Məhkəmə qərarları › İş №3(072)-221/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərar — İş №3(072)-221/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(072)-221/2025 21.11.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Şahverənov Şükran Əlqəmə oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Biləsuvar rayonu, 4 saylı çadır şəhərciyində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında” protokola əsasən Şəxs müxtəlif tarixlər daxil olmaqla, sonuncu dəfə 03 noyabr 2025-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda “fastloto365.com” və digər internet saytlarında onlayn qumar oyununda iştirak etməklə, qazanc əldə etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır və fərdi əməklə məşğul olur. Baş vermiş hadisə barədə bildirir ki, o, müxtəlif tarixlərdə, eləcə də sonuncu dəfə isə 03 noyabr 2025-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda “fastloto365.com” və digər internet saytlarında ümumilikdə 100 (yüz) AZN məbləğində pul qoymaqla, onlayn qumar oyununda iştirak etmişdir. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bundan başqa, o, ailəlidir və himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı vardır. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Ramil Babayev tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudova ünvanlanmış 3-13-70/1-8801/25 saylı, 17 noyabr 2025-ci il tarixli raportdan görünür ki, 16 noyabr 2025-ci il tarixdə, saat 23 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən Şəxs müxtəlif saytlara daxil olmaqla qanunsuz olaraq onlayn qumar oyunlarında iştirak etməsi aşkar edilmişdur. İş materiallarında olan MN ******* №-li, 17 noyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs müxtəlif tarixlər daxil olmaqla, sonuncu dəfə 03 noyabr 2025-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda “fastloto365.com” və digər internet saytlarında onlayn qumar oyununda iştirak etməklə qazanc əldə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta əməlini ilk dəfə törətməsini, əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli və himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525ci ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet (qumara qoyulmuş 100 (yüz) manat pul vəsaiti) müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya Cəbrayıl Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar