Məhkəmə qərarları › İş №3(072)-217/2023

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-217/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-217/2023 07.12.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 28 oktyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Biləsuvar rayonu, 2 saylı qəsəbədə şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır və Zərərçəkmiş şəxs yaşadığı qəsəbə sakini kimi tanıyır. Baş vermiş hadisə barədə bildirir ki, 28 oktyabr 2023-cü il tarixdə, təxminən saat 22:00 radələridə Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onu döydüyü üçün o da, özünü müdafiə edərək, Zərərçəkmiş şəxs döymüşdür. Mübahisəyə əsas səbəb Məzahirin ona göndərdiyi whatsapp telefon yazışmasında bacısı Şəbnəm xanımın ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Hesab edir ki, inzibati xəta haqqında material Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən düzgün araşdırılmamışdır. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən inzibati xəta haqqında materialın yenidən araşdırılması üçün Cəbrayıl Rayon Polis Şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır və Şəxs yaşadığı qəsəbə sakini kimi tanıyır. Baş vermiş hadisə barədə bildirir ki, 28 oktyabr 2023-cü il tarixdə, təxminən saat 22:00 radələrində Şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı onlar bir-birini döymüşlər. Mübahisəyə əsas səbəb Fəhminin bir neçə dəfə onun ailəsinin ünvanına nalayiq ifadələr işlətməsi və söz atması olmuşdur. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən Şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan MN ******* №-li, 07 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 28 oktyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Biləsuvar rayonu, 2 saylı qəsəbədə şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Cəbrayıl Rayon Polis X2 təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən cinayət işinin başlanması rədd edilmiş və onların əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün Cəbrayıl Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 840 saylı, 07 noyabr 2023-cü il tarixli “ekspert rəyi”ndən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər- 1. Sağ bazunun orta 1/3 hissəsinin ön səthində qançır bərk küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddəti 9-11 günə uyğun gəlir, müxtəlif şəraitlərdə, o cümlədən 28 oktyabr 2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. 2. Qeyd edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır, Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə təhqiqatı zamanı “özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs döyməsi...” barədə verdiyi izahatına hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta törətmiş şəxsin izahatı inandırıcı deyildir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs izahatı işin faktiki halları ilə təkzib olunduğu üçün onun izahatına tənqidi yanaşılmalı və izahatı özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsi və əməli etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar