), 5 ədədi 1 müəssisədə (Azot), 4 ədəd 1 müəssisədə (Wolf), 2 ədəd 1 müəssisədə (ZuBeR) hazırlanmış, lakin üzərində istehsal olunduqları tarixə dair müvafiq işarə (yazı) olmadığına görə onların istehsal tarixini müəyyən etmək mümkün deyildir. Metal gövdəli patronların 2 ədədindən 1 ədədinin gilizi (həmin patronların kustar üsulla doldurulduqları nəzərə alınmaqla, 1974-cü ildə 1 müəssisədə (Tula patron zavodu), 1 ədədinin gilizi isə 1966-cı ildə başqa bir müəssisədə (Xarxov kondinsioner zavodu) hazırlanmışdır. Həmin patronların gövdələrinin ayrı-ayrı hissələrində, o cümlədən pistonları üzərində müəyyən bərk predmetə dəymə və öz kalibirlərinə və təyinatlarına uyğun silahlara doldurulub-boşaldırma prosesində yaranmağa xarakterik olan, səthi sıyrılma və batıq izləri vardır, lakin üzərində atəş prosesində odlu silahın hissə və mexanizmlərindən yaranmış izlər, o cümlədən pistonları üzərində atəş açılarkən yaranmağa xarakterik olan odlu silahın vurucusunun izi yoxdur, saz vəziyyətdədir və atəşə (istifadəyə) yararlıdırlar. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarın surətindən görünür ki,...fakt üzrə 19 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək, ibtidai istintaq aparılmışdır. 19 iyun 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs tutulmuşdur. 20 iyun 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 20 iyun 2023-cü il tarixdə Cəbrayıl Rayon Məhkəməsinin 4(072)-007/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Şəxs barəsində 4 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. 31 avqust 2023-cü il tarixdə Cəbrayıl Rayon Məhkəməsinin 4(072)-015/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Şəxs barəsində “məhkəmə-psixiatriya ekspertizası”nın aparılması üçün Azərbayan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X4 yerləşdirilmişdir. 29 sentyabr 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dəlalət edən ilkin sübutlar əsasında təqsirləndirilən şəxs cəlb edilərək, həmin tarixdə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarın surətindən görünür ki,...Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl rayon prokurorluğun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 tərəfindən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunması məqsədilə hazırki cinayət işindən ayrıca icraat ayrılmış və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cu maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən verilmiş 3-13-70/2- 4855/2023 saylı 12 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, 1. 1 (bir) ədəd 12 kalibirli, “YABAN HÜKÜMDAR” modelli, daxili çaxmaqlı, “519-H22YT-104” №-li, tək lüləli, yivsiz ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 09 iyun 2023-cü il tarixdə 1156 №-li şəhadətnamə ilə qeydiyyata alınmış və Şəxs ov silahına dair xüsusi icazə verilmişdir. 2. 1 (bir) ədəd 16 kalibirli, “B” modelli, xarici çaxmaqlı, “109110-66” №-li, qoşa lüləli, yivsiz ov silahı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyat yoxdur və Şəxs ov silahına dair xüsusi icazə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-13-70/2-4086/2023 saylı, 09 sentyabr 2023-ci il tarixli məktubundan görünür ki, 1 (bir) ədəd 12 kalibirli, “YABAN HÜKÜMDAR” modelli, daxili çaxmaqlı, “519-H22YT-104” №-li, tək lüləli, yivsiz ov silahı və 1 (bir) ədəd 16 kalibirli, “B” modelli, xarici çaxmaqlı, “109110-66” №-li, qoşa lüləli, yivsiz ov silahı silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat aşkar olmamışdır. İş materiallarında olan MN ******* №-li, 12 oktyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 20 iyun 2023-cü il tarixdə Şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş, baxış zamanı 2 (iki) ədəd yivsiz odlu silahı (tüfəng) və 51 (əlli bir) ədəd patron aşkar edilərək, götürülmüşdür. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci və 590.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini və səmimi peşamanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci və 590.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normalarında nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci və 590.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet (silah və onun sursatı) müsadirə edilməklə, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmet-1 (bir) ədəd 12 kalibirli, “YABAN HÜKÜMDAR” modelli, daxili çaxmaqlı, “519-H22YT- 104” №-li, tək lüləli, yivsiz ov silahı, 1 (bir) ədəd 16 kalibirli, “B” modelli, xarici çaxmaqlı, “109110-66” №-li, qoşa lüləli, yivsiz ov silahı və 51 (əlli bir) ədəd patron qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar