Məhkəmə qərarları › İş №3(072)-194/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №3(072)-194/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(072)-194/2025 24.10.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X3 tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X3 tərəfindən məhkəməyə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X1 böyük məsləhətçi-müfəttişi X7 tərəfindən göndərilmiş inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydalarına düzgün əməl edilmədən tərtib edilərək, Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X1 “böyük məsləhətçi-müfəttişi”nin vəzifəli şəxs kimi Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən “İnzibati xəta haqqında” protokol tərtib etmək səlahiyyətinə malik olub-olmaması məsələsi araşdırılmalıdır. Bundan başqa, inzibati xəta haqqında protokolun “inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti...” hissəsində inzibati xətanın törədildiyi vaxt qeyd edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilən zaman “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin... və izahatın məzmunu...” hissələrində göstərilmiş məlumatlar (adı, atasının adı, soyadı,) öz əksini tapmamış və izahat alınmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolun “olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin adı, atasının adı, soyadı, onların yaşadığı yerin ünvanı və izahatının məzmunu...” hissəsində olduğu halda göstərilmiş məlumatlar (adı, atasının adı, soyadı, yaşadığı yerin ünvanı və izahatının məzmunu) öz əksini tapmamış və izahat alınmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolun “inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar...” hissəsində iş üzrə əhəmiyyət kəsb edən digər məlumatların araşıdırılıb-araşdırılmaması və ya olub-olmaması barədə qeydlər öz əksini tapmamışdır. Beləliklə, qeyd edilən prosessual hüquq pozuntularına yol verilməklə “İnzibati xəta haqqında” protokol düzgün tərtib edilmədən, baxılması üçün aidiyyatı üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 4 saylı X1 rəisi X5 tərəfindən imzalanmış 06 saylı, 14 iyul 2025-ci il tarixli sərəncama əsasən “su qanunvericiliyinin tələblərinə riayət olunması haqqında araşdırma aparmaq” məqsədilə Xidməti 4 saylı X1 əməkdaşları (işçi qrupu) Biləsuvar rayonu ərazisində 5 (beş) gün müddətində araşdırma aparmalı və araşdırma nəticəsində müvafiq tədbirlər görməlidirlər. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq sahəsində “ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarına” riayət edilməsi hallarının yoxlanılması nəzərdə tutulmamışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən...qanunda nəzərdə tutulmuş müddətdə, yəni 2026-cı il yanvarın 1-dək yalnız enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda “ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarına” riayət edilməsinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yoxlanılması nəzərdə tutulmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun əsas məqsədi “qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq”, “sahibkarın təqsirsizlik prezumpsiyası” və “sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi” prinsiplərinə əsasən sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yoxlamalar aşağıdakı prinsiplər əsasında aparılır: 4.2.1. qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq; 4.2.2. sahibkarın təqsirsizlik prezumpsiyası; 4.2.3. yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı; 4.2.4. sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi; 4.2.5. yoxlamanın yoxlayıcı orqanın səlahiyyətinə uyğunluğu; 4.2.6. eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması; 4.2.7. yoxlamanın təşkili və aparılması barədə normativ hüquqi aktların və digər məlumatların sahibkar üçün açıqlığı; 4.2.8. yoxlamalar zamanı normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti; 4.2.9. qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü; 4.2.10. yoxlamanın yoxlayıcı orqan tərəfindən maliyyələşdirilməsi; 4.2.11. yoxlama səlahiyyətinə malik vəzifəli şəxslərin yüksək peşəkarlığı; 4.2.12. yoxlamalar sahəsində risklərin idarə olunması sisteminin və yoxlama suallarının siyahısının tətbiqi; 4.2.13. yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin (o cümlədən daxili nəzarətin) həyata keçirilməsi; 4.2.14. yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi; 4.2.15. yoxlanılan bütün sahibkarların hüquq və qanuni mənafelərinin bərabərliyi. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin 660 saylı, 26 oktyabr 2015-ci il tarixli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1-ci hissəsinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər: 1.1. sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının X4 tərəfindən yoxlanılması; 1.7. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi; 1.8. kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı “Toxumçuluq haqqında”, “Çayçılıq haqqında”, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş müvafiq tələblərə riayət olunmasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması. Həmin Siyahının 2-ci hissəsinə əsasən bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında hakim qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddələrinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X1 böyük məsləhətçi-müfəttişi X7 tərəfindən inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə riayət edilmədən tərtib edilərək, baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərildiyinə görə inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X2 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X1 böyük məsləhətçi-müfəttişi X7 tərəfindən tərtib edilmiş MN ******* №-li, 15 iyul 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı X2 geri qaytarılsın. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar