Məhkəmə qərarları › İş №3(072)-219/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-219/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-219/2025 14.11.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ saat 17:55 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Masallı rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, “X3” yaşayış sahəsi, fərdi yaşayış evində yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 14 noyabr 2025-ci il tarixdə, saat 02:57 radələrində idarə etdiyi “HYUNDAİ-SONATA” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Cəbrayıl rayonu ərazisində yerləşən 3 saylı komendant postundan keçən zaman icazə portalının yoxlanılması üçün Cəbrayıl Rayon Polis X4 Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılmış və məlum olmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük hüququ) olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, “X3” yaşayış sahəsi, fərdi yaşayış evində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, o, 14 noyabr 2025-ci il tarixdə, axşam vaxtı Qubadlı rayonu ərazisində spirtli içki qəbul etməklə yeyib-içmişdir. Daha sonra, 14 noyabr 2025-ci il tarixdə, təxminən saat 02:57 radələrində iş yoldaşı X1 məxsus olan “HYUNDAİ-SONATA” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə və idarə etmək hüququ (sürücülük hüququ) olmadan sərxoş vəziyyətdə idarə edərək Cəbrayıl rayonu ərazisində yerləşən 3 saylı komendant postundan keçən zaman icazə portalının yoxlanılması üçün Cəbrayıl Rayon Polis X4 Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılmışdır. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X2 70 saylı, 14 noyabr 2025-ci il tarixli “İnsan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs “orta dərəcəli alkoqol sərxoşluğu” vəziyyəti müəyyən edilmiş və müayinənin yoxlanma tarixi: 14 noyabr 2025-ci il tarix, saat 04:12-dir. İş materiallarında olan Cəbrayıl Rayon Polis Şöbəsinin 3-13-70/2-8054/2025 saylı, 14 noyabr 2025-ci il tarixli arayışından görünür ki, Şəxs Cəbrayıl Rayon Polis X5 Polis Bölməsinin “WEB PORTAL” Sistemində sürücülük hüququnun olmadığı aşkar edilmişdir. İş materiallarında olan İXP ******* №-li, 14 noyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 14 noyabr 2025-ci il tarixdə, saat 02:57 radələrində idarə etdiyi “HYUNDAİ-SONATA” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Cəbrayıl rayonu ərazisində yerləşən 3 saylı komendant postundan keçən zaman icazə portalının yoxlanılması üçün Cəbrayıl Rayon Polis X4 Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılmış və məlum olmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük hüququ) olmadan sərxoş vəziyyətdə idarə etmişdir. (Qeyd: 14 noyabr 2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin müayinəsinə dair” xüsusi texniki vasitə ilə Şəxs “0.337 ‰ alkoqol sərxoşluğu” vəziyyət müəyyən edilmişdir.) Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda,inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və həbs etmənin əvvəli 14 noyabr 2025-ci il tarixdən hesablanmaqla, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati həbs” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 7 (yeddi) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 14 noyabr 2025-ci il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar