Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(072)-181/2023 18.10.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Şikayətçi Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin MN ******* saylı, 10 sentyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” qərarından verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Şikayətçi Şəxs tərəfindən məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin MN ******* saylı, 10 sentyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” qərarından şikayəti daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, şikayətçi Şəxs Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən qərardan şikayət və ya protest vermə müddətləri ilə bağlı qaydalara düzgün əməl etmədən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Belə ki, Şəxs şikayət ərizəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin müvafiq qərarının ona nə vaxt rəsmi qaydada verildiyini qeyd etməmiş, eləcə də buna dair məhkəməyə mötəbər sənəd təqdim etməmişdir. Beləliklə, qeyd edilən məsələ ilə şikayətçi Şəxs məhz hansı tarixdə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının rəsmi qaydada verildiyini şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərdə müəyyən etmək mümkün deyildir. Eləcə də şikayətçi Şəxs “prosessual müddətin bərpa edilməsi haqqında” vəsatətində qeyd etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etmədiyi üçün inzibati orqanın qərarından qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində şikayət verməməsində məhz hansı halların üzrlü səbəb olub-olmamasını müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Bundan başqa, məhkəmə şikayəti verən şəxsin inzibati orqanın müvafiq qərarından şikayəti və şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddələrinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, şikayətçi Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin MN ******* saylı, 10 sentyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” qərarından şikayəti Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət rədd edilməli, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayətçi Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin MN ******* saylı, 10 sentyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” qərarından şikayətin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilsin. Şikayətçi Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin MN ******* saylı, 10 sentyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” qərarından verilmiş şikayəti geri qaytarılsın. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(072)-181/2023
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №3(072)-181/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver